Bu tarix xalqımızın yaddaşında yalnız hərbi Qələbənin rəmzi kimi deyil, həm də uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların ümidlərinin gerçəkləşdiyi gün kimi xüsusi yer tutur. Bu gün Zəngilan azadlığın yaratdığı imkanlar hesabına yenidən qurulur, müasir infrastruktur layihələri ilə inkişaf edir və Azərbaycanın gələcəyə hesablanmış quruculuq siyasətinin mühüm mərkəzlərindən birinə çevrilir.
Zəngilanın müasir tarixində ən ağır səhifələrdən biri 1993-cü ildə Ermənistanın işğalı nəticəsində yaşanıb. Rayonun işğalından sonra minlərlə insan doğma evini tərk edərək başqa ərazilərdə məskunlaşmağa məcbur olub. Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra 67 gün mühasirə şəraitində mübarizə aparan zəngilanlıların iradəsi və Vətənə bağlılığı xalqımızın tarixi yaddaşında dərin iz buraxıb. Doğma torpaqlarından ayrı düşən insanların qəlbində illərlə yaşayan qayıdış arzusu 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı reallığa çevrilmək imkanı qazandı.
2020-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etməsi xalqımıza böyük sevinc və qürur yaşatdı. Azərbaycan Ordusunun qəhrəmanlığı və əsgər-zabitlərimizin fədakarlığı nəticəsində şəhərlə yanaşı, rayonun bir sıra yaşayış məntəqələri də azadlığına qovuşdu. Ümumilikdə, Zəngilan rayonunun şəhəri, dörd qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Bununla yanaşı, Azərbaycan-İran dövlət sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsi bərpa olundu. Bu tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində mühüm mərhələ olmaqla yanaşı, bölgənin gələcək inkişafı üçün də geniş imkanlar yaratdı.
Bu gün Zəngilanın simasında müharibədən sonra həyata keçirilən bərpa və quruculuq işlərinin nəticələrini aydın görmək mümkündür. Böyük Qayıdış Proqramı çərçivəsində şəhərdə və kəndlərdə yaşayış evləri tikilir, sosial obyektlər yaradılır, yollar və kommunikasiya xətləri yenilənir. Əsas məqsəd doğma torpaqlara qayıdan insanların müasir və rahat yaşayış şəraiti ilə təmin edilməsi, onların məşğulluq imkanlarının genişləndirilməsi və sosial həyatın davamlı şəkildə bərpasıdır. Bu baxımdan Zəngilanda həyata keçirilən layihələr yalnız tikinti işləri ilə məhdudlaşmır, eyni zamanda, uzunmüddətli iqtisadi və sosial inkişafın əsaslarını formalaşdırır.
Ağalı ağıllı kəndi bu istiqamətdə görülən işlərin uğurlu nümunələrindən biridir. Burada müasir texnologiyaların tətbiqi, alternativ enerji imkanlarından istifadə, rəqəmsal xidmətlərin təşkili və sosial infrastrukturun yaradılması kənd həyatına yeni məzmun qazandırır. Məktəb, uşaq bağçası, tibb məntəqəsi və digər zəruri obyektlər sakinlərin gündəlik ehtiyaclarının qarşılanmasına xidmət edir. Ağalı nümunəsi göstərir ki, azad edilmiş ərazilərdə quruculuq siyasəti müasir texnologiyalarla ənənəvi yaşayış mühitinin uzlaşdırılmasına, ekoloji tarazlığın qorunmasına və insanların rifahının yüksəldilməsinə əsaslanır.
Zəngilanın gələcək inkişafında nəqliyyat və iqtisadi layihələr də mühüm rol oynayır. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Ağbənd dəmir yolu və Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu rayonun nəqliyyat imkanlarını genişləndirir. Bu layihələr insanların gediş-gəlişini asanlaşdırmaqla yanaşı, yükdaşımaların səmərəliliyini artırır, sahibkarlığın inkişafına və yeni investisiyaların cəlb edilməsinə şərait yaradır. Zəngilanın əlverişli coğrafi mövqeyi onun regional nəqliyyat və iqtisadi əlaqələr sistemində əhəmiyyətini daha da artırır.
Rayonun iqtisadi potensialının reallaşdırılmasında kənd təsərrüfatı və turizm sahələrinin inkişafı da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə şirkətlərinin birgə həyata keçirdiyi “Dost Aqropark” layihəsi aqrar istehsalın genişləndirilməsi, emal imkanlarının artırılması və yeni iş yerlərinin yaradılması baxımından mühüm təşəbbüsdür. Turizm infrastrukturunun inkişafı isə Zəngilanın zəngin təbiətindən, tarixi irsindən və əlverişli coğrafi mövqeyindən səmərəli istifadə üçün imkanlar yaradır. Bu sahələrdə görülən işlər rayonun iqtisadiyyatının şaxələndirilməsinə və yerli əhalinin məşğulluğunun artırılmasına töhfə verə bilər.
Bütün bunlarla yanaşı, Zəngilanın bərpasında tarixi-mədəni irsin qorunması da mühüm yer tutur. Zəngilan şəhər məscidinin bərpası milli-mənəvi dəyərlərimizə hörmətin və tarixi yaddaşın yaşadılmasının ifadəsidir. Müasir yaşayış məkanlarının yaradılması ilə tarixi abidələrin qorunmasının paralel şəkildə həyata keçirilməsi rayonun həm fiziki, həm də mənəvi dirçəlişini təmin edən mühüm amillərdəndir.
20 Oktyabr – Zəngilan şəhəri günü bir daha təsdiqləyir ki, Azərbaycan xalqının iradəsi və dövlətimizin gücü qarşıya qoyulan ən böyük məqsədlərin həyata keçirilməsinə imkan verir. Bir vaxtlar işğalın ağır nəticələri ilə üzləşən Zəngilan bu gün quruculuq, tərəqqi və qayıdış məkanına çevrilir. Burada salınan yollar, tikilən evlər, yaradılan müəssisələr və həyata keçirilən sosial layihələr Azərbaycanın Qələbədən sonra müəyyən etdiyi inkişaf strategiyasının real nəticələridir. Zəngilanın dirçəlişi həm də xalqımızın öz tarixi torpaqlarına bağlılığının, dövlətimizin quruculuq potensialının və gələcəyə inamının parlaq ifadəsidir.
İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı