PDF Oxu

Siyasət

  • 1 163

Azərbaycan və Qırğızıstan: iki dövlətin müttəfiqliyi Avrasiyanın yeni memarlığının bir hissəsinə necə çevrilir

image

Hələ bir neçə il əvvəl Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı əsasən iqtisadi diplomatiya və nəqliyyat əlaqəliliyinin inkişafı istiqaməti kimi qiymətləndirilirdi. Bu gün isə həmin əməkdaşlıq tamamilə yeni miqyas qazanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri Bakı ilə Bişkek arasında münasibətlərin ikitərəfli tərəfdaşlıq çərçivəsindən xeyli irəli getdiyini və Avrasiyada formalaşmaqda olan yeni regional memarlığın mühüm elementlərindən birinə çevrildiyini bir daha nümayiş etdirdi.

Bununla belə, bugünkü əməkdaşlıq səviyyəsi təsadüfən formalaşmayıb. Onun təməli hər iki dövlətin müstəqilliyinin ilk illərində qoyulub. Azərbaycan ilə Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Hələ həmin dövrdə ümummilli lider Heydər Əliyev Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın inkişafını müstəqil Azərbaycanın xarici siyasətinin strateji istiqamətlərindən biri kimi qiymətləndirirdi. Ortaq tarixi köklər, vahid türk mədəni məkanına mənsubiyyət və regional təhlükəsizlik məsələlərinə oxşar yanaşmalar ikitərəfli dialoqun ardıcıl inkişafı üçün möhkəm zəmin yaratdı. Bu uzunmüddətli strategiya bu gün dəyişən geosiyasi arxitektura və Avrasiyanın dünya siyasətində artan rolu fonunda yeni məzmun qazanır.
Münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi xüsusi diqqətə layiqdir. Beynəlxalq praktikada belə status yalnız yüksək siyasi etimadı deyil, həm də təhlükəsizlik, iqtisadiyyat, beynəlxalq siyasət və regional inkişaf məsələlərində mövqelərin əlaqələndirilməsinə hazır olmağı ifadə edir. Əslində söhbət iki dövlət arasında strateji əməkdaşlıq məkanını əhəmiyyətli dərəcədə genişləndirən davamlı qarşılıqlı dəstək sisteminin formalaşdırılmasından gedir.
Əməkdaşlığın iqtisadi ölçüsü də az əhəmiyyət daşımır. Azərbaycan–Qırğızıstan İnvestisiya Fondunun kapitalının 200 milyon ABŞ dollarına çatdırılması barədə qərar siyasi bəyanatlardan konkret birgə layihələrin həyata keçirilməsi mərhələsinə keçidi nümayiş etdirir. Dünyanın aparıcı gücləri arasında investisiya təsiri uğrunda rəqabətin gücləndiyi Mərkəzi Asiya üçün belə mexanizmlər xüsusi əhəmiyyət daşıyır. Onlar sənaye kooperasiyasının inkişafı, yeni istehsal sahələrinin yaradılması və uzunmüddətli iqtisadi əlaqələrin formalaşdırılması üçün əlverişli şərait yaradır.
Eyni zamanda əməkdaşlıq artıq ənənəvi sahələrlə məhdudlaşmır. Azərbaycan regionun aparıcı enerji ixracatçılarından biri olaraq qalmaqla yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafına və "yaşıl keçid" layihələrinin həyata keçirilməsinə də fəal şəkildə sərmayə yatırır. Böyük hidroenerji potensialına malik Qırğızıstan da enerji sektorunun şaxələndirilməsində maraqlıdır. Perspektivdə energetika, nəqliyyat infrastrukturu və dayanıqlı inkişaf sahələrində təcrübə mübadiləsi ikitərəfli tərəfdaşlığın daha bir mühüm istiqamətinə çevrilə bilər.
Azərbaycan–Qırğızıstan münasibətlərinin özünəməxsusluğu ondan ibarətdir ki, bu əlaqələr yalnız praqmatik maraqlara deyil, həm də qarşılıqlı etimad rəmzlərinə əsaslanır. Qırğızıstan Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı humanitar layihə həyata keçirən ilk Mərkəzi Asiya dövləti oldu və Ağdam rayonunda Manas adına məktəb inşa etdi. Prezident İlham Əliyevin dediyi kimi: "Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər".
Öz növbəsində Azərbaycan Qırğızıstanda İssık-Kul gölünün sahilində yerləşən beşulduzlu "Bakı" mehmanxana kompleksini inşa etməklə mühüm infrastruktur layihəsini reallaşdırdı. Bu təşəbbüsləri yalnız investisiya layihələri kimi qiymətləndirmək düzgün olmazdı. Onlar qarşılıqlı dəstəyin simvoluna çevrilərək hər iki dövlətin bir-birinin inkişafına töhfə verməyə hazır olduğunu nümayiş etdirdi.
Mədəni-humanitar əməkdaşlıq da münasibətlərin vacib istiqamətlərindən biri olaraq qalır. Çingiz Aytmatova həsr olunmuş birgə layihələr, Mədəniyyət Günlərinin təşkili, dostluq parklarının salınması və təhsil əlaqələrinin inkişafı "yumşaq güc" siyasətinin mühüm alətlərinə çevrilir. Məhz humanitar diplomatiya sonradan iri siyasi və iqtisadi təşəbbüslərin həyata keçirilməsi üçün etibarlı zəmin yaradan ictimai etimadı formalaşdırır.
Bununla belə, səfərin əsas nəticəsini onun daha geniş regional kontekstində axtarmaq lazımdır. Son illərdə Mərkəzi Asiya tədricən müstəqil beynəlxalq siyasi mərkəzə çevrilir, Azərbaycan isə bu regionu Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən təbii körpü rolunu möhkəmləndirir. Məhz buna görə də Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət formatında iştirakı adi dialoqun genişlənməsindən daha dərin məna daşıyır. Bu, Bakının regionun vahid strateji inkişaf məkanının ayrılmaz hissəsi kimi qəbul edildiyini göstərir.
Azərbaycan dövlət suverenliyini tam bərpa etdikdən sonra xarici siyasətini ənənəvi regional gündəlikdən kənarda daha fəal şəkildə inkişaf etdirmək imkanı əldə etdi. İşğaldan azad olunmuş ərazilərin bərpası diplomatik, iqtisadi və infrastruktur resurslarının beynəlxalq əlaqəliliyin inkişafına, Orta Dəhlizin təşviqinə və Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın gücləndirilməsinə yönəldilməsinə şərait yaratdı. Eyni zamanda Cənubi Qafqazda sülh gündəliyinin irəlilədilməsi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin tam normallaşması bütün region üçün əlavə sabitlik yarada, yeni nəqliyyat imkanları aça və Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Avropanı birləşdirən iri transmilli layihələrin həyata keçirilməsi üçün daha əlverişli şərait formalaşdıra bilər.
Dünya siyasi sisteminin transformasiyası fonunda məhz bu cür tərəfdaşlıqlar daha dayanıqlı xarakter daşıyır. Onlar situativ maraqlara deyil, coğrafi üstünlüklərin, ümumi iqtisadi layihələrin, tarixi yaxınlığın və uzunmüddətli strateji məqsədlərin uzlaşmasına əsaslanır. Bu mənada Azərbaycan ilə Qırğızıstanın müttəfiqliyi yalnız uğurlu ikitərəfli əməkdaşlıq modeli deyil, həm də Böyük Avrasiyada formalaşmaqda olan yeni geosiyasi memarlığın mühüm elementlərindən biridir. Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında qarşılıqlı bağlılıq gücləndikcə bu cür tərəfdaşlıqların əhəmiyyəti daha da artacaq, Azərbaycan isə vahid Avrasiya məkanının müxtəlif regionlarını birləşdirən əsas dövlətlərdən biri kimi mövqeyini daha da möhkəmləndirəcək.

Anastasiya Lavrina
YAP Gənclər Birliyinin üzvü

Digər xəbərlər