PDF Oxu

Siyasət

  • 568

20 oktyabr 2020-ci il - Zəngilan rayonu işğaldan azad edilmişdir - ŞƏRH

20 oktyabr 2020-ci il - Zəngilan rayonu işğaldan azad edilmişdir - ŞƏRH

​2020-ci il oktyabrın 20-si Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Zəngilan şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin 27 illik düşmən tapdağından azad edildiyi, müasir hərb və dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış ən şanlı səhifələrdən biridir. Zəngilanın işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin gedişində həm hərbi-strateji, həm də siyasi-geopolitik baxımdan dönüş nöqtələrindən biri olmuşdur.

​Zəngilan əməliyyatı İkinci Qarabağ Müharibəsinin cənub cəbhəsində aparılan ən sürətli və dərindən düşünülmüş hərbi həmlələrindən biri kimi dəyərləndirilir. Cəbrayıl və Füzuli istiqamətlərində düşmənin müdafiə xətləri yarıldıqdan sonra Ordumuz Araz boyu irəliləyərək qısa müddətdə Zəngilan rayonunun ərazisinə daxil oldu. Zəngilanın azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinin böyük bir hissəsi üzərində nəzarət tam bərpa olundu, bu da düşmənin cənub istiqamətindəki təchizat və qanunsuz keçid imkanlarını tamamilə iflic etdi. Eyni zamanda, Zəngilanın düşməndən təmizlənməsi Azərbaycan Silahlı Qüvvələrinə Ermənistanın dövlət sərhədinə çıxmaq və Laçın koridoru istiqamətində strateji yüksəklikləri nəzarətə götürmək imkanı yaradaraq Ordumuzun Şuşa və Laçın istiqamətindəki addımlarını daha da sürətləndirdi.

​Zəngilan təkcə hərbi Zəfərin simvolu deyil, həm də post-müharibə dövründə regionun yeni nəqliyyat və iqtisadi xəritəsinin əsas qovşağına çevrilmişdir. Geostrateji mövqeyinə görə Zəngilan Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin mühüm dayaq nöqtəsidir. Rayonda inşa edilən və istifadəyə verilən Zəngilan Beynəlxalq Hava Limanı, həmçinin çəkilən avtomobil və dəmir yolları rayonu regional logistika mərkəzinə çevirir.

​Zəngilan rayonunun azad edilməsi tək bir hərbi uğur deyil, həm də işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin öncülüdür. İşğaldan azad edilmiş ərazilərdə ilk "Ağıllı kənd" layihəsi məhz Zəngilanın Ağalı kəndində reallaşdırılmışdır. Bu layihə keçmiş məcburi köçkünlərin öz doğma ocaqlarına şərəflə və müasir standartlara uyğun şəkildə qayıtmasının, Böyük Qayıdış proqramının ilk praktiki təzahürü olmuşdur. İşğal dövründə Zəngilanın zəngin təbii ehtiyatları, Bəsitçay Dövlət Təbiət Qoruğu və çinar meşələri erməni ekosidi və talançılığına məruz qalsa da, bu gün Zəngilanda aparılan bərpa işləri regionun biomüxtəlifliyini və ekoloji tarazlığını da bərpa edir.

​20 oktyabr 2020-ci il tarihi Azərbaycan xalqının həsrətinə son qoyulduğu, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edildiyi Zəfər yolunun parlaq mərhələsidir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə hər il 20 oktyabr – Zəngilan Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. Bu gün Zəngilan dağıntılardan sürətlə dirçələn, müasir infrastrukturla yenidən qurulan və dirçəlişin, inkişafın simvoluna çevrilən cənnət bir guşəmizdir.

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının sədri

Digər xəbərlər