Azərbaycanın müasir dövlətçilik tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, həm də xalqın gələcəyini və dövlətin inkişaf istiqamətini müəyyən edir. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi məhz belə tarixi hadisələrdəndir. Bu, mürəkkəb ictimai-siyasi şəraitdə milli məsuliyyətdən irəli gələn, xalqın iradəsini və dövlətçilik maraqlarını ifadə edən mühüm siyasi qərar idi.
XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan ciddi sınaqlarla üzləşmişdi. 1991-1992-ci illərdə siyasi qeyri-sabitlik, hakimiyyət böhranı, idarəetmədə səriştəsizlik, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı müstəqilliyimizi təhlükə qarşısında qoymuşdu. Belə bir şəraitdə dövlətçiliyin qorunması, milli birliyin təmin edilməsi və ölkənin böhrandan çıxarılması üçün güclü siyasi iradəyə və xalqın etimadını qazanmış liderə ehtiyac yaranmışdı.
Məsuliyyətli addım və doğru qərar - “91-lər”in tarixi müraciəti
1992-ci ilin oktyabrında Azərbaycanın tanınmış ziyalılarının, alimlərinin və ictimai-siyasi xadimlərinin Ulu Öndər Heydər Əliyevə müraciəti ölkənin siyasi tarixində mühüm hadisəyə çevrildi. “91-lər”in müraciəti milli məsuliyyətin, siyasi uzaqgörənliyin və dövlətçilik təfəkkürünün təzahürü idi. Bu təşəbbüsdə Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinə və xalq qarşısındakı tarixi xidmətlərinə əsaslanaraq yeni siyasi qüvvənin yaradılması zərurəti ifadə olunurdu.
Yeni Azərbaycan Partiyasının yaradılması dövrün ictimai-siyasi reallıqlarından irəli gələn obyektiv zərurət idi. Bu təşəbbüs ölkənin gələcəyinə biganə qalmayan insanların milli maraqları hər şeydən üstün tutduqlarını nümayiş etdirən tarixi addım oldu.
21 noyabr 1992-ci il - tarixi qərarın qəbul edildiyi gün
1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransı Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Konfransda partiyanın yaradılması rəsmiləşdirildi, Nizamnaməsi və Proqramı qəbul edildi, Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. Bu qərar xalqın böyük etimad göstərdiyi lider ətrafında milli qüvvələrin birləşməsinin təcəssümü idi. Təsis konfransı yalnız yeni siyasi təşkilatın yaranması deyil, Azərbaycanın gələcəyinə dair aydın siyasi baxışın, milli maraqlara əsaslanan inkişaf strategiyasının və dövlətçiliyin qorunmasına yönəlmiş qətiyyətli iradənin ifadəsi idi.
Siyasi meydanın lideri və cəmiyyətin aparıcı qüvvəsi
Yeni Azərbaycan Partiyasının yaranması ilə Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyaları ölkənin ictimai-siyasi həyatında yeni məzmun qazandı. 1993-cü ildə xalqın təkidli tələbi ilə onun siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində həlledici dönüş nöqtəsi oldu. Ölkədə siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi islahatların həyata keçirilməsi və milli təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycan parçalanmaq təhlükəsindən xilas olaraq inkişaf yoluna qədəm qoydu. Yeni Azərbaycan Partiyası da bu tarixi proseslərin aparıcı siyasi qüvvəsinə çevrildi. Onun cəmiyyətdə qazandığı nüfuz milli həmrəyliyin, dövlətçilik düşüncəsinin və ümummilli maraqların ifadəsi kimi formalaşdı.
Siyasi mədəniyyətin inkişafında yeni səhifə
Yeni Azərbaycan Partiyasının gücü xalqla bağlılığından və cəmiyyətin etimadından qaynaqlanır. Partiya üzvlərini səciyyələndirən əsas keyfiyyətlər Vətənə sədaqət, dövlətçilik prinsiplərinə bağlılıq və ümummilli maraqların qorunmasına məsuliyyətli yanaşmadır. Bu gün 769 811 üzvü birləşdirən YAP ölkənin ictimai-siyasi həyatında mühüm mövqeyə malikdir. Peşəkarlıq, işgüzarlıq, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış, milli dəyərlərə hörmət, innovativ yanaşma və müasirlik partiyadaxili münasibətlərin əsas meyarlarıdır. Bu prinsiplər təşkilati inkişafla yanaşı, demokratik siyasi mədəniyyətin möhkəmlənməsinə də xidmət edir.
YAP-ın VII qurultayı - yeni strateji mərhələ
2021-ci il martın 5-də keçirilən YAP-ın VII qurultayı partiyanın inkişafında mühüm mərhələ oldu. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra formalaşan yeni ictimai-siyasi və geosiyasi reallıqlar partiyanın fəaliyyətində də müasir yanaşmaların tətbiqini zəruri edirdi. Qurultayda qəbul olunan qərarlar və yenilənmiş Proqram partiyanın gələcək fəaliyyətinin strateji istiqamətlərini müəyyənləşdirdi. Proqramda on əsas dəyər və prinsip - Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı təsbit olundu. Bununla yanaşı, Heydər Əliyev irsinin təbliği, güclü iqtisadiyyat və davamlı inkişaf, insan kapitalının inkişafı, sosial ədalət, vətəndaş cəmiyyətinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, milli maraqların müdafiəsi, ordu quruculuğu və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış daxil olmaqla 11 strateji hədəf müəyyən edildi.
Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır
Yeni Azərbaycan Partiyasının tarixində mühüm xüsusiyyətlərdən biri siyasi varislik prinsipidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan iqtisadi qüdrətini artırıb, beynəlxalq mövqelərini möhkəmləndirib və müdafiə qabiliyyətini yüksəldib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası bu siyasi kursun möhtəşəm nəticələridir. Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri milli həmrəyliyin və dövlətçilik maraqlarının üstünlüyünü ifadə edir. Dövlət başçısının həmin qurultayda vurğuladığı kimi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra yeni ictimai-siyasi və geosiyasi şərait partiyanın qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Son seçkilərin nəticələri isə YAP-ın cəmiyyətdəki mövqeyini və xalqın ona göstərdiyi etimadı nümayiş etdirir.
Tarixi missiyadan gələcəyə uzanan yol
Yeni Azərbaycan Partiyasının 34 illik tarixi göstərir ki, onun yaranması dövrün siyasi zərurətindən doğsa da, fəaliyyəti zamanla ümummilli əhəmiyyət daşıyan dövlətçilik missiyasına çevrilib. 1992-ci il noyabrın 21-də atılmış tarixi addımın mahiyyəti bu gün Azərbaycanın müstəqil, suveren və qalib dövlət kimi mövcudluğunda, milli maraqlarını qətiyyətlə müdafiə etməsində və gələcəyə inamla irəliləməsində öz əksini tapır.
Beləliklə, Yeni Azərbaycan Partiyasının təsis konfransı müasir Azərbaycan dövlətçiliyinin formalaşmasına və inkişafına istiqamət verən mühüm tarixi mərhələdir. “91-lər”in müraciəti ilə başlanan bu siyasi proses Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi altında dövlətçilik strategiyasına çevrilmiş, Prezident İlham Əliyevin liderliyi ilə tarixi Zəfərə və yeni inkişaf mərhələsinə qədər yüksəlmişdir.
Bu gün YAP-ın əsas missiyası dövlət müstəqilliyinin və suverenliyin möhkəmləndirilməsi, xalq-dövlət birliyinin qorunması və Azərbaycanın strateji hədəflərinin gerçəkləşdirilməsinə töhfə verməkdir. Ulu Öndərin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi ölkəmizin gələcək inkişafının mühüm təminatıdır.
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri