PDF Oxu

Siyasət

  • 445

Zəngilanın tarixi irsi xalqımızın milli yaddaşının ayrılmaz hissəsidir - ŞƏRH

Zəngilanın tarixi irsi xalqımızın milli yaddaşının ayrılmaz hissəsidir - ŞƏRH

Zəngilan Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini və əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərini özündə yaşadan diyarlarımızdan biridir. Ölkəmizin cənub-qərbində yerləşən bu rayon əlverişli coğrafi mövqeyi, füsunkar təbiəti, qiymətli təbii sərvətləri və tarixi-memarlıq abidələri ilə seçilir. Zəngilan şəhərinin 2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi xalqımızın qəhrəmanlıq salnaməsinə yazılan mühüm hadisələrdən biri olmaqla, ərazi bütövlüyümüzün bərpası yolunda qazanılmış tarixi Zəfərin parlaq təzahürüdür.

Zəngilanın tarixi keçmişi yalnız onun coğrafi mövqeyi və təbii sərvətləri ilə deyil, həm də ərazisində yerləşən qədim yaşayış məskənləri, dini-memarlıq nümunələri və xalqımızın çoxəsrlik mədəniyyətini əks etdirən abidələrlə zəngindir. Müxtəlif tarixi dövrlərdə yaradılmış bu abidələr bölgədə formalaşmış memarlıq ənənələri, dini inanclar, ictimai həyat və mədəni inkişaf haqqında mühüm məlumatlar verir. Onların hər biri xalqımızın tarixi yaddaşının ayrılmaz hissəsi olmaqla, keçmişimizin öyrənilməsi və milli-mədəni irsimizin gələcək nəsillərə çatdırılması baxımından böyük dəyər daşıyır.
Rayonun tarixi-memarlıq irsində orta əsrlərə aid türbələr, sərdabələr, qalalar, körpülər, qədim yaşayış yerləri və müxtəlif dini tikililər xüsusi yer tutur. Məmmədbəyli türbəsi, Şərifan tarixi abidələri, Yenikənd sərdabəsi, Bartaz Qız qalası, Hacallı dairəvi bürcü və Tağlı körpüsü Zəngilanın tanınmış tarixi-memarlıq nümunələri sırasındadır. Şəhri-Şərifan qədim yaşayış məskəni və rayon ərazisində aşkar edilmiş arxeoloji tapıntılar isə bu torpaqlarda əsrlər boyu davam edən məskunlaşma və mədəni inkişaf proseslərinin öyrənilməsinə imkan yaradır. Bu abidələr Zəngilanın Azərbaycanın qədim tarixində tutduğu yeri nümayiş etdirən qiymətli irs nümunələridir.
Zəngilanın tarixi-mədəni irsinin mühüm hissəsini dini abidələr təşkil edir. XVII əsrə aid İmam Hüseyn məscidi, Malatkeşin, Qırıq Muşlan, Muşlan və Rəzdərə kəndlərində yerləşən XIX əsr məscidləri bölgədə dini həyatın, milli-mənəvi ənənələrin və memarlıq mədəniyyətinin inkişafını əks etdirən nümunələr sırasında olub. Bu tikililər təkcə ibadət məkanları deyil, həm də insanların bir araya gəldiyi, dini mərasimlərin və ictimai münasibətlərin formalaşdığı mühüm mədəni məkanlar kimi tanınıb. Onların tarixi əhəmiyyəti Zəngilanın Azərbaycan xalqının mədəni irsində tutduğu yeri daha aydın göstərir.
Rayonun dini-memarlıq irsi yalnız məscidlərlə məhdudlaşmır. Xanazor və Yeməzli kəndlərində yerləşən alban kilsələri də Zəngilanın qədim tarixini və bölgədə formalaşmış müxtəlif dini-mədəni ənənələri əks etdirən abidələrdəndir. Bu tikililər Cənubi Qafqazın qədim xristianlıq tarixinin və memarlıq ənənələrinin öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Məscidlərin, alban kilsələrinin və digər tarixi abidələrin bir arada mövcudluğu Zəngilanın çoxqatlı mədəni keçmişini nümayiş etdirir. Tarixi abidələrin qorunması isə onların dini mənsubiyyətindən asılı olmayaraq, bəşəriyyətin ortaq mədəni irsinə hörmətin ifadəsidir.
Lakin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Zəngilanın zəngin tarixi-mədəni irsinə ciddi ziyan vurulub. İşğal illərində rayonun yaşayış məntəqələri dağıdılıb, mədəniyyət nümunələri talan edilib, bir sıra tarixi və dini abidələr yararsız vəziyyətə salınıb. Bu vandalizm xalqımızın əsrlər boyu yaratdığı maddi-mədəni sərvətlərə qarşı yönəlməklə yanaşı, bölgənin tarixi yaddaşını silmək cəhdlərinin də göstəricisi olub.
İşğal dövründə Zəngilan şəhərində yerləşən tarixi məscid də ciddi dağıntılara məruz qalıb. XIX əsrə aid olduğu bildirilən bu dini abidədən işğal illərində tövlə kimi istifadə olunması, binanın ilkin görkəminin ciddi şəkildə pozulması və böyük hissəsinin dağıdılması erməni vandalizminin acı nəticələrini əks etdirir. Dini ibadət məkanının bu cür təhqir olunması xalqımızın milli-mənəvi dəyərlərinə və dini irsinə qarşı hörmətsizliyin bariz nümunəsidir. Zəngilanın digər tarixi və dini abidələrinin taleyi də işğalın mədəni irsimizə vurduğu zərərin miqyasını ortaya qoyur.
Tarixi abidələrin dağıdılması yalnız ayrı-ayrı tikililərin məhv edilməsi demək deyil. Bu, xalqın keçmişi ilə bağlı izlərin, memarlıq ənənələrinin və nəsillər arasında tarixi bağlılığın zədələnməsidir. Zəngilanın məscidləri, türbələri, körpüləri, qalaları və qədim yaşayış məskənləri özündə xalqımızın həyat tərzini, sənətkarlıq bacarığını və mədəni inkişafını əks etdirən qiymətli məlumatları yaşadır. Buna görə də həmin abidələrin qorunması, vəziyyətlərinin araşdırılması və onlara vurulmuş ziyanın beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması tarixi həqiqətlərin müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Zəngilanın işğaldan azad olunması ilə tarixi-mədəni irsimizin qorunması və bərpası üçün yeni imkanlar yaranıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq tədbirləri çərçivəsində azad edilmiş ərazilərin tarixi irsinin qorunmasına da diqqət yetirilir. Zəngilan şəhərində yeni məscidin inşa edilməsi, tarixi məscidin qalıqlarının qorunması və keçmişdə törədilmiş vandalizmi əks etdirən izlərin saxlanılması şəhərin dini-mədəni həyatının dirçəldilməsi ilə yanaşı, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması baxımından da əhəmiyyətlidir. 2024-cü il mayın 18-də Zəngilan şəhər məscidinin açılışı bu qədim yurdun dirçəlişi yolunda əlamətdar hadisələrdən biri olub.
Bu gün Zəngilanda aparılan bərpa və quruculuq işləri qədim yurdumuzun yenidən dirçəldilməsinə, tarixi irsimizin qorunmasına və doğma torpaqların əvvəlki həyatına qovuşmasına xidmət edir. Zəngilanın abidələri xalqımızın çoxəsrlik tarixinin canlı şahidləri, milli yaddaşımızın qiymətli nümunələri və gələcək nəsillərə ötürülməli olan mənəvi sərvətimizdir. 20 Oktyabr – Zəngilan şəhəri günü bu qədim diyarın azadlığını qeyd etməklə yanaşı, onun tarixi-mədəni irsini qorumağın və yaşatmağın vacibliyini bir daha xatırladır.

Bəhram Bağırov,
Salyan şəhər 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin müəllimi, YAP fəalı

Digər xəbərlər