Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və geoiqtisadi mərkəzlərin şaxələnməsi fonunda Azərbaycan da öz əməkdaşlıq coğrafiyasını daha da genişləndirir. Respublikamızın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, nüfuzunun və etibarlı tərəfdaş rolunun artması həm rəsmi Bakı ilə münasibətləri genişləndirmək istəyən dövlətlərin sayını artırır, həm də tarixi əlaqələrə malik ölkələrlə yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılmasına zəmin yaradır. Belə dövlətlərdən biri də ölkəmizin çoxillik əlaqələrə malik olduğu Vyetnamdır. Bu gün rəsmi Hanoyla əlaqələr ənənəvi dostluq çərçivəsini aşaraq strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Təxminən yetmişillik tarixə söykənən bu əməkdaşlıq zamanın sınaqlarından uğurla çıxmış siyasi etimad, ortaq tarixi yaddaş və qarşılıqlı iqtisadi maraqlar üzərində qurulub.
Tarixi köklər üzərində qurulan münasibətlər müasir dövrdə yüksəksəviyyəli siyasi dialoqla yeni dinamika qazanıb. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət, Vyetnamın Prezidenti Çıonq Tan Şanqın isə 2015-ci ildə Azərbaycana rəsmi səfərləri ikitərəfli əlaqələrin institusional əsaslarını möhkəmləndirib. Bu xəttin məntiqi davamı kimi 2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, hazırda həm də Vyetnam Sosialist Respublikasının Prezidenti olan To Lamın Azərbaycana dövlət səfəri, səfər çərçivəsində “Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsi Bakı-Hanoy münasibətlərini keyfiyyətcə yeni müstəviyə çıxarıb. Bu sənəd təkcə ikitərəfli əlaqələri deyil, həm də Azərbaycanın Cənub-Şərqi Asiyada, Vyetnamın isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında əməkdaşlıq imkanlarını genişləndirir.
İndiyədək iki ölkə arasında 30-dan çox sənəd imzalanıb. Energetika, nəqliyyat və investisiyalardan tutmuş müdafiə, elm və təhsilə qədər geniş sahələri əhatə edən bu tərəfdaşlıq İqtisadi, ticari, elmi, texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, XİN-lərarası siyasi məsləhətləşmələr və parlamentlərarası dostluq qrupları vasitəsilə dəstəklənir. Hakim partiyalar – Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında 2013-cü il Anlaşma Memorandumu və 2023-cü il Əməkdaşlıq Sazişi əsasında qarşılıqlı səfərlər təşkil olunur.
Azərbaycanın Asiya ilə Avropa arasında nəqliyyat-logistika əlaqələrinin inkişafında artan rolu Vyetnamla iqtisadi münasibətlərə əlavə məzmun qazandıra bilər. Orta Dəhlizin imkanlarının genişləndirilməsi və ölkəmizin beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiyası Cənub-Şərqi Asiya dövlətləri üçün alternativ ticarət marşrutlarının formalaşması baxımından əhəmiyyətlidir.
Bütövlükdə, Azərbaycan–Vyetnam münasibətlərinin inkişafı ölkəmizin Asiya istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin mühüm nəticələrindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan region dövlətləri ilə münasibətlərdə qarşılıqlı hörmətə, suverenliyə, bərabərhüquqluluğa və ortaq maraqlara əsaslanan əməkdaşlıq modelinə üstünlük verir. Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, iqtisadi imkanlarının artmasına və çoxtərəfli diplomatiyada rolunun güclənməsinə xidmət edir.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan tarixi dostluq münasibətlərini qorumaqla kifayətlənmir, onları müasir dövrün siyasi və iqtisadi reallıqlarına uyğun olaraq yeni məzmunla zənginləşdirir. Ho Şi Minin 1959-cu ildə Bakıya, Ümummilli Lider Heydər Əliyevin isə 1983-cü ildə Vyetnama səfərləri ilə möhkəmlənən dostluq bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Beləliklə, Azərbaycan–Vyetnam münasibətlərinin inkişafı həm tarixi varisliyin, həm də müasir siyasi iradənin uğurlu nəticəsidir. Bu tərəfdaşlıq Azərbaycanın Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsinə verdiyi xüsusi önəmi nümayiş etdirir. Prezident İlham Əliyevin müsahibəsinin əsas siyasi mesajı da məhz bundan ibarətdir: Azərbaycan öz tarixi dostlarına sadiq qalmaqla Asiyanın inkişaf edən dövlətləri ilə strateji tərəfdaşlığını möhkəmləndirir, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir və Avrasiya məkanında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini