Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlər ölkənin davamlı inkişaf strategiyasının nəticələrini aydın şəkildə nümayiş etdirir. Sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan tədbirdə Prezident İlham Əliyevin çıxışı Azərbaycanın iqtisadi inkişafının əsas istiqamətlərinə, investisiya imkanlarına və ölkənin regional nəqliyyat-logistika mərkəzinə çevrilməsi prosesinə dair mühüm mesajlarla yadda qaldı.
Dövlət başçısının çıxışında xüsusi vurğuladığı məsələlərdən biri sabit iqtisadiyyatın və müstəqil maliyyə-iqtisadi sistemin gələcək inkişaf üçün əsas şərt olmasıdır. Prezident qeyd etdi ki, indiyədək görülmüş işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı. Bu fikir Azərbaycanın iqtisadi siyasətində ardıcıllığın və uzunmüddətli strategiyanın əhəmiyyətini göstərir.
Azərbaycanın maliyyə dayanıqlığı da ölkənin investisiya cəlbediciliyini müəyyən edən əsas amillərdən biri kimi təqdim edilir. Prezident İlham Əliyevin bildirdiyinə görə, dövlət borcunun ÜDM-ə nisbəti 20 faiz, xarici borcun ÜDM-ə nisbəti isə 5,6 faiz təşkil edir. Valyuta ehtiyatlarının xarici borcu əhəmiyyətli dərəcədə üstələməsi, milli valyutanın sabitliyi və müsbət ticarət balansı ölkənin maliyyə imkanlarının qorunmasına xidmət edən mühüm göstəricilər sırasında qeyd olunub.
Növbəti mərhələdə əsas məqsədlərdən biri iqtisadiyyatın daha da şaxələndirilməsidir. Prezident çıxışında neft-qaz sektorundan kənar sahələrin inkişaf etdirilməsini uzunmüddətli və dayanıqlı iqtisadi artım baxımından mühüm istiqamət kimi göstərib. Bərpaolunan enerji, mədənçilik, kənd təsərrüfatı, rəqəmsal infrastruktur və digər sahələrdə mövcud potensialın reallaşdırılması ölkənin iqtisadi imkanlarının genişləndirilməsi üçün yeni perspektivlər yaradır.
Bu istiqamətlər sırasında bərpaolunan enerji xüsusi yer tutur. Azərbaycanın həm Xəzər dənizində, həm də quruda böyük külək və günəş enerjisi potensialına malik olduğu qeyd edilir. Qarşıdakı dövrdə bərpaolunan enerji mənbələrindən istifadə etməklə elektrik enerjisi istehsalının artırılması və mövcud enerji resurslarının daha səmərəli şəkildə ixraca yönəldilməsi iqtisadi inkişafın yeni istiqamətlərindən biri kimi müəyyənləşdirilir.
Prezident İlham Əliyevin çıxışında iqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi kimi logistika, nəqliyyat və bağlantıların xüsusi qeyd olunması da təsadüfi deyil. Azərbaycanın coğrafi mövqeyi ölkəyə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynamaq imkanı verir. Lakin bu üstünlük yalnız coğrafi yerləşmə ilə məhdudlaşmır. Son illərdə dəmir yollarının, avtomobil yollarının, hava limanlarının, dəniz limanının və digər infrastruktur obyektlərinin inkişaf etdirilməsi Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin bu il 16 milyon tona çatacağı gözlənilir. Qarşıya qoyulan hədəf isə 2030-cu ilədək həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində daşımaların həcmini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaqdır. Bu məqsədin reallaşdırılması Azərbaycanın regional nəqliyyat xəritəsində rolunun daha da genişlənməsi ilə yanaşı, yeni investisiya imkanlarının yaranmasına da şərait yarada bilər.
Nəqliyyat bağlantılarının inkişafında qonşu və tərəfdaş ölkələrlə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan yalnız öz ərazisində infrastruktur qurmaqla kifayətlənmir, eyni zamanda regional nəqliyyat şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsinə və multimodal daşımaların inkişafına diqqət yetirir. Bu yanaşma Azərbaycanın Avropa ilə Asiya arasında mühüm bağlantı məkanına çevrilməsinə xidmət edir.
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi də bu prosesin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyev Azərbaycanın coğrafi baxımdan Qafqazda yerləşməsinə baxmayaraq, siyasi, iqtisadi və nəqliyyat baxımından artıq böyük Mərkəzi Asiya regionunun bir hissəsi olduğunu bildirib. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının tamhüquqlu üzvünə çevrilməsi də bu əlaqələrin yeni səviyyəyə yüksəldiyini göstərir.
Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın qarşıdakı dövr üçün iqtisadi prioritetlərini aydın şəkildə ortaya qoydu. Sabit iqtisadiyyat və müstəqil maliyyə sistemi ölkənin gələcək inkişafının təməlini təşkil etdiyi kimi, logistika, nəqliyyat və bağlantıların genişləndirilməsi də Azərbaycanın regional və qlobal iqtisadi əlaqələrdə rolunu gücləndirən əsas istiqamətlərdəndir. Bu iki xəttin paralel inkişafı ölkənin investisiya imkanlarının genişləndirilməsi və dayanıqlı iqtisadi artımın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Selcan Nağdəliyeva
YAP Kəngərli rayon təşkilatının fəalı