PDF Oxu

Siyasət

  • 1 215

“Qardaşlıq fərqli düşündüyümüz zaman da qarşılıqlı hörməti qorumaqdır” - ŞƏRH

“Qardaşlıq fərqli düşündüyümüz zaman da qarşılıqlı hörməti qorumaqdır” - ŞƏRH

"Azərbaycanla Türkiyə arasında son günlər müşahidə olunan fikir ayrılıqlarını iki qardaş dövlət arasında münaqişə kimi təqdim etmək doğru olmaz. Müəyyən məsələlər ətrafında narazılıqların yaranması mümkündür".Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.Onun sözlərinə görə, ancaq burada vacib olan həmin narazılıqların hansı formada ifadə edilməsi və iki ölkənin münasibətlərinə necə təsir göstərməsidir:"Azərbaycan–Türkiyə qardaşlığı ayrı-ayrı şəxslərin açıqlamalarından, sosial şəbəkələrdəki mübahisələrdən və gündəlik siyasi emosiyalardan daha böyükdür. Son müzakirələrin başlanğıcında Azərbaycanda məktəbli geyimi və təhsilin dünyəviliyi ilə bağlı qəbul edilmiş qaydalar dayanır. Türkiyədə bəzi siyasi və ictimai dairələr bu məsələyə dini etiqad azadlığı və təhsil hüququ prizmasından yanaşaraq öz narahatlıqlarını ifadə ediblər. Azərbaycan tərəfi isə məsələnin dövlətin konstitusion quruluşu, dünyəvi təhsil prinsipləri və məktəblərdə vahid qaydaların tətbiqi ilə bağlı olduğunu vurğulayır.Burada bir məqamı unutmamalıyıq. Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə dini etiqad azadlığı Konstitusiya ilə qorunur. Eyni zamanda, dövlətin təhsil siyasətini müəyyən etmək, məktəblərdə vahid qaydalar tətbiq etmək Azərbaycanın suveren hüququdur. Bu hüquqa hörmət edilməsi də dövlətlərarası münasibətlərin əsas prinsiplərindəndir. Bununla yanaşı, qaydaların tətbiqi zamanı uşaqların təhsil hüququnun qorunması və məsələyə həssas yanaşılması da vacibdir.Hesab edirəm ki, yaranmış fikir ayrılıqlarını yalnız hicab məsələsi ilə əlaqələndirmək də tam doğru olmaz. Son dövrlərdə müəyyən xarici siyasət məsələlərinə fərqli yanaşmalar, ayrı-ayrı şərhçilərin emosional açıqlamaları və sosial şəbəkələrdəki müzakirələr də ümumi mənzərəyə təsir göstərib. Lakin bunların heç biri Azərbaycanla Türkiyənin dövlətlərarası münasibətlərində köklü ziddiyyətin mövcudluğu anlamına gəlmir.Xüsusilə Prezident İlham Əliyevin və Azərbaycan xalqının ünvanına səsləndirilən bəzi fikirlər təəssüf doğurur. Tənqid etmək hər kəsin hüququdur. Ancaq tənqidlə təhqir arasında ciddi fərq var. Dost və qardaş ölkələr arasında fikir ayrılığı ola bilər, lakin qarşılıqlı hörmət heç vaxt arxa plana keçməməlidir.

Biz Türkiyənin Azərbaycan üçün nə qədər böyük əhəmiyyət daşıdığını çox yaxşı bilirik. Eyni zamanda, Azərbaycanın da Türkiyə üçün strateji əhəmiyyətini unutmaq olmaz. Bu münasibətlər qarşılıqlı etimada, ortaq tarixə, təhlükəsizlik maraqlarına, iqtisadi əməkdaşlığa və ən əsası, xalqlarımızın səmimi bağlılığına əsaslanır.Burada Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış siyasi etimadı da xüsusi qeyd etmək lazımdır. İki liderin münasibətləri Azərbaycan–Türkiyə əməkdaşlığının möhkəmlənməsində mühüm rol oynayıb. Şuşa Bəyannaməsi isə bu qardaşlığın artıq hüquqi və strateji müttəfiqlik səviyyəsində təsbit olunduğunu göstərir.Məncə, bu məsələdə ən doğru yanaşma emosiyalara deyil, dövlət maraqlarına üstünlük verməkdir. Azərbaycan öz daxili siyasətini və milli maraqlarını müstəqil müəyyənləşdirir. Türkiyənin də öz siyasi və ictimai həssaslıqları var. Əsas məsələ bu fərqlilikləri qarşıdurmaya çevirmədən, qarşılıqlı anlayış və dialoq yolu ilə müzakirə etməkdir.Qardaşlıq o demək deyil ki, hər məsələdə mütləq eyni düşünməliyik. Qardaşlıq odur ki, fərqli düşündüyümüz zaman da bir-birimizə hörməti itirməyək. Azərbaycan və Türkiyə münasibətləri bir mübahisə ilə yaranmayıb ki, bir mübahisə ilə də zəifləsin. Bu münasibətlərin arxasında ortaq tarix, sınaqlardan çıxmış həmrəylik və böyük strateji maraqlar dayanır. Bizim vəzifəmiz bu irsi qorumaq, fikir ayrılıqlarını böyütmək deyil, onların aradan qaldırılmasına töhfə verməkdir. Azərbaycanın suverenliyinə hörmətlə Türkiyə ilə qardaşlığı qorumaq bir-birinə zidd mövqelər deyil. Əksinə, sağlam və bərabərhüquqlu müttəfiqliyin əsas şərtləridir".

Müəllif: Lətifə Musayeva

Digər xəbərlər