PDF Oxu

Siyasət

  • 655

Jurnalistlərin Beynəlxalq Həmrəyliyi - TƏHLİL

image

Sentyabrın 8-i Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür. Bu gün 1958-ci ildən etibarən, qeyd edilir. Həmin il Beynəlxalq Jurnalistlər Təşkilatının Buxarestdə keçirilmiş IV Konqresində bununla bağlı qərar qəbul olunmuşdur. Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilmişdir. Söz və məlumat azadlığının təmin olunması sahəsində həyata keçirilmiş məqsədyönlü siyasətin nəticəsində bu gün Azərbaycan kütləvi informasiya vasitələrinin sayına görə, MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik, azad mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının qurulması, iqtisadi müstəqilliyinin təmin edilməsi üçün geniş imkanlar yaranmışdır. Ölkəmizdə söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə Prezidenti çıxışlarının birində "Bütövlükdə, söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir", - deyərək söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulmasının Azərbaycanda çox vacib olan məsələlər olduğunu qeyd edib: "Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir".

Azərbaycan dövləti tərəfindən azad söz, azad mətbuat problemlərinind həlli istiqamətində addımlar atılır. Təbii ki, Azərbaycanda söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması Ulu Öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi.

SÖZ VƏ MƏTBUAT AZADLIQLARININ QANUNVERİCİLİK BAZASI

1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində gerçəkləşdi. Ulu Öndərin KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər milli mətbuatımızın tarixinin mühüm faktlarıdır. Ulu Öndər Heydər Əliyev ölkəmiz müharibə şəraitində yaşasa da, əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə, bütövlükdə, KİV üzərində dövlət senzurasını ləğv etdi. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu Fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi. Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqlarının möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin səyləri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasına tam şərait var. 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymətin təzahürü oldu. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləyib ki, ölkəmizdə mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncamı da məhz konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

DİQQƏT VƏ QAYĞI

Dövlət başçısının Azərbaycan Respublikasında nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə imzaladığı "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında" 22 iyul 2019-cu il tarixli Sərəncamı da dövlətimiz tərəfindən mətbuata ayrılan diqqətin və göstərilən qayğının növbəti bir nümunəsi idi. Sərəncama əsasən, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrıldı. Qeyd edək ki, dövlətimiz tərəfindən qəzetlərə ayrılan diqqət və qayğı sistemli və davalı xarakter daşıyır. "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında" 16 iyul 2018-ci il tarixli Sərəncamı da dövlətimiz tərəfindən mətbuata ayrılan diqqətin və göstərilən qayğının bir nümunəsi idi. Məlum Sərəncamla Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılmışdı. Məlumdur ki, Azərbaycan Prezidenti milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında 30 iyun tarixində Sərəncam imzaladı. Milli Mətbuat günündə isə Prezidentin imzaladığı bir sıra sərəncamları dövlətimizin milli mətbuatımıza olan diqqət və qayğısını bir daha təsdiqləmiş oldu. Dövlət başçısının sərəncamları ilə Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin bir sıra əməkdaşlarına fəxri adlar, mükafatlar verildi. Eləcə də, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək və Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə əlaqədar tədbirlər təşkil etmək üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 300,0 (üç yüz) min manat ayrıldı. Həmin Sərəncamla Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının "Azerspace-1" peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3.0 (üç) milyon manat ayrılıb. Bütün bunlar mətbuatımıza göstərilən diqqətin davamıdır.

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında" məlum Sərəncamına əsasən milli mətbuatımızın 150 illik yubileyi təntənə ilə qeyd edildi. Bütün bunlar, həm də təsdiqləyir ki, Azərbaycan hakimiyyəti bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir. Azərbaycan mediası hazırda bölgə üçün ən qabaqcıl nümunələrdən birinə çevrilib. Azərbaycan mətbuatı qloballaşan dünyada dəyərlərimizi, milli maraqlarımızın və mənafelərimizin qorunmasında daha məsuliyyətlidir. Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradıldı. Bu gün informasiya mühiti gündən-günə modernləşir, qabaqcıl texnologiyalar həyatımıza daxil olur. Belə bir zamanda mətbuatımızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkarlıqla məlumatlandırmaq kimi məsuliyyətli vəzifə dayanır.

Bu gün ən həssas dönəmlərdə jurnalistlər birləşməyi bacarır. Eyni yerə yumruq vurur. Son dövrün hadisələri bunu bir daha ortaya qoymuş oldu. Əlbəttə ki, iki cəbhədə ən çətin zamanlarda vuruşan Azərbaycanda bütün xalqımız, eləcə də jurnalistlər həmrəy oldular. Koronavirusla mübarizə və 44 günlük Vətən müharibəsi. Ağır dönəm olsa da birləşməyi bacardıq. Ən qaynar nöqtələrdən mətbuat işçilərinin səsi eşidildi. İki jurnalistimiz Kəlbəcərdə mina partlayışının qurbanına çevriləndə media həmrəyliyi ən yüksək formada özünü göstərdi. Bir cəbhədən - 44 günlük Vətən müharibəsindən Zəfərlə çıxdıq. Qısa bir zamanda pandemiyaya da qalib gəldik. Müharibə zamanı, hətta beynəlxalq aləmin mətbuatı da bizimlə həmrəy oldular. Jurnalistlər cəmiyyətdəki mənfiliklərə, öz həmkarlarının problemlərinə biganə qalmırlar. 44 günlük Vətən müharibəsində dünyanın bir cox nöqtələrindən gələn jurnalistlər ən qaynar nöqtələrdən reportajlar hazırlayaraq, erməni vəhşiliyini dünya ictimaiyyətinə təqdim etdilər. Azərbaycan həqiqətlərini dünyaya çatdırdılar, erməni xisləti ilə bəşər övladını tanış etdilər. Bu əlbəttə ki, birgə həmrəyliyə, əməkdaşlığa söykənir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər