BMT Baş Assambleyası sentyabrın 4-də BMT Baş Assambleyası qitələrin ölçülərini daha dəqiq əks etdirən xəritələrin istifadəsi ilə bağlı qətnamə qəbul edib. Bu barədə BMT Xəbər Xidmətinin məlumat yayıb. Məlumata görə, 164 dövlət qətnamənin lehinə səs verib. ABŞ əleyhinə səs verən yeganə ölkə olub. Estoniya, Gürcüstan, Litva, Moldova, Serbiya və Ukrayna bitərəf qalıb.
Ənənəvi dünya xəritələrinin əvəz edilməsi təklifi Toqonun rəhbərlik etdiyi Afrika dövlətləri tərəfindən irəli sürülüb.Qətnamə hökumətləri, məktəbləri, beynəlxalq təşkilatları və texnologiya şirkətlərini ərazilərin nisbi ölçülərini nəzərə almaq vacib olduğu hallarda Bərabər Yer proyeksiyasından və digər bərabər sahəli xəritələrdən istifadə etməyə çağırır. Sənəd tövsiyə xarakteri daşıyır və Merkator proyeksiyasını qadağan etmir. Flamand kartoqrafı Gerardus Merkator öz proyeksiyasını 1569-cu ildə dəniz naviqasiyası üçün hazırlamışdır. Onun xəritəsindəki düz xətlər sabit kompas istiqamətlərinə uyğun gəlir və dənizçilər onlardan marşrutlar çəkmək üçün istifadə edə bilirdilər.
Qətnamədə bildirilir ki, bu cür təhriflər Afrikanın "simvolik azalmasına" töhfə verib və dünyaya qeyri-bərabər baxışı dəstəkləyib.Toqo xarici işlər naziri Robert Dussi qeyd edib ki, bu qətnamə Merkator proyeksiyasına qarşı yönəlməyib. "Bərabər Yer xəritəsi dünyanın coğrafiyasını dəyişdirmir - dünyaya baxışımızı dəyişir", - deyə o bildirib.
Amerika Birləşmiş Ştatları təşəbbüsü siyasi xarakterli elan edərək, onu "daha böyük və daha radikal ideoloji layihənin" bir hissəsi adlandırıb.
Səsvermədə bitərəf qalan Ukrayna Afrikaya və Qlobal Cənubun digər hissələrinə təsir edən tarixi təhrifləri düzəltmək səylərini dəstəklədiyini bildirib, lakin Bərabər Yerdən istifadə edən bəzi xəritələrdə Rusiyanın işğal etdiyi Ukrayna ərazilərinin təsvir edilməsinə etiraz edib.
Avropa İttifaqı qətnaməni dəstəkləyib, lakin oxşar narahatlıqlarını ifadə edib. AB adından çıxış edən İrlandiya tədbirin yalnız ərazilərin nisbi ölçülərinə aid olduğunu və heç bir şəkildə suverenlik, ərazi statusu və ya beynəlxalq səviyyədə tanınmış sərhədlər məsələlərinə toxunmadığını vurğulayıb. AB nümayəndəsi həmçinin bildirib ki, qətnamənin dəstəklənməsi Bərabər Yer veb saytında təqdim olunan xəritələrin avtomatik olaraq təsdiqlənməsi demək deyil.
İlham