Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34-cü ildönümü münasibətilə Qubada “Tarixi Zəfərdən yeni zirvələrə: Yeni Azərbaycan Partiyasının müasir inkişaf xətti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Orxan Bayramov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın siyasi tarixində mühüm hadisə olduğunu vurğulayaraq, partiyanın ötən 34 il ərzində keçdiyi inkişaf yolundan, ölkənin ictimai-siyasi həyatında qazandığı mövqedən və milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki rolundan bəhs ediblər.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli birliyin təmin olunması və Azərbaycanın inkişaf strategiyasının formalaşdırılması istiqamətində mühüm missiya həyata keçirib.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlərə diqqət çəkilib. Qeyd olunub ki, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyə malik, milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlətdir. Tarixi Zəfərin qazanılması, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açıb.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası müasir dövrün çağırışlarına uyğun fəaliyyət göstərərək dövlət siyasətinin həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, milli həmrəyliyin gücləndirilməsinə və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfələr verir. Partiyanın 34 illik fəaliyyəti milli dəyərlərə və dövlətçilik prinsiplərinə sadiqliklə yanaşı, zamanın tələblərinə uyğun yenilənmə və inkişaf xəttinin uğurla davam etdirildiyini nümayiş etdirir.
Sonra YAP Quba rayon təşkilatının ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. Həmçinin partiya sıralarına yeni qəbul olunan üzvlərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonda bədii hissə təqdim olunub.