Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında 19 sentyabr 2024-cü il tarixli Sərəncam bu tarixi həqiqətin dövlət səviyyəsində təsdiqidir. Sentyabrın 20-də qeyd olunan bu əlamətdar gün Azərbaycan xalqının milli dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyır. Çünki dövlət suverenliyi yalnız ərazi üzərində hakimiyyətin həyata keçirilməsi deyil, həm də xalqın öz taleyini müəyyən etmək, milli maraqlarını qorumaq və müstəqil inkişaf yolunu seçmək hüququdur. Azərbaycanın dövlət suverenliyinin tam bərpası uzunmüddətli və mürəkkəb tarixi prosesin nəticəsidir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qarşısında mühüm vəzifələr dayanırdı. Ölkənin ərazi bütövlüyünün təmin edilməsi, işğal olunmuş torpaqların azad edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi və beynəlxalq münasibətlər sistemində müstəqil mövqeyinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərini təşkil edirdi. Azərbaycan xalqı müstəqillik tarixinin müxtəlif mərhələlərində ciddi sınaqlarla üzləşmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, yüz minlərlə insanın öz doğma yurdlarından didərgin düşməsi, şəhər və kəndlərin dağıdılması, tarixi və mədəni irsə zərər vurulması dövlət suverenliyimizə qarşı ən ağır təhdidlərdən biri olmuşdur. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb edilsə də, uzun illər ərzində bu sənədlərin icrası təmin edilməmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə əlaqədardır. 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərin böyük hissəsini azad etmiş, hərbi-siyasi üstünlük əldə etmişdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilmişdir. Beləliklə, Azərbaycan öz hərbi gücü və siyasi iradəsi ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrində əksini tapmış tələblərin yerinə yetirilməsinə nail olmuşdur.
Bu Zəfər Azərbaycanın regional və beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə gücləndirmişdir. Ölkəmiz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, regional təhlükəsizlik və əməkdaşlıq gündəliyinin formalaşmasında daha fəal rol oynamağa başlamışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın müstəqil qərarvermə imkanlarını, milli maraqlarını qorumaq əzmini və dövlətçilik potensialını bir daha nümayiş etdirmişdir.
Dövlət suverenliyinin tam təmin edilməsi istiqamətində mühüm addımlardan biri 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində Azərbaycan sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması olmuşdur. Bu addım Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri daxilində təhlükəsizlik və nəzarət funksiyalarını həyata keçirmək hüququnun təmin olunması baxımından əhəmiyyətli idi. Azərbaycanın öz ərazisində sərhəd nəzarətini həyata keçirməsi beynəlxalq hüququn əsas prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət tələblərinə uyğun olmuşdur.
2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda başlanan lokal xarakterli antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpasında həlledici mərhələ təşkil etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına görə, tədbirlər 23 saat 43 dəqiqə davam etmişdir. Azərbaycan Ordusu qarşısında duran vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmiş, separatçı silahlı birləşmələrin fəaliyyətinə son qoyulmuş və həmin ərazilərdə Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası təmin edilmişdir.
2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması müasir dövlətçilik tariximizin mühüm hadisəsidir. Bu tarix Prezident İlham Əliyevin Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə vurğuladığı kimi, Azərbaycanın öz suverenliyini tam təmin etməsinin rəmzinə çevrilmişdir. Azərbaycan Prezidenti həmin görüşdə qeyd etmişdir: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir”. Bu ifadə Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlandığını aydın şəkildə göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də Dövlət Suverenliyi Gününün qeyd olunması təsis edilmişdir. Bu qərar müstəqilliyin bərpasından dövlət suverenliyinin tam təmin edilməsinə qədər keçilən tarixi yolun məntiqi nəticəsidir. Dövlət Suverenliyi Gününün təsis edilməsi 2020-ci il Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü il antiterror tədbirlərinin və Azərbaycanın müstəqil dövlətçilik yolunun əhəmiyyətini bir daha vurğulayır.
Dövlət suverenliyi ilə Konstitusiya arasında sıx qarşılıqlı əlaqə mövcuddur. Konstitusiya dövlətin hüquqi əsaslarını, hakimiyyətin təşkili prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını müəyyən edir. Suverenlik isə bu hüquqi və siyasi sistemin müstəqil dövlət tərəfindən həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu iki fundamental anlayışın dövlətçilik baxımından əhəmiyyətini ifadə edir.
Prezident cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələlərinin ictimai-siyasi müstəvidə daha dərindən öyrənilməsinə, hüquqi dövlət və milli dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinə xidmət etmişdir. Bu təşəbbüs suverenliyin yalnız tarixi Zəfər kimi deyil, həm də gündəlik dövlət idarəçiliyində, hüquqi təminatlarda, sosial-iqtisadi inkişafda və vətəndaş cəmiyyətinin fəaliyyətində özünü göstərən fundamental dəyər olduğunu nümayiş etdirir. Tam suverenlik şəraitində Azərbaycanın qarşısında yeni strateji vəzifələr dayanır. İşğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış proqramının həyata keçirilməsi, dayanıqlı məskunlaşmanın təmin edilməsi, müasir infrastrukturun yaradılması və iqtisadi potensialın reallaşdırılması bu vəzifələrin mühüm istiqamətləridir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın hərbi Zəfərini davamlı sülhə, sosial rifaha və iqtisadi inkişafa çevirmək əzminin göstəricisidir. Dövlət suverenliyinin bərpası Azərbaycanın xarici siyasətində də yeni imkanlar yaradıb. Azərbaycan müstəqil xarici siyasət kursunu davam etdirərək regional və qlobal məsələlərdə milli maraqlarını müdafiə edir, beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirir. Suverenlik ölkəmizin beynəlxalq hüququn əsas prinsiplərinə, dövlətlərin ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq tələblərinə əsaslanan mövqeyinin möhkəmlənməsinə imkan verir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlət kimi regionda sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyinin formalaşdırılmasında fəal iştirak edir. Bu baxımdan, Dövlət Suverenliyi Günü Azərbaycanın yalnız keçmişdə əldə etdiyi tarixi nailiyyətləri xatırlamaq üçün deyil, gələcək inkişaf hədəflərini müəyyənləşdirmək üçün də mühüm əhəmiyyət daşıyır. Suverenliyin qorunması və möhkəmləndirilməsi dövlət institutlarının səmərəli fəaliyyəti, qanunun aliliyinin təmin edilməsi, iqtisadi müstəqilliyin gücləndirilməsi, milli həmrəyliyin qorunması və gənc nəslin dövlətçilik ruhunda tərbiyəsi ilə sıx bağlıdır.
Bu gün Azərbaycan xalqı ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin edilmiş ölkədə yaşayır. Dövlət sərhədlərinin toxunulmazlığı, bütün ərazilərdə konstitusiya quruluşunun və dövlət hakimiyyətinin təmin olunması Azərbaycanın qarşısında yeni strateji imkanlar açır. Qarşıdakı əsas vəzifə əldə edilmiş tarixi nailiyyətləri qorumaq, dövlətçiliyi daha da möhkəmləndirmək, iqtisadi və sosial inkişafı sürətləndirmək, ölkənin beynəlxalq mövqelərini gücləndirmək və dayanıqlı sülhün təmin olunmasına töhfə verməkdir. 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması Azərbaycan dövlətinin keçdiyi tarixi yolun məntiqi yekununu ifadə edir. Bu gün xalqımızın müstəqillik və dövlətçilik iradəsinin, qəhrəman Ordumuzun şücaətinin, şəhidlərimizin müqəddəs qanının və Azərbaycan dövlətinin qətiyyətli siyasətinin yaratdığı tarixi reallığın simvoludur. Ən başlıcası isə bu tarix Azərbaycanın öz taleyinə sahib çıxan, ərazi bütövlüyünü və suverenliyini tam təmin edən güclü və müstəqil dövlət kimi gələcəyə inamla addımladığını nümayiş etdirir.
Mehman Ramazanov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini