20 oktyabr 2020-ci il tarixi şərəf və qürur tariximizə çevrilib. Qazanılan Zəfər təkcə silahın gücü deyil, həm də Prezident İlham Əliyevin milli maraqlarımıza söykənən üzaqgörən siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir. Zəngilan şəhərinin azad edilməsi Azərbaycan xalqının Vətən müharibəsində qazandığı ən önəmli qələbələrdən biridir. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda atılan mühüm addım idi.
Məlum olduğu kimi, Zəngilan 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Rayon işğal edilərkən 1 şəhər,5 qəsəbə və 83 kənddən ibarət idi. İqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olub. Digər rayonlarımız kimi Zəngilanda da abidə genosidi yaşadıblar. Tarixi – dini abidələrimizi , tarixi memarlıq abidələrimizi məhv ediblər. Rayonun İmam Hüseyn məscidi, Məmmədbəyli kəndindəki Səkkizguşəli türbə kimi dini və tarixi abidələri dağıdılıb. Zəngilanın 132 kilometrlik Azərbaycan-İran sərhədi də bu dövrdə işğal altına düşmüş, lakin 2020-ci ildə tam bərpa edilmişdir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması, Azərbaycan Silahlı qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabrın 18-də Zəngilanın azad edilməsi uğrunda əməliyyata başlandı. Oktyabrın 20 də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilanın Havalı, Zərnəli, Məmmədbəyli , Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan şəhəri , rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Azərbaycan–İran sərhədi tam bərpa edildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin azad olunmuş rayonlara səfəri çərçivəsində dəfələrlə Zəngilanda olmuşdur, 23 dekabr 2020-ci ildə Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırmışdır. Zəngilan sakinləri ilə görüşmüşdür.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, infrastruktur layihələrinin həyata keçirilməsi, yeni yaşayış massivlərinin və sosial obyektlərin inşası bu gün Azərbaycanın qüdrətinin, dövlət siyasətinin əsas prioritetinin və milli iradənin təcəssümüdür. Bu prosesin ən parlaq nümunələrindən biri də Zəngilan rayonudur. Zəngilanın bugünkü inkişaf mənzərəsi Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq siyasətinin mühüm nəticələrindən biridir. Vaxtilə işğalın ağır fəsadları ilə üzləşən, infrastrukturu dağıdılan və əhalisi doğma yurdlarından didərgin salınan rayon indi yenidən canlanır. Müasir yaşayış məkanları, iqtisadi layihələr və doğma torpaqlarına qayıdan ailələr Zəngilanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunun göstəricisidir. 20 Oktyabr – Zəngilan şəhəri günü xalqımızın yaddaşında həm tarixi Qələbənin, həm də yeni həyatın başlanğıcının rəmzidir. İnsanların doğma yurdda daimi məskunlaşması, əmək fəaliyyəti ilə məşğul olması və sosial həyatda fəal iştirakı bərpa siyasətinin real nəticələrini nümayiş etdirir. Ağalı ağıllı kəndi azad edilmiş ərazilərdə müasir quruculuq yanaşmasının diqqətəlayiq nümunəsidir. Alternativ enerji mənbələrindən istifadə, müasir kommunikasiya sistemləri və sosial xidmətlər yaşayış mühitinin keyfiyyətini yüksəldir. Burada texnoloji yeniliklərin insan rifahı və ekoloji məsuliyyətlə uzlaşdırılması dayanıqlı inkişaf üçün əlverişli zəmin yaradır. Azərbaycanın quruculuq siyasəti müasir şəhərsalma prinsiplərinə və innovativ həllərə əsaslanır. Zəngilanın iqtisadi gələcəyində nəqliyyat və logistika infrastrukturu mühüm rol oynayır. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Ağbənd dəmir yolu və avtomobil yolu rayonun ölkədaxili və regional əlaqələrini genişləndirir. Bu layihələr ticarətin inkişafı, yükdaşımaların asanlaşdırılması və sahibkarlıq fəaliyyətinin genişlənməsi üçün yeni imkanlar yaradır.
Bu gün Zəngilan həm iqtisadi, həm sosial, həm də mənəvi baxımdan yenidən formalaşır. Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Zəngilan şəhər məscidi yalnız dini ibadət məkanı deyil, həm də xalqımızın milli iradəsinin, mədəni dirçəlişinin rəmzidir.
Beləliklə, Zəngilan həm öz tarixi simasını qoruyur, həm də müasir yaşayış məkanına çevrilir. Zəngilanda aparılan quruculuq işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, azad edilmiş ərazilərin bərpasını və əhalinin doğma torpaqlarına qayıdışını prioritet hesab edən dövlət siyasətinin nəticəsidir.
Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri