Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu dünyanın maliyyə, enerji və infrastruktur sahələrində söz sahibi olan şəxsləri bir araya gətirdi. Forum çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda təşkil olunan tədbir isə bütün forumun ruhunu və əsas ideyasını ifadə edən müzakirə platformasına çevrildi. Tədbirdə iştirak edən Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin sədri və baş icraçı direktoru Adebayo Oqunlesinin suallarını cavablandırdı.
Tədbirin mövzusu təsadüfi seçilməmişdi. Bu gün dünya iqtisadiyyatı geosiyasi gərginliklər, pozulan təchizat zəncirləri və enerji bazarlarındakı qeyri-müəyyənliklərlə üz-üzədir. Belə bir mühitdə investorlar üçün ən qiymətli resurs etimaddır: verilmiş sözə əməl edən, öhdəliklərini pozmayan, qaydaları proqnozlaşdırılabilən tərəfdaş. Moderatorun qeyd etdiyi kimi, zalda təxminən 30 trilyon dollar dəyərində aktivləri idarə edən şəxslər əyləşmişdi və onların Azərbaycana marağı məhz bu etimad amili ilə bağlı idi.
Adebayo Oqunlesi söhbətə Azərbaycanın son iyirmi ildən artıq dövrdə keçdiyi yolu xatırlatmaqla başladı və bunu “əsl və misilsiz transformasiya” adlandırdı. Onun təqdim etdiyi rəqəmlər təsirli idi: ÜDM on dəfə artaraq 7 milyard dollardan 76 milyard dollara, adambaşına düşən ÜDM isə 900 dollardan 7500 dollara yüksəlib, yoxsulluq səviyyəsi 45 faizdən 5 faizə enib. Dövlət Neft Fondunun aktivləri 840 milyon dollardan 75 milyard dollara çatıb. Moderator həmçinin qeyd etdi ki, qeyri-neft-qaz sektorunun həcmi dörd yarım dəfə artıb və 2025-ci ildə bu sektor ÜDM-in 71 faizini təşkil edib.
Moderatorun diqqət çəkdiyi mühüm məqamlardan biri də ondan ibarət idi ki, genişmiqyaslı infrastruktur və sosial yatırımlar dövlət borcunun ÜDM-ə nisbətinin 22 faizdən 20 faizə endirildiyi bir dövrdə həyata keçirilib. O, dövlət borcunun bu səviyyədə olmasını ABŞ, Fransa, Böyük Britaniya, Yaponiya və Çin kimi iqtisadiyyatların da arzulayacağını vurğuladı. Siyasi müstəvidə isə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində nəzarəti bərpa etdiyini, ötən ilin avqustunda Ağ Evdə sülh sazişinin imzalandığını, ölkənin strateji müstəqilliyini qoruyaraq ABŞ, Avropa və Türkiyə ilə güclü əlaqələrini saxladığını, Rusiya və Çinlə münasibətlərini davam etdirdiyini və 2024-cü ildə COP29-a ev sahibliyi etdiyini xatırlatdı.
Prezident İlham Əliyev isə keçmiş nailiyyətləri gələcək üçün təməl kimi dəyərləndirdi. Dövlətimizin başçısının sözlərinə görə, sabit iqtisadiyyat, müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı. Əlverişli investisiya mühiti sayəsində son 20 ildə ölkəyə 350 milyard ABŞ dollarından çox investisiya cəlb olunub və bunun yarısı birbaşa xarici investisiyalardır. Bu rəqəm iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən aparıcı beynəlxalq şirkətlərin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etdiyinin ən bariz sübutudur.
Etimad mövzusu Prezidentin çıxışında konkret faktlarla əsaslandırıldı. Dövlətimizin başçısı xatırlatdı ki, neft-qaz sektorunun inkişafına gətirib çıxaran, 30 il bundan əvvəl imzalanmış müqavilələrə indiyədək toxunulmayıb, onlarda heç bir söz dəyişdirilməyib. Prezident bildirdi ki, hətta müqavilə parametrlərinin bəziləri ilə tam qane olmasalar belə, məsuliyyətin üstün tutulmalı olduğunu düşünürlər. Parçalanmış dünyada investorun axtardığı etimad məhz budur.
Tədbirdə Azərbaycanın növbəti onillik üçün prioritetləri də aydın şəkildə ortaya qoyuldu: bərpaolunan enerji, logistika və nəqliyyat bağlantıları, elektrik enerjisi ixracı, süni intellekt data mərkəzləri, mədənçilik və ərzaq təhlükəsizliyi. Eyni zamanda, Prezident neft və qazın iqtisadiyyatda aparıcı rolunu qoruyacağını, əldə olunan gəlirlərin yenidən iqtisadiyyata investisiya şəklində yönəldiləcəyini vurğuladı.
Forumun ölkə daxilində keçirilməsinin əhəmiyyətinə də xüsusi toxunuldu. Prezidentin fikrincə, xaricdə keçirilən təqdimatların auditoriyası məhdud olur, lakin Azərbaycanda keçirilən tədbirdə hər kəs öz gözləri ilə görüb özü üçün qərar verə bilir. Dövlətimizin başçısı investorları feyk xəbərlər yayan mediaya inanmamağa çağıraraq bildirdi ki, ən yaxşı təəssürat insanın özünün gördüyü və hiss etdiyi təəssüratdır. Prezident ümid etdiyini bildirdi ki, investorların qərarlarının əksəriyyəti müsbət olacaq.
Tədbirin sonunda moderator Adebayo Oqunlesi Azərbaycanın hekayəsini “həqiqətən də möhtəşəm” adlandırdı və Prezidentin investisiya sammiti keçirən digər ölkələr üçün çox yüksək standart müəyyən etdiyini bildirdi. Onun “Azərbaycana investisiya qoymağı səbirsizliklə gözləyirik” sözləri isə forumun əsas nəticəsini ifadə etdi: parçalanmış dünyada Azərbaycan etimadın, sabitliyin və əməkdaşlığın ünvanı kimi qəbul olunur. Bakıda səslənən bu mesaj ölkənin qlobal investisiya xəritəsindəki mövqeyini daha da möhkəmləndirir.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası
Nəsimi rayon təşkilatının sədri