PDF Oxu

Siyasət

  • 378

Yeni Azərbaycan Partiyasının inkişafında təşkilati yenilənmə və müasir siyasi yanaşmalar - ŞƏRH

Yeni Azərbaycan Partiyasının inkişafında təşkilati yenilənmə və müasir siyasi yanaşmalar - ŞƏRH

Siyasi partiyanın cəmiyyətdəki mövqeyi yalnız onun tarixi ənənələri və siyasi nüfuzu ilə deyil, həm də dəyişən ictimai-siyasi proseslərə uyğunlaşmaq, fəaliyyət mexanizmlərini təkmilləşdirmək və qarşıya qoyulan vəzifələri müasir idarəetmə prinsipləri əsasında həyata keçirmək bacarığı ilə müəyyən olunur. Bu baxımdan Yeni Azərbaycan Partiyasının inkişaf tarixi yalnız siyasi uğurların deyil, eyni zamanda təşkilati yenilənmə və institusional təkmilləşmə proseslərinin də tarixidir.

Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII Qurultayı bu istiqamətdə mühüm mərhələ oldu. Ölkənin ictimai-siyasi həyatında baş verən dəyişikliklər, Vətən müharibəsində qazanılmış tarixi Zəfər və yaranmış yeni reallıqlar partiyanın gələcək fəaliyyətinin daha müasir yanaşmalar əsasında qurulmasını zəruri edirdi. Qurultayda qəbul edilən qərarlar YAP-ın təşkilati strukturunun yenilənməsinə, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə və qarşıdakı dövr üçün fəaliyyət prioritetlərinin müəyyənləşdirilməsinə istiqamətləndi.

VII Qurultayın mühüm qərarlarından biri partiyanın yeni Nizamnaməsinin təsdiq edilməsi idi. Sənəddə partiyanın idarəetmə orqanları, təşkilati strukturu və fəaliyyət prinsipləri yenidən müəyyənləşdirildi. Qurultayda 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərlik Təftiş Komissiyası və yeni qurum kimi 35 nəfərdən ibarət Veteranlar Şurası formalaşdırıldı. Partiya Sədrinin birinci müavini vəzifəsinin təsis edilməsi də idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlardan biri oldu. Mehriban Əliyevanın bu vəzifəyə təyin edilməsi partiyanın rəhbərlik strukturunda yeni mərhələnin başlanğıcını ifadə etdi.

Qurultayda qəbul olunan qərarlar yalnız rəhbər strukturların yenidən formalaşdırılması ilə məhdudlaşmadı. Partiyanın təşkilati fəaliyyətinin daha sistemli qurulması, yerli təşkilatların işinin təkmilləşdirilməsi, üzvlərin fərdi uçot sisteminin müasir informasiya-kommunikasiya texnologiyalarına uyğunlaşdırılması və kadr siyasətində yeni meyarların tətbiqi də gündəmə gəldi. Sonrakı mərhələdə yerli təşkilatların, Mərkəzi Aparatın, Gənclər Birliyinin və Veteranlar Şurasının fəaliyyətini tənzimləyən əsasnamələrin təsdiqlənməsi bu qərarların praktiki icrasına xidmət etdi.

Təşkilati yenilənmənin əsas məqsədi idarəetmə strukturunu dəyişməklə kifayətlənmək deyil, partiyanın bütün səviyyələrində fəaliyyətin səmərəliliyini artırmaqdır. Bu baxımdan peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış, milli dəyərlərə hörmət, innovativ yanaşma, elmlilik və müasirlik kimi meyarlar xüsusi əhəmiyyət daşıyır. Partiyadaxili münasibətlərdə bu prinsiplərin möhkəmlənməsi həm təşkilati intizamın, həm də ictimai məsuliyyətin yüksəlməsinə şərait yaradır.

VII Qurultaydan sonra partiyanın ideoloji və proqram sənədlərinin yenilənməsi də mühüm istiqamət kimi diqqət mərkəzində oldu. 2021-ci il dekabrın 29-da təsdiqlənən yeni Proqram “Biz birlikdə güclüyük!” devizi ilə təqdim edildi. Beş fəsil və 29 müddəadan ibarət sənəddə partiyanın siyasi dəyərləri, fəaliyyət prinsipləri, təşkilati münasibətləri və strateji hədəfləri sistemləşdirildi. Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı partiyanın əsas siyasi dəyərləri kimi müəyyənləşdirildi.

Proqramda müəyyən olunan strateji hədəflər partiyanın fəaliyyətinin yalnız siyasi təşkilatlanma ilə məhdudlaşmadığını, cəmiyyətin müxtəlif sahələrində baş verən proseslərə münasibətini və qarşıya qoyduğu vəzifələri də əhatə etdiyini göstərir. Heydər Əliyev irsinin təbliği, güclü iqtisadiyyat və davamlı inkişaf, insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyi, milli maraqlar və xarici siyasət, ordu quruculuğu, eləcə də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış bu hədəflərin əsas istiqamətlərini təşkil edir. Beləliklə, Proqram partiyanın ideya-siyasi xəttini müasir dövrün çağırışları ilə əlaqələndirən fəaliyyət çərçivəsi kimi çıxış edir.

Qurultayda bir sıra siyasi partiyaların YAP-a birləşmək barədə müraciətlərinin qəbul edilməsi də siyasi əməkdaşlıq və milli həmrəylik baxımından diqqətəlayiq hadisə idi. Bu qərar ölkənin siyasi sistemində əməkdaşlıq imkanlarının genişlənməsini və ümummilli maraqlar ətrafında birləşmənin əhəmiyyətini nümayiş etdirirdi. Eyni zamanda, partiyanın fəaliyyətində dialoq mədəniyyətinin, konstruktiv münasibətlərin və siyasi məsuliyyətin önəmini bir daha gündəmə gətirirdi.

Müasir siyasi yanaşmaların əsas göstəricilərindən biri də təşkilatın cəmiyyətlə əlaqələrinin daim inkişaf etdirilməsidir. Siyasi partiya ictimai gözləntiləri öyrənməli, vətəndaşlarla ünsiyyət mexanizmlərini genişləndirməli, gənclərin təşəbbüslərini dəstəkləməli və müxtəlif sosial qrupların ictimai-siyasi fəallığı üçün imkanlar yaratmalıdır. Rəqəmsal kommunikasiya vasitələrindən səmərəli istifadə, məlumat mübadiləsinin operativliyi, üzvlərin təşkilati proseslərdə fəallığının artırılması və müasir idarəetmə təcrübələrinin tətbiqi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələr ölkənin keçdiyi inkişaf mərhələlərinə uyğun olaraq dəyişir. Bu gün Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparılması, iqtisadiyyatın şaxələndirilməsi və yeni sosial hədəflərin müəyyənləşdirilməsi partiyanın fəaliyyətinə də müasir yanaşma tələb edir. Təşkilati çeviklik, peşəkar kadr potensialı, ictimai dialoq və strateji planlaşdırma bu prosesdə mühüm amillərdir.

VII Qurultayda qəbul edilmiş qərarların əhəmiyyəti də məhz bu məqamda aydın görünür: təşkilati strukturun yenilənməsi və proqram prioritetlərinin müəyyənləşdirilməsi partiyanın gələcək fəaliyyətinin daha sistemli qurulması üçün institusional əsaslar yaratdı. Bu əsasların real nəticəyə çevrilməsi isə qərarların ardıcıl icrasından, hər bir təşkilati həlqənin məsuliyyətindən və üzvlərin fəal iştirakından asılıdır. Yeni Azərbaycan Partiyasının inkişafında təşkilati yenilənmə keçmiş təcrübənin qorunması ilə müasir siyasi tələblərin uzlaşdırılması, ənənə ilə yeniliyin vahid məqsədə xidmət etməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Günel Əliyeva,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini

Həsənabad qəsəbə 2 nömrəli KEUB-un müdiri

Digər xəbərlər