PDF Oxu

Siyasət

  • 264

Müstəqil Azərbaycanın siyasi tarixində yeni mərhələ

Müstəqil Azərbaycanın siyasi tarixində yeni mərhələ

Azərbaycanın müasir siyasi tarixində mühüm yer tutan hadisələrdən biri 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsidir. Bu hadisə ölkəmizin müstəqillik tarixində yeni siyasi mərhələnin başlanğıcı, milli dövlətçilik ideyalarının möhkəmlənməsi və Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan həmin dövrdə mürəkkəb siyasi, iqtisadi və hərbi vəziyyətlə üzləşmişdi. Ölkədə siyasi sabitliyin pozulması, hakimiyyət böhranı, iqtisadi çətinliklər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı xalqın narahatlığını daha da artırırdı. Belə bir çətin şəraitdə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlaya biləcək, milli maraqları müdafiə edəcək və ölkəni inkişaf yoluna çıxaracaq güclü siyasi təşkilatın yaradılmasına böyük ehtiyac var idi.

Məhz belə bir tarixi şəraitdə Azərbaycanın müxtəlif bölgələrindən olan ziyalılar, alimlər, müəllimlər, hərbçilər və digər nüfuzlu şəxslər ümummilli lider Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılması təşəbbüsünü irəli sürdülər. Heydər Əliyev xalqın müraciətini nəzərə alaraq Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verdi. Bu təşəbbüs ölkənin siyasi həyatında mühüm hadisəyə çevrildi.

1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş nümayəndələr iştirak etdilər. Təsis konfransında partiyanın yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqramı təsdiqləndi. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi. Beləliklə, ölkənin ictimai-siyasi həyatında yeni və mühüm bir təşkilatın əsası qoyuldu.

Yeni Azərbaycan Partiyasının yaradılmasının əsas məqsədi Azərbaycanın dövlət müstəqilliyini qorumaq, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu təmin etmək, milli həmrəyliyi möhkəmləndirmək, ölkədə siyasi sabitliyə nail olmaq və xalqın rifahını yüksəltmək idi. Partiyanın yaranması cəmiyyətdə böyük ümid və inam yaratdı. Çünki Azərbaycan xalqı Heydər Əliyevin dövlətçilik təcrübəsinə, siyasi uzaqgörənliyinə və idarəçilik qabiliyyətinə inanırdı. 1993-cü ildə ölkədə yaranmış ağır siyasi böhran şəraitində xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın taleyində dönüş nöqtəsi oldu. Onun rəhbərliyi ilə ölkədə siyasi sabitlik təmin edildi, dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi islahatların həyata keçirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu proseslər Yeni Azərbaycan Partiyasının ölkənin siyasi həyatında aparıcı qüvvəyə çevrilməsində mühüm rol oynadı.

Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın ən böyük siyasi partiyalarından biridir. Partiya cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin siyasi, sosial və iqtisadi inkişafında fəal iştirak edir. Azərbaycanın beynəlxalq nüfuzunun artması, iqtisadi gücünün möhkəmlənməsi, ərazi bütövlüyünün və suverenliyinin bərpası ölkəmizin son illərdə qazandığı mühüm tarixi nailiyyətlərdəndir.

21 Noyabr tarixi yalnız bir siyasi partiyanın yaranma günü deyil, həm də Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda atılmış mühüm addımın rəmzidir. Bu gün bizə milli birlik, siyasi həmrəylik, dövlətə sədaqət və müstəqilliyin qorunmasının nə qədər vacib olduğunu xatırladır.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər