PDF Oxu

Siyasət

  • 418

Zəfər tariximizin qəhrəman şəhərləri milli yaddaşdan böyük qayıdıça

image

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası tariximizin qürur dolu səhifəsi olmaqla bərabər ayrı-ayrılıqda hər bir azad olunmuş şəhərimizin taleyində də yeni səhifə açmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 18.09.2024-cü il tarixli Sərəncamla qeyd olunmağa başlayan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü bu unudulmaz tarixlərdən biri olmaqla xüsusi və dərin məna kəsb edir. Bir vaxtlar işğal tarixləri ilə milli yaddaşımızın hüznlü səhifəsinə çevrilən Xocalı, Şuşa, Laçın və digər şəhərlərimizin bu gün artıq yeni səhifəsi yazılır: inkişaf və intibah səhifəsi.

Bu gün artıq işğaldan azad edilmiş hər şəhərimizn öz xüsusi günü var. 20 sentyabr tarixini onlardan fərqləndirən xüsusiyyət hərb və diplomatiyanın bir müstəvidə birləşməsidir. Bu əlamətdar günün təsis olunması şəhidlərimizin qanı bahasına əldə edilən qələbənin diplomatiya masasında qeyd-şərtsiz təsdiqinin sübutudur.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması bu şəhərlərə yeni həyat bəxş etmişdir. 2024-cü il sentyabrın 18-də imzalanmış Sərəncama əsasən hər il 20 sentyabr tarixi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi ölkəmizdə təntənə ilə qeyd olunur. Adı bir Zəfər tarixində birləşən bu dörd şəhərin hər birinin tarixi yaddaşdan Böyük Qayıdışa qədər keçən özünəməxsus inkişaf yolu olmuşdur.

Xankəndi şəhəri Qarabağ xanlığının paytaxtı, mədəniyyətlərin beşiyi kimi əhəmiyyət daşısa da 30 ilə yaxın müddətdə işğal altında qaldığı dövrdə tənəzzül keçirmişdir. Yalnız azad edildikdən sonra yenidən dirçəlmiş, elm və mədəniyyət mərkəzinə çevrilmişdir. Ölkə başçısının 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxsinin yaradılması regionda yüksəkixtisaslı kadrların hazırlığının formalaşdırılması, eləcə də sosial rifahın yüksəldilməsi və iqtisadi potensialın gücləndirilməsində bu tarixi şəhərin əhəmiyyətini ön plana çıxarmaqla bərabər soydaşlarımızın doğma yurd yerlərinə Böyük Qayıdışını da sürətləndirmişdir. Təkcə bir faktı demək kifayətdir ki, 2026-cı il avqust ayının 17-nə qədər Xankəndi şəhərində 76 ailə, 332 nəfər, Kərkicahan qəsəbəsində 43 ailə, 174 nəfər olmaqla cəmi 119 ailə, 506 nəfər məskunlaşmışdır və bu proses davam etdirilir. Ölkə Prezidentinin Xankəndiyə 16 səfəri bu şəhərin inkişaf tarixinə mühüm töhfə vermiş, onun regional və tarixi əhəmiyyətini beynəlxalq səviyyəyə qaldırmışdır. III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə, Pakistan Baş Naziri, Özbəkistan prezidenti ilə görüş, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi yuxarıda qeyd edilən fikirləri təsdiq edir.

Ağdərə şəhəri 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək yaradılmış eyniadlı rayonun mərkəzinə çevrildikdən sonra inkişafı sürətlənmiş, Böyük Qayıdışın başlıca obyektlərindən birinə çevrilmişdir. Ağdərə rayonunun müxtəlif kəndlərində məskunlaşma faizinin getdikcə artan miqdarında bu inkişafı izləmək olar: Talış kəndində 20 ailə, 90 nəfər, Həsənriz kəndində 292 ailə, 1.150 nəfər, Suqovuşan kəndində 180 ailə, 592 nəfər, Kolatağ kəndində 36 ailə, 139 nəfər, Vəngli kəndində 151 ailə, 602 nəfər, Heyvalı kəndində 46 ailə, 205 nəfər, Çapar kəndində 40 ailə, 143 nəfər, Aşağı Oratağ kəndində 111 ailə, 501 nəfər, Çıldıran kəndində 41 ailə, 165 nəfər olmaqla cəmi 917 ailə, 3.587 nəfər məskunlaşmışdır.

Xocavənd şəhərinin tarixində də eyni inkişaf marafonunun izləmək mümkündür. Rayonun ərazisindəki Azıx, Tağlar mağaraları Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən olduğunu göstərir. Lakin işğal dövründə bir çox abidələrimiz kimi bu abidələr də qanunsuzluqlara, dağıntılara məruz qalmışdır. Azad edildikdən sonra bu regionda yeni infrastrukturlar yaradılmış, Prezident tərəfindən bu bölgəyə edilmiş 12 dəfə səfərin hər biri burada mədəni irsin qorunmasına, insanların sosial rifahının gücləndirilməsinə, müxtəlif sahələr üzrə inkişafın intensivləşməsinə və məskunlaşmanın genişləndirilməsinə stimul vermişdir.

Xocalı şəhəri bir vaxtlar Xocalı-Gədəbəy mədəniyyəti ilə Azərbaycan sərhədlərindən kənarda da məşhurlaşmışdır. Lakin 1992-ci il 26 fevralda burada erməni dəstələrinin törətdiyi soyqırım şəhərin taleyinə faciə kimi yazılmışdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu tərəfindən qazanılan parlaq Zəfər Xocalının tarixinin bu kədərli səhifəsini qürur dolu qəhrəmanlıq salnaməsi ilə əvəz etmişdir. Bu gün Xocalı inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Burada yaradılan müxtəlif infrastruktur, tikilən çoxmənzilli binalar, hava limanının yaradılması ona yeni inkişaf impulsları gətirmişdir. Xocalı Soyqırımı Memorialının açılış tarixi isə qan yaddaşımızı unutmamağın ən bariz nümunəsidir. Prezident tərəfindən edilən 12 səfər çərçivəsində Xocalının inkişafı üçün mühüm əhəmiyyətli işlər həyata keçirilmişdir. Bu tədbirlərin nəticəsi olaraq bir vaxtlar qovulub didərgin salınan Xocalı sakinləri öz doğma yurduna geri qayıdır. Böyük Qayıdışın bu bölgədə bu vaxta qədərki kəmiyyət göstəricisi şəhər və ayrı-ayrı kəndlərdə məskunlaşan ailələr üzrə aşağıdakı nisbətdə olmuşdur: Xocalı şəhərində 144 ailə, Ballıca kəndində 246 ailə, Xanyurdu kəndində 140 ailə, Təzəbinə kəndində 180 ailə, Şuşakənd kəndində 116 ailə, Badara kəndində 109 ailə, Seyidbəyli kəndində 77 ailə, Daşbulaq kəndində 44 ailə, Xanabad kəndində 111 ailə olmaqla cəmi 1.167 ailə, ümumilikdə 4.841 nəfər yerli sakin məskunlaşmışdır.

Nəticə olaraq, eyni gündə azad olunmuş bu dörd şəhər öz əzəli sakinlərinə yenidən qovuşur. Tarixi yaddaşdan süzülüb gələn mədəni dəyərlərini qoruyub saxlayan bu şəhərlərin taleyinə bəzən düşmənə işğalçılara qarşı qeyri-bərabər mübarizəni birgə aparmaq, bəzən də qələbənin müjdəsini birlikdə və eyni tarixdə yaşamaq da düşmüşdür. Bu gün bu dörd şəhər azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın da sevincini birlikdə yaşayır.

Ölkəmizdə Şəhərsalma və Memarlıq İli çərçivəsində həyata keçirilən quruculuq işləri bu şəhərlərin də tarixi simasını qorumaq və bərpa etməklə bərabər müasir memarlıq quruluşu verməklə ənənəviliklə müasirliyin sintezinin Azərbaycan modelini yaratmışdır.

Zeynəb Quliyeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,

YAP Naxçıvan şəhər təşkilatının

AMEA Naxçıvan Bölməsi üzrə ƏPT sədri

Digər xəbərlər