2020-ci il oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Zəngilan şəhərini işğaldan azad etdi. Bu qələbə Vətən müharibəsinin strateji dönüş nöqtələrindən biri oldu. Azərbaycanın dövlət sərhədləri üzərində nəzarətinin bərpası və regionda yeni geosiyasi reallıqların formalaşması baxımından da mühüm hadisə idi.
Zəngilan Azərbaycanın zəngin tarixi, mədəni irsi və əlverişli coğrafi mövqeyi ilə seçilən bölgələrindəndir. Araz, Həkəri, Oxçuçay və Bəsitçay hövzələrini əhatə edən bu torpaqlar əsrlər boyu mühüm yaşayış və təsərrüfat məkanı olmuşdur. Lakin 1993-cü ilin oktyabrında rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi, soydaşlarımız öz doğma torpağından didərgin düşdü.
2020-ci ilin 20 oktyabrında Zəngilan şəhəri 27 ildən sonra düşmən tapdağından azad edildi. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində dövlətimizin İranla sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsi üzərində nəzarət bərpa edildi. Bu hadisə ölkəmizin ərazi bütövlüyünün və sərhəd təhlükəsizliyinin təmin olunması baxımından xüsusi strateji əhəmiyyət kəsb etdi.
Müzəffər Ali Baş Komanda İlham Əliyevin də bəyan etdiyi kimi, “Zəngilan azad olunandan sonra artıq yolumuz Qubadlıya açıldı və beş gün sonra Qubadlı azad olundu, ondan sonra da Laçın dəhlizinə çıxdıq. Laçın dəhlizinə çıxdıqda demək olar, düşmən də bildi ki, artıq müqavimət göstərməyin mənası qalmayıb”.
Bu gün Zəngilan Azərbaycanın müasir inkişaf modelinin ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində rayonun siması sürətlə dəyişir. Müasir yaşayış kompleksləri, yollar, sosial obyektlər, enerji və kommunikasiya infrastrukturu yaradılır. 2040-cı ilədək inkişafı nəzərdə tutulan Baş plan əsasında Zəngilan şəhəri müasir şəhərsalma prinsiplərinə uyğun yenidən qurulur.
Böyük Qayıdış Proqramının ilk uğurlu nümunələrindən biri məhz Zəngilanın Ağalı kəndində həyata keçirilib. Azərbaycanın ilk “Ağıllı kənd” layihəsi kimi tanınan Ağalı innovativ texnologiyaların, yaşıl enerji həllərinin və müasir sosial xidmətlərin kənd həyatına inteqrasiyasını nümayiş etdirir. Artıq Zəngilan şəhərinə, Ağalı və Məmmədbəyli kəndlərinə keçmiş məcburi köçkünlərin qayıdışı həyata keçirilir. 2026-cı il oktyabrın 1-nə olan təqdim edilmiş məlumatlara əsasən, bu yaşayış məntəqələrində ümumilikdə 497 ailə, 2259 nəfər məskunlaşıb.
Zəngilanın gələcək inkişafını müəyyənləşdirən əsas amillərdən biri onun strateji nəqliyyat-logistika potensialıdır. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu bölgənin beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Bu infrastruktur layihələri Zəngilanın regional ticarət, yükdaşımalar və iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsi üçün yeni imkanlar yaradır. Xüsusilə Zəngəzur istiqamətində nəqliyyat əlaqələrinin inkişafı Azərbaycanın Şərq–Qərb nəqliyyat sistemindəki mövqeyini daha da gücləndirir. Rayonun iqtisadi dirçəlişində kənd təsərrüfatı, sənaye və turizm layihələri də xüsusi yer tutur.
20 Oktyabr – Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Bu gün Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi gündür. Azərbaycan bayrağı bütün azad olunmuş ərazilərimizdə, o cümlədən Zəngilanda əbədi dalğalanacaq.
Nigar Məmmədova
Milli Məclisin deputatı