PDF Oxu

Siyasət

  • 399

Keçmişin təcrübəsi, bu günün nailiyyətləri və sabahın vəzifələri - ŞƏRH

Keçmişin təcrübəsi, bu günün nailiyyətləri və sabahın vəzifələri - ŞƏRH

Hər bir dövlətin siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti sonrakı inkişaf proseslərinə də həlledici təsir göstərir. Yeni Azərbaycan Partiyasının yaradılması məhz belə tarixi hadisələrdəndir. 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis edilən YAP Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi və cəmiyyətin milli maraqlar ətrafında birləşdirilməsi missiyasını üzərinə götürdü. Ötən 34 il ərzində partiya ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrildi.

Partiyanın yaranması Azərbaycanın ciddi siyasi və iqtisadi böhranla üzləşdiyi, Ermənistanın hərbi təcavüzünün davam etdiyi, ölkədə qeyri-sabitliyin hökm sürdüyü mürəkkəb dövrə təsadüf edirdi. Belə şəraitdə tanınmış ziyalılar xalqın böyük etimad göstərdiyi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə güclü siyasi təşkilatın yaradılması təşəbbüsünü irəli sürdülər. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının ona ünvanladığı müraciət bu təşəbbüsün mühüm ifadəsi oldu. Ümummilli Lider Heydər Əliyev yeni siyasi təşkilatın yaradılmasını obyektiv zərurət kimi qiymətləndirdi. Noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında 550 nümayəndənin iştirakı ilə YAP-ın yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.

YAP milli birlik və dövlətçilik ideyalarına əsaslanaraq yarandığı gündən ölkənin böhrandan çıxmasına, müstəqilliyin möhkəmləndirilməsinə və demokratik dövlət quruculuğuna töhfə verməyi qarşısına məqsəd qoydu. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Ümummilli Liderin rəhbərliyi ilə siyasi sabitlik təmin edildi, demokratik ənənələrin inkişafı və sosial-iqtisadi tərəqqi üçün möhkəm təməl yaradıldı. Partiya da bu proseslərdə fəal iştirak edərək siyasi sistemdə mövqeyini gücləndirdi. Ulu Öndərin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri təşkilatın uzunmüddətli siyasi missiyasını ifadə edirdi.

Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası ölkənin siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Ərazi bütövlüyünün təmin edilməsi və suverenliyin bütün ölkə ərazisində bərqərar olunması Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin, Azərbaycan Ordusunun gücünün və xalqımızın milli birliyinin təntənəsi idi.

Seçkilərdə əldə olunan nəticələr də partiyanın ictimai-siyasi mövqeyini nümayiş etdirir. Belə ki, 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərində cənab İlham Əliyevin 92,12 faiz səs toplaması, həmin il sentyabrın 1-də keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının 68 mandat qazanması, eləcə də 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində partiyanın 5855 namizədinin bələdiyyə üzvü seçilməsi onun seçki proseslərindəki fəal iştirakını və geniş təşkilati imkanlarını nümayiş etdirir.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı (2026-cı il oktyabrın 2-də) partiyanın siyasi tarixində mühüm hadisə kimi yadda qaldı. Qurultayda çıxış edən Prezident İlham Əliyev yeni tarixi şəraitdə partiyanın qarşısında dayanan vəzifələri, gələcək fəaliyyətinin əsas istiqamətlərini və prioritetlərini diqqətə çatdırdı. Dövlət başçısının vurğuladığı kimi, “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir”. Qurultayda partiyanın Nizamnaməsinə dəyişikliklər təsdiq edildi, 40 nəfərdən ibarət İdarə Heyətinin və 13 nəfərdən ibarət Təftiş Komissiyasının yeni tərkibi təsdiqləndi.

Hazırkı mərhələdə Azərbaycanın qarşısında duran başlıca vəzifələr tarixi Qələbənin yaratdığı imkanlardan məqsədyönlü şəkildə yararlanmaq, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq prosesini davam etdirmək, Böyük Qayıdış Proqramının icrasını təmin etmək və ölkənin iqtisadi potensialını daha da artırmaqdır. Bu proseslərdə Yeni Azərbaycan Partiyası milli həmrəyliyin möhkəmləndirilməsi, dövlət siyasətinə ictimai dəstəyin genişləndirilməsi və ümummilli maraqlar naminə birliyin qorunması istiqamətində fəaliyyət göstərir. Eyni zamanda, partiyanın gündəliyində siyasi dialoqun inkişafı, müxtəlif ictimai-siyasi qüvvələr arasında əməkdaşlığın genişləndirilməsi də mühüm yer tutur.

Bu istiqamətdə qarşıya qoyulan məqsədlərin reallaşdırılması ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyəti də dəyişən siyasi və ictimai reallıqlara uyğun olaraq yeni təşəbbüslərin irəli sürülməsi, təşkilati fəaliyyətin təkmilləşdirilməsi və gənc nəslin ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsi ilə səciyyələnir. Bütün bunlar partiyanın ölkənin siyasi həyatında tutduğu mövqenin və qarşıdakı dövr üçün müəyyənləşdirdiyi fəaliyyət istiqamətlərinin əsas məzmununu təşkil edir.

Cavad Mirzəyev,

YAP Neftçala rayon təşkilatının sədr müavini

Digər xəbərlər