Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycanın praqmatik və çoxşaxəli xarici siyasətinin növbəti uğurlu addımı olmaqla, Bakı ilə Hanoy arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə, yeni iqtisadi imkanların reallaşmasına və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir.
Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi Vyetnama səfəri də ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ təşkil edib. Bu səfər Azərbaycan mütəxəssislərinin Vyetnamla əməkdaşlığının genişlənməsinə və ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə əlavə təkan verib. Beləliklə, Azərbaycan-Vyetnam münasibətləri təsadüfi siyasi yaxınlaşma deyil, uzun illər ərzində formalaşmış dostluq, qarşılıqlı etimad və konkret əməkdaşlıq təcrübəsinin məntiqi nəticəsidir. Müstəqillik dövründə Azərbaycan-Vyetnam əlaqələrinin inkişafı dövlətlərarası siyasi dialoqun ardıcıl şəkildə genişlənməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, Vyetnam Prezidenti Çıonq Tan Şanqın 2015-ci ildə Azərbaycana rəsmi səfəri münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynayıb. Bu siyasi təmasların davamı olaraq 2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri xüsusi əhəmiyyət kəsb edib. Səfər çərçivəsində “Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsi Bakı-Hanoy münasibətlərinin tarixində yeni səhifə açıb. Bununla da iki ölkə arasında əməkdaşlığın daha geniş sahələri əhatə etməsi və uzunmüddətli inkişaf perspektivlərinin müəyyənləşdirilməsi üçün mühüm siyasi-hüquqi zəmin formalaşıb. Prezident İlham Əliyevin noyabrın 19-21-də Vyetnama rəsmi səfəri də bu strateji xəttin davamı kimi mühüm siyasi əhəmiyyət daşıyır. Səfər iki ölkə arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və qarşılıqlı münasibətlərin daha yüksək səviyyəyə çatdırılması baxımından geniş imkanlar yaradır.
Azərbaycan və Vyetnam arasında münasibətlərin mühüm istiqamətlərindən biri də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdır. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi platformalarda qarşılıqlı əlaqələrin inkişafı dövlətlərimizin ortaq maraqlara və beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqelərini əks etdirir. Azərbaycanın xarici siyasətində dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət xüsusi yer tutur. Vyetnamla münasibətlərdə də bu yanaşma qarşılıqlı etimadın əsas dayaqlarından biridir. Xüsusilə Vyetnamın Azərbaycanın ərazi bütövlüyü məsələsində nümayiş etdirdiyi mövqe ölkəmizdə yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb. Dövlət başçısının vurğuladığı kimi, ikitərəfli dialoqla yanaşı, BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq platformalarda sıx qarşılıqlı əlaqələrin qurulması ölkələrimizin münasibətlərini daha da möhkəmləndirir.
Siyasi münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi üçün də əlverişli şərait yaradır. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan-Vyetnam iqtisadi əlaqələri ardıcıl inkişaf edir. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarından artıq olması müsbət dinamikanın göstəricisidir. Bununla belə, mövcud göstəricilər əməkdaşlığın real imkanlarını tam əks etdirmir. Hər iki ölkənin iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi və müxtəlif sahələrdə malik olduğu üstünlüklər qarşılıqlı ticarətin daha da artırılması üçün geniş perspektivlər açır. Vyetnamın istehsal, sənaye, texnologiya və ixrac sahələrində əldə etdiyi nailiyyətlər Azərbaycan üçün yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan isə enerji resursları, nəqliyyat-logistika infrastrukturu, tranzit imkanları və regionlararası iqtisadi əlaqələrdəki mövqeyi ilə Vyetnam biznesi üçün cəlbedici tərəfdaşdır. Vyetnam şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağının artması bu baxımdan diqqətəlayiqdir. “ROX Group” şirkətinin tikinti, infrastrukturun inkişafı, Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsinə maraq göstərməsi əməkdaşlığın konkret iqtisadi məzmun qazandığını təsdiqləyir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması da bu istiqamətdə atılan mühüm addımlardandır.
Xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq böyük perspektivlər vəd edir. Azərbaycanın yaşıl enerji potensialı, alternativ enerji mənbələrinin inkişafı istiqamətində həyata keçirdiyi layihələr və Vyetnamın bu sahədəki təcrübəsi qarşılıqlı faydalı tərəfdaşlıq üçün əlverişli zəmin yaradır.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
Yeni Azərbaycan Partiyasının fəal üzvü