PDF Oxu

Siyasət

  • 772

Azərbaycanın suverenliyi və beynəlxalq əməkdaşlıq - ŞƏRH

Azərbaycanın suverenliyi və beynəlxalq əməkdaşlıq - ŞƏRH

2026-cı il oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu, müstəqil xarici siyasətini, ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası ilə nəticələnən tarixi hadisələri diqqətə çatdırıb. Dövlət başçısı çıxışında Azərbaycanın regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələri vurğulayaraq beynəlxalq hüququn prinsiplərinə hörmətin vacibliyini ön plana çəkib.

Prezident İlham Əliyev qeyd edib ki, coğrafi baxımdan Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin müxtəlif dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığı regional təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət edir. Azərbaycan bərabərhüquqluluq, dövlətlərin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsiplərinə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Dövlət başçısı beynəlxalq münasibətlərdə ikili standartların tətbiqinin yolverilməz olduğunu vurğulayaraq münaqişələrin həllində ədalətli və prinsipial yanaşmanın vacibliyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra uzun illər ərzində üzləşdiyi çətinliklərdən, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən və işğal siyasətindən bəhs edib. Bildirilib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizi 30 il ərzində işğal altında saxlanılıb, bir milyona yaxın azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin uzun müddət icra olunmaması beynəlxalq təşkilatların fəaliyyətindəki ciddi problemləri üzə çıxarıb. Dövlət başçısı ATƏT-in Minsk qrupunun da münaqişənin həlli istiqamətində səmərəli nəticə əldə edə bilmədiyini qeyd edib.

Azərbaycan xalqının səbri, iradəsi və Vətən sevgisi 2020-ci ildə Vətən müharibəsində özünün ən parlaq təcəssümünü tapıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən müharibədə torpaqlarımızı işğaldan azad edərək tarixi Zəfər qazanıb. 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalaması müharibənin dayandırılması ilə nəticələnib. Lakin Azərbaycanın suverenliyinin tam bərpası üçün qarşıda mühüm vəzifələr qalırdı. Dövlət başçısının çıxışında vurğuladığı kimi, Azərbaycan üç il ərzində bu məsələnin sülh yolu ilə həllinə çalışsa da, Ermənistanın təxribatları və hərbi qüvvələrini bərpa etmək cəhdləri vəziyyəti daha da gərginləşdirib.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib, ölkəmizin ərazisində separatizmə son qoyulub. Prezident İlham Əliyev bu tarixi hadisəni Azərbaycan dövlətinin qətiyyətinin, xalqımızın birliyinin və ordumuzun gücünün nəticəsi kimi təqdim edib. Dövlət başçısı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasını təmin edən təsirli mexanizmlər yaradılmadıqca dünyada münaqişələrin qarşısını almaq çətin olacaq. Bu baxımdan Azərbaycanın təcrübəsi beynəlxalq hüququn aliliyinin və dövlətlərin suverenliyinə hörmətin əhəmiyyətini bir daha göstərir.

Çıxışında sülh məsələsinə də xüsusi yer ayıran Prezident İlham Əliyev Azərbaycanın müharibəni seçmədiyini, xalqımızın öz torpaqlarını müdafiə etmək və suverenliyini bərpa etmək məcburiyyətində qaldığını bildirib. Azərbaycan qalib gəldikdən sonra məğlub tərəfdən qisas almaq yolunu seçməyib, əksinə, Ermənistana sülh təklif edib. Dövlət başçısı xalqımızın humanist dəyərlərinin və mənəvi keyfiyyətlərinin bu prosesdə də özünü göstərdiyini vurğulayıb. Bununla yanaşı, mövcud sülhün kövrək olduğunu, onun qorunmasının və möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

AQEM-in fəaliyyətinə toxunan Prezident İlham Əliyev Azərbaycanın təşkilata ikiillik sədrliyi dövründə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirdiyini bildirib. Nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində irəli sürülən təşəbbüslər təşkilatın inkişafına mühüm töhfə verib. Üzv dövlətlərin dəstəyi ilə AQEM-in institusional və hüquqi imkanları güclənib, üzvlərinin sayı artıb, təhlükəsizlik, iqtisadi rifah və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində əməkdaşlıq imkanları genişlənib.

Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu, müstəqil siyasətini və tarixi Zəfər nəticəsində bərpa olunmuş dövlət suverenliyini bir daha nümayiş etdirib. Azərbaycanın regional və qlobal əməkdaşlığın inkişafına verdiyi töhfələr, beynəlxalq hüququn prinsiplərinə sadiqliyi və sülhün möhkəmləndirilməsi istiqamətində atdığı addımlar ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.

Elnur Əsədov

YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər