PDF Oxu

Siyasət

  • 407

Ulu Öndərin siyasi irsi və YAP-ın şərəfli inkişaf yolu

Ulu Öndərin siyasi irsi və YAP-ın şərəfli inkişaf yolu

Azərbaycanın müasir siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis edilməsi də məhz belə tarixi hadisələrdəndir. Ölkəmizin mürəkkəb ictimai-siyasi şəraitlə üzləşdiyi, müstəqilliyimizin ciddi təhlükələrlə sınağa çəkildiyi bir dövrdə yaradılan YAP xalqın sabitlik, güclü dövlətçilik və firavan gələcək arzularını özündə birləşdirən siyasi qüvvə kimi meydana çıxdı. Bu partiyanın yaranması xalqın gələcəyə olan inamının, milli iradəsinin və ölkənin taleyi qarşısında məsuliyyət daşıyan insanların vahid məqsəd ətrafında birləşməsinin bariz nümunəsi idi.

1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər tanınmış ziyalısı Ümummilli Lider Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılmasına və ona rəhbərlik etməsinə çağırış etdi. Ulu Öndərin bu təşəbbüsə müsbət münasibəti yeni siyasi təşkilatın yaranmasına zəmin yaratdı. Nəhayət, noyabrın 21-də Naxçıvan şəhərində 550 nəfərdən artıq nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi, Proqram və Nizamnamə təsdiqləndi, Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi, zəngin dövlətçilik təcrübəsi və qətiyyətli siyasi iradəsi sayəsində partiya qısa müddətdə ümumxalq siyasi qüvvəsinə çevrildi.

Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə gəlişi ölkədə dövlətçilik düşüncəsinin möhkəmlənməsinə, cəmiyyətin müxtəlif təbəqələrinin ümummilli məqsədlər ətrafında birləşməsinə mühüm töhfə verdi. Partiya qısa müddətdə yalnız siyasi təşkilat kimi deyil, Azərbaycanın gələcək inkişaf strategiyasını dəstəkləyən, milli maraqları əsas götürən və xalqın etimadını qazanan böyük siyasi qüvvə kimi formalaşdı. Onun fəaliyyətində milli birlik, dövlətə sədaqət, siyasi sabitlik və sosial məsuliyyət prinsipləri əsas yer tutdu.

Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri partiyanın tarixi missiyasını, siyasi varisliyini və gələcəyə hesablanmış fəaliyyət istiqamətlərini dolğun şəkildə ifadə edir. Bu fikir həm də Yeni Azərbaycan Partiyasının zamanın sınaqlarından uğurla çıxaraq dəyişən ictimai-siyasi reallıqlara uyğun inkişaf etmək gücünü nümayiş etdirir. Bu gün də həmin ideyalar partiyanın fəaliyyətinin əsasını təşkil edir. Çünki YAP-ın siyasi xətti yalnız keçmişin tarixi nailiyyətlərinə söykənmir, eyni zamanda Azərbaycanın gələcək inkişafı üçün müəyyənləşdirilən strateji hədəfləri də əhatə edir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan böyük inkişaf yolu keçmiş, beynəlxalq mövqelərini möhkəmləndirmiş, iqtisadi və siyasi qüdrətini artırmışdır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması bu siyasətin ən möhtəşəm tarixi nəticələrindəndir. Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın birliyinin, dövlətimizin gücünün və siyasi iradəsinin təntənəsi oldu.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilmiş, beynəlxalq münasibətlər sistemində mövqelərini daha da gücləndirmişdir. İqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun yenilənməsi, sosial rifahın yüksəldilməsi, müdafiə qüdrətinin artırılması və işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi ölkəmizin inkişaf strategiyasının mühüm istiqamətləridir. Bütün bu nailiyyətlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin uğurlu davamının nəticəsidir.

Cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında səsləndirdiyi fikirlər partiyanın tarixi missiyasının və ölkəmizin inkişafında oynadığı rolun yüksək qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı həmin çıxışında bildirmişdir: “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi.” Bu fikir Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycanın gələcək siyasi taleyində nə qədər mühüm rol oynadığını bir daha təsdiqləyir. Partiyanın təsis edilməsi ilə başlanan siyasi yol sonrakı illərdə dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkədə sabitliyin təmin olunması və milli inkişaf strategiyasının həyata keçirilməsi üçün möhkəm zəmin yaratdı. Bu baxımdan, Azərbaycanın qazandığı uğurların təməlində dayanan əsas amillərdən biri də Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə xalqın göstərdiyi etimad və dəstəkdir. Ölkə başçısı partiya fəallarının ölkəmizin uğurlu inkişafındakı xidmətlərini də yüksək qiymətləndirərək vurğulamışdır: “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var.”

Bu fikirlər Yeni Azərbaycan Partiyasının üzvlərinin üzərinə düşən məsuliyyəti, onların dövlətçilik maraqlarının müdafiəsində, milli həmrəyliyin möhkəmləndirilməsində və ölkəmizdə həyata keçirilən siyasətin ictimai dəstəyinin təmin olunmasında rolunu aydın ifadə edir. Partiyanın gücü yalnız onun sıralarında birləşən üzvlərin sayı ilə deyil, həm də onların dövlətə, xalqa və milli maraqlara sədaqəti, ictimai-siyasi proseslərdə fəallığı ilə ölçülür. YAP fəalları ölkənin müxtəlif bölgələrində həyata keçirilən maarifləndirmə tədbirlərində, ictimai təşəbbüslərdə və dövlət siyasətinin təbliğində yaxından iştirak edirlər.

Bu gün Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafına, milli birliyin möhkəmləndirilməsinə və qarşıya qoyulan strateji hədəflərin reallaşdırılmasına öz töhfəsini verir. Partiyanın sıralarında birləşən müxtəlif nəsillərin nümayəndələri dövlətçiliyə sədaqət və Azərbaycanın daha qüdrətli gələcəyi naminə fəaliyyət prinsiplərini rəhbər tuturlar. YAP-ın ictimai-siyasi həyatda fəal iştirakı, üzvlərinin təşəbbüskarlığı və təşkilatlanma imkanları onun cəmiyyətdəki mövqeyinin möhkəmlənməsinə xidmət edir.

1992-ci il 21 noyabr tarixində əsası qoyulan Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yol xalqın iradəsinin, milli həmrəyliyin və güclü dövlətçilik ənənələrinin təcəssümüdür. Aradan keçən illər partiyanın öz tarixi missiyasına sadiq qaldığını, dünənin təcrübəsini bu günün uğurları ilə birləşdirərək gələcəyə inamla irəlilədiyini bir daha təsdiqləyir. Bu əlamətdar tarix Ulu Öndər Heydər Əliyevin siyasi irsinə ehtiramın, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə dəstəyin və Azərbaycanın daha qüdrətli gələcəyinə inamın ifadəsidir.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Digər xəbərlər