21 noyabr tarixi Azərbaycanın müstəqillik salnaməsində dərin iz qoymuş Yeni Azərbaycan Partiyasının (YAP) yaranma günü kimi qeyd olunur. 1992-ci ildə ölkənin ağır siyasi və iqtisadi sınaqlarla üzləşdiyi bir vaxtda yaranan bu partiya dövlətçiliyin xilası və milli həmrəyliyin təmin olunması naminə ortaya çıxdı. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt partiyanın əsas ideoloji özülünü təşkil etdi və qısa müddətdə xalqın etimadını qazandı. 1993-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə başlanan dövlət quruculuğu prosesi ölkədə sabitliyin bərpasına, iqtisadi dirçəlişə və güclü ordunun formalaşmasına möhkəm zəmin yaratdı. Bu siyasi varisliyi uğurla davam etdirən cənab İlham Əliyev Azərbaycanı müasir, qüdrətli və beynəlxalq arenada söz sahibi olan dövlətə çevirdi. Cənab İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyəti sayəsində ölkənin iqtisadi gücü artdı, hərbi potensialı ən yüksək səviyyəyə çatdırıldı. Məhz bu möhkəm təməl üzərində 2020-ci ildə baş verən Vətən müharibəsi Azərbaycan xalqının tarixi ədaləti bərpa etdiyi şanlı qələbə ilə yekunlaşdı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Sonrakı mərhələdə həyata keçirilən antiterror tədbirləri ilə ölkənin tam suverenliyi bərqərar edildi və dövlət bayrağımız bütün ərazilərimizdə ucaldıldı.
Müasir Azərbaycan bu gün öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı "Böyük Qayıdış" proqramı və bərpa-quruculuq işləri cənab İlham Əliyevin strateji baxışının bariz nümunəsidir. Yeni Azərbaycan Partiyası da bu tarixi zəfərlərin və müasir tərəqqinin fəal iştirakçısı kimi cəmiyyətdə birliyi və həmrəyliyi daha da gücləndirir. Partiya sıralarında birləşən minlərlə insan dövlət başçısının ətrafında sıx birləşərək ölkənin davamlı inkişafına töhfə verir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai-siyasi həyatda fəallığının artırılması partiyanın prioritet istiqamətlərindən biridir. Müasir dövrdə YAP həm də rəqəmsal transformasiya, institusional islahatlar və yeni çağırışlara uyğunlaşma prosesinə fəal dəstək verir.
21 noyabr bu gün həm partiyanın keçdiyi şərəfli yolun, həm də müasir Azərbaycanın Zəfər tarixinin və siyasi sabitliyinin təntənəsi kimi dəyərləndirilir. Cənab İlham Əliyevin liderliyi ilə qazanılan bu nailiyyətlər gələcək nəsillər üçün böyük qürur mənbəyi və inkişaf yolunu işıqlandıran mayakdır.
Elnur Məmmədov,
YAP Lerik Rayon təşkilatının sədr müavini