PDF Oxu

Siyasət

  • 224

Yeni Azərbaycan Partiyası - 34 illik şərəfli yol - ŞƏRH

Yeni Azərbaycan Partiyası - 34 illik şərəfli yol - ŞƏRH

Müstəqil Azərbaycanın siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, bütövlükdə dövlətimizin gələcək taleyinə və inkişaf istiqamətinə təsir göstərir. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi məhz belə tarixi hadisələrdən biridir. Bu partiyanın yaranması Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə milli dövlətçiliyin qorunması, siyasi sabitliyin təmin edilməsi və ölkənin gələcəyinə inamın bərpası zərurətindən irəli gəlirdi.

1990-cı illərin əvvəllərində Azərbaycan ciddi siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qalmışdı. Dövlət idarəçiliyindəki böhran, siyasi qarşıdurmalar, torpaqlarımızın işğalı, iqtisadi tənəzzül və xaos müstəqilliyimizi belə ciddi təhlükə altına salmışdı. Belə bir şəraitdə xalq ölkəni bu ağır vəziyyətdən çıxara biləcək güclü siyasi liderə və milli maraqları hər şeydən üstün tutan siyasi təşkilata ehtiyac duyurdu.

Məhz həmin tarixi şəraitdə 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər tanınmış ziyalısı Ümummilli Lider Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılmasını və ona rəhbərlik etməsini xahiş etdi. Ulu Öndər bu müraciətə müsbət cavab verərək partiyanın yaranmasının tarixi zərurətdən irəli gəldiyini bildirdi. Beləliklə, xalqın arzu və istəyindən doğan mühüm siyasi prosesin əsası qoyuldu.

1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilən təsis konfransında Azərbaycanın müxtəlif bölgələrindən 500-dən çox nümayəndə iştirak etdi. Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi, partiyanın Proqram və Nizamnaməsi təsdiqləndi, Ümummilli Lider Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, Yeni Azərbaycan Partiyası xalqın iradəsini, milli maraqlarını və güclü dövlətçilik arzusunu ifadə edən siyasi qüvvə kimi meydana çıxdı.

Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və qətiyyətli rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddətdə ümumxalq partiyasına çevrildi. 1993-cü ildə ölkədə yaranmış ağır siyasi böhran və vətəndaş qarşıdurması təhlükəsi fonunda xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın taleyində həlledici dönüş yaratdı. Dövlətçiliyin qorunması, ictimai-siyasi sabitliyin bərqərar edilməsi, iqtisadiyyatın dirçəldilməsi və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın müasir inkişaf modelinin təməli məhz həmin mürəkkəb tarixi mərhələdə qoyuldu.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan dövlət quruculuğu və inkişaf siyasəti sonrakı illərdə də ardıcıl şəkildə davam etdirildi. Yeni Azərbaycan Partiyası ölkədə siyasi sabitliyin, milli həmrəyliyin və davamlı inkişafın təmin olunmasında mühüm rol oynadı. Partiyanın ideoloji əsasını təşkil edən azərbaycançılıq məfkurəsi, dövlətçilik ənənələrinə sədaqət, milli maraqların qorunması və müstəqil siyasət prinsipləri bu gün də öz aktuallığını qoruyur.

2003-cü ildən etibarən bu siyasi kurs Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoydu. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadi, sosial və siyasi sahələrdə böyük nailiyyətlər qazandı, beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi. Güclü iqtisadiyyatın formalaşdırılması, müasir infrastrukturun yaradılması, ordumuzun gücləndirilməsi və milli maraqların beynəlxalq müstəvidə qətiyyətlə müdafiə olunması ölkəmizin qarşısında yeni imkanlar açdı.

Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası Azərbaycan tarixinin ən şanlı səhifələrinə çevrildi. Bu möhtəşəm nailiyyətlər güclü dövlətçilik siyasətinin, milli birliyin və uzun illər ərzində həyata keçirilən məqsədyönlü hazırlığın nəticəsi idi. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış proqramının həyata keçirilməsi və ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması həmin siyasətin real bəhrələridir.

2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da partiyanın qarşısında duran yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm hadisə oldu. Möhtərəm Prezident İlham Əliyevin qurultaydakı çıxışında partiyanın ölkəmizin son illərdə qazandığı uğurlarda mühüm roluna toxunulması, dəyişən dövrün çağırışları və qarşıdakı strateji hədəflərin diqqətə çatdırılması xüsusi əhəmiyyət daşıyırdı. Dövlət başçısının vurğuladığı kimi, inkişafın mərhələləri və qarşıya qoyulan vəzifələr dəyişsə də, müstəqillik, dövlətçilik və milli maraqlara əsaslanan siyasi xətt dəyişməz qalır.

Bu gün Yeni Azərbaycan Partiyası yarandığı gündən üzərinə götürdüyü tarixi missiyanı müasir dövrün tələblərinə uyğun davam etdirir. Partiyanın gücü onun dövlətçilik maraqlarına sədaqətində, cəmiyyətlə sıx bağlılığında, müxtəlif nəsilləri vahid ideya ətrafında birləşdirmək bacarığında və qarşıya qoyulan məqsədlərə ardıcıl şəkildə xidmət etməsindədir. Xüsusilə gənclərin partiya sıralarında fəal təmsil olunması, onların dövlətçilik düşüncəsi və vətənpərvərlik ruhunda formalaşması gələcək inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.

Yeni Azərbaycan Partiyasının 34 illik tarixi müstəqil dövlətimizin keçdiyi mürəkkəb, eyni zamanda şərəfli inkişaf yolunun mühüm bir hissəsidir. Bu tarix Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyinin, xalqın birliyinin və Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən güclü dövlətçilik siyasətinin vəhdətini əks etdirir. Əldə olunan nailiyyətlər göstərir ki, Yeni Azərbaycan Partiyasının əsasını təşkil edən milli maraqlara sədaqət, müstəqil dövlətçilik və davamlı inkişaf prinsipləri Azərbaycanın gələcək uğurlarının da möhkəm təməlidir.

Paşa Hadıyev

YAP Qazax rayon təşkilatının sədr müavini

Digər xəbərlər