Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Zəngilanın bugünkü inkişaf mənzərəsi Azərbaycanın qazandığı tarixi Zəfəri real quruculuq nəticələri ilə tamamladığını nümayiş etdirir. Bir vaxtlar işğalın ağır fəsadları ilə üzləşən, yaşayış məntəqələri dağıdılan və əhalisi doğma yurdundan didərgin salınan rayon bu gün müasir infrastrukturun, iqtisadi layihələrin və yeni yaşayış məkanlarının yaradıldığı bölgəyə çevrilir. 20 Oktyabr – Zəngilan şəhəri günü təkcə hərbi qələbənin deyil, həm də gələcəyə hesablanmış inkişaf strategiyasının təcəssümüdür.
1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunan Zəngilanın sakinləri ağır sınaqlarla üzləşiblər. Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra 67 gün mühasirədə qalan əhali müqavimət göstərərək 235 şəhid və itkin verib. 2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusunun şəhəri azad etməsi isə illərlə davam edən həsrətin sona çatmasına və doğma yurda qayıdış ümidlərinin gerçəkləşməsinə yol açıb. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə bu tarix Zəngilan şəhəri günü kimi təsis edilib.
Zəngilanın azadlığı Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə yanaşı, strateji mövqeyinin möhkəmlənməsi baxımından da xüsusi nəticələr doğurub. Azərbaycan–İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin bərpası rayonun təhlükəsizlik və geosiyasi əhəmiyyətini artırıb. Bu gün həmin mövqe nəqliyyat, logistika və regional iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
Zəngilanın yenidən qurulmasının əsas məqsədi insanların doğma torpaqlarına qayıdışını təmin etməklə yanaşı, burada uzunmüddətli və dayanıqlı yaşayış mühiti yaratmaqdır. 2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, Ağalı kəndində 234 ailə, Məmmədbəyli kəndində isə 179 ailə məskunlaşıb. Qayıdan sakinlərin məşğulluğunun təmin olunması, sosial xidmətlərə çıxışının genişləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması bu prosesin əsas istiqamətləridir.
Ağalı kəndi müasir kəndsalma yanaşmasının nümunəsi kimi diqqət çəkir. “Ağıllı kənd” konsepsiyası əsasında qurulan yaşayış məntəqəsində məktəb, uşaq bağçası, tibb məntəqəsi, sosial xidmətlər və rəqəmsal infrastruktur yaradılıb. Günəş panelləri, su elektrik stansiyası, enerji səmərəli evlər və müasir kommunikasiya sistemləri kəndin dayanıqlı inkişafına xidmət edir. Azad edilmiş ərazilərdə quruculuq ənənəvi yaşayış məkanlarının bərpası ilə məhdudlaşmır, müasir texnologiyaların gündəlik həyata tətbiqini də əhatə edir.
Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi də bu siyasətin uzunmüddətli xarakter daşıdığını göstərir. 2026-cı ildə 104 mənzilli ilk yaşayış kompleksinin açılması şəhərdə məskunlaşmanın genişlənməsinə imkan yaradıb. Yeni yaşayış binaları, yollar, kommunal sistemlər və sosial infrastruktur Zəngilanın müasir şəhər kimi formalaşmasına xidmət edir.
Zəngilanın gələcək inkişafında onun coğrafi mövqeyi mühüm üstünlükdür. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu bölgənin nəqliyyat imkanlarını genişləndirən əsas layihələrdəndir. Bu infrastrukturun inkişafı yük və sərnişin daşımalarının asanlaşdırılmasına, iqtisadi əlaqələrin genişlənməsinə və rayonun regional logistika sistemində mövqeyinin möhkəmlənməsinə şərait yaradır.
Nəqliyyat layihələri ilə yanaşı, kənd təsərrüfatı və istehsal sahələrinin inkişafı da Zəngilanın iqtisadi gələcəyi üçün vacibdir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan “Dost Aqropark” heyvandarlıq, bitkiçilik və məhsulların emalı istiqamətlərini əhatə edir. Layihənin genişləndirilməsi yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın artmasına və kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılmasına imkan verəcəkdir.
Turizm də rayonun iqtisadi şaxələndirilməsi üçün perspektivli sahələrdəndir. Ağalı hotelinin fəaliyyəti, istirahət kompleksləri və yeni hotel layihələri xidmət sektorunun inkişafına zəmin yaradır. Zəngilanın təbii gözəlliklərinin, tarixi abidələrinin və müasir infrastrukturunun bir araya gəlməsi gələcəkdə turizm imkanlarının daha da genişlənməsinə şərait yarada bilər.
Şəhərin tarixi-mədəni irsinin qorunması da yenidənqurmanın mühüm istiqamətidir. İşğal dövründə ciddi dağıntılara məruz qalmış Zəngilan məscidinin bərpası və yeni məscid binasının inşası rayonun mənəvi yaddaşının yaşadılmasına xidmət edir. Belə layihələr müasir şəhərsalma ilə tarixi irsin qorunmasını birləşdirir.
Əsas nəticə insanların doğma torpaqlarına qayıtması, burada iş tapması, övladlarının təhsil alması və təhlükəsiz şəraitdə yaşamasıdır. Məhz bu amillər quruculuq işlərinin sosial məzmununu müəyyən edir. 20 Oktyabr – Zəngilan şəhəri günü xalqımızın qəhrəmanlıq tarixini, dövlətimizin bərpa iradəsini və gələcəyə inamını bir araya gətirir. Müasir infrastrukturun qurulması, iqtisadi potensialın reallaşdırılması və sakinlərin doğma yurda qayıdışı rayonun gələcək inkişafının əsasını təşkil edir.
Zəngilanın dirçəlişi Azərbaycanın tarixi Zəfərini sülh, quruculuq və firavanlıqla davam etdirmək əzminin ifadəsidir. Bu torpaqda qurulan hər yeni ev, açılan hər iş yeri və həyata keçirilən hər layihə doğma yurda qayıdışın möhkəmlənməsinə, bölgənin iqtisadi həyatının canlanmasına və gələcək nəsillər üçün dayanıqlı inkişaf mühitinin yaradılmasına xidmət edir.