PDF Oxu

Siyasət

  • 1 327

3 oktyabrın tarixi izi: yeni siyasi, iqtisadi və institusional reallıqlar fonunda

image

Azərbaycanda müstəqilliyinin bərpasının ilk illəri iqtisadi tənəzzülünün dərinliyi, Qarabağ münaqişəsinin və keçid iqtisadiyyatının yaratdığı çətinliklərlə müşayiət olunurdu. Həmin dövr dövlət quruculuğu baxımından mürəkkəb siyasi, iqtisadi və hərbi şəraitlə səciyyələnirdi. Bir tərəfdən ərazilərin Ermənistan tərəfindən işğalı, digər tərəfdən ölkə rəhbərliyinin səriştəsizliyi, AXC-Müsqavat cütlüyünün isə hakimiyyət uğrunda xəyanətkar fəaliyyəti vəziyyəti həddindən artıq ağırlaşdırmışdı. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra ölkə yeni siyasi institutların formalaşdırılması, iqtisadi sistemin dəyişdirilməsi, ərazi bütövlüyünün müdafiəsi və beynəlxalq münasibətlər sisteminə inteqrasiya kimi bir-biri ilə bağlı ciddi problemlərlə üzləşmişdi.

Belə bir şəraitdə xalqın təkidli tələbi ilə xilaskar missiyası ilə yenidən hakimiyyətə qayıdışından bir neçə ay sonra Ulu Öndər Heydər Əliyevin prezident seçilməsi yalnız hakimiyyətin dəyişməsi kimi deyil, müstəqil dövlət institutlarının möhkəmləndirilməsi prosesinin yeni mərhələsi kimi də qiymətləndirilməlidir. Bu baxımdan 1993-cü il 3 oktyabr prezident seçkiləri Azərbaycanın siyasi tarixində mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.
1993-cü ilin siyasi konteksti
1993-cü ilin ortalarında Azərbaycanda siyasi sabitlik ciddi şəkildə zəifləmişdi. Həmin ilin iyunun 15-də Ümummilli Lider Heydər Əliyev Ali Sovetin sədri seçildi, iyunun 23-də isə Milli Məclis prezident səlahiyyətlərinin ona verilməsi barədə qərar qəbul etdi. Oktyabrın 3-də keçirilən seçkidə isə Heydər Əliyev 98,8 faiz səs toplayaraq prezident seçildi. Bu hadisələrin dövlət quruculuğu baxımından əhəmiyyəti ondan ibarət idi ki, hakimiyyətin institusional çərçivədə yenidən təşkil edilməsi məsələsi ölkənin siyasi gündəliyinin əsas mövzularından birinə çevrilmişdi. Dövlət idarəçiliyinin sabitləşdirilməsi, mərkəzi hakimiyyətin fəaliyyət qabiliyyətinin artırılması və qanunvericilik bazasının formalaşdırılması müstəqilliyin qorunmasının əsas şərtləri kimi çıxış edirdi.
Dövlət quruculuğunun institusional
əsaslarının formalaşdırılması
1993-cü ildən sonrakı dövrün mühüm xüsusiyyətlərindən biri dövlət institutlarının yenidən təşkili və hüquqi əsaslarının möhkəmləndirilməsi idi. Bu prosesin ən mühüm nəticələrindən biri 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi oldu. Konstitusiya Azərbaycanı demokratik, hüquqi, dünyəvi və unitar respublika kimi müəyyənləşdirdi və dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölünməsi prinsipini təsbit etdi. Beləliklə, 1993-cü ildən başlayan siyasi sabitləşmə prosesi sonrakı mərhələdə hüquqi-institusional dövlət quruculuğuna keçidlə müşayiət olundu.
Bu baxımdan, düşünürəm ki, 3 oktyabr 1993-cü il hadisəsini dövlət quruculuğunun başlanğıc nöqtəsi kimi deyil, müstəqillikdən sonra dövlət institutlarının konsolidasiyası prosesində mühüm siyasi mərhələ kimi xarakterizə etmək daha doğrudur.
Təhlükəsizlik və dövlətin ərazi bütövlüyü məsələsi
Həmin dövrdə dövlət quruculuğunun mühüm istiqamətlərindən biri təhlükəsizlik və ərazi bütövlüyünün təmin edilməsi idi. Qarabağ münaqişəsinin davam etməsi dövlət institutlarının fəaliyyətinə və ölkənin iqtisadi imkanlarına ciddi təsir göstərirdi. Məlumdur ki, münaqişə 1994-cü ilin mayında atəşkəs əldə edilənədək davam etmiş və ölkə ərazisinin əhəmiyyətli hissəsinə, eləcə də böyük sayda məcburi köçkünə səbəb olmuşdu.
Heydər Əliyevin prezidentliyi dövründə dövlət hakimiyyətinin əsas prioritetlərindən biri nizami ordunun və təhlükəsizlik institutlarının möhkəmləndirilməsi oldu. 1994-cü ilin mayında atəşkəsin əldə edilməsi hərbi əməliyyatların intensivliyini dayandıraraq dövlətin daxili idarəetmə və iqtisadi inkişaf məsələlərinə daha çox diqqət ayırmasına imkan yaratdı.
Burada dövlət quruculuğunun mühüm siyasi məntiqi ondan ibarət idi ki, siyasi institutların davamlı fəaliyyəti üçün əvvəlcə dövlətin təhlükəsizlik və idarəetmə qabiliyyətinin təmin edilməsi zəruri idi.
İqtisadi siyasət və dövlət quruculuğu
Dövlət quruculuğu yalnız siyasi institutların yaradılması ilə məhdudlaşmır. İqtisadi müstəqillik və dövlətin maliyyə imkanlarının formalaşdırılması da onun mühüm elementidir. Bu baxımdan 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” xüsusi əhəmiyyət daşıyır. Azərbaycan hökuməti ilə beynəlxalq neft şirkətləri konsorsiumu arasında imzalanan saziş “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsini nəzərdə tuturdu. Bu saziş ölkənin neft strategiyasının əsas başlanğıc mərhələlərindən biri olmuşdur.
Bu siyasət dövlət quruculuğunun iqtisadi ölçüsünü formalaşdırdı: xarici investisiyaların cəlb edilməsi, enerji resurslarının beynəlxalq bazarlara çıxarılması və dövlətin gələcək maliyyə imkanlarının artırılması Azərbaycanın müstəqil iqtisadi siyasət aparmaq potensialını genişləndirdi.
Xarici siyasət və beynəlxalq legitimliyin möhkəmləndirilməsi
1993-cü ildən sonrakı dövlət quruculuğunun digər istiqaməti Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi idi. Yeni müstəqil dövlət üçün xarici siyasətin əsas vəzifələrindən biri suverenliyin beynəlxalq səviyyədə möhkəmləndirilməsi və müxtəlif dövlətlərlə siyasi-iqtisadi əlaqələrin inkişaf etdirilməsi idi. 1994-cü ildə imzalanan neft müqaviləsi bu baxımdan yalnız iqtisadi deyil, həm də xarici-siyasi əhəmiyyət daşıyırdı. Xarici şirkətlərin Azərbaycan iqtisadiyyatına daxil olması ölkənin beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə və Azərbaycanın regional enerji layihələrində iştirakının artmasına şərait yaratdı.
Siyasi yanaşmanın əsas xüsusiyyətləri
1993-cü ildən formalaşan siyasi idarəetmə modelini dövlət quruculuğu baxımından bir neçə istiqamətdə təhlil etmək mümkündür:
Birincisi, mərkəzləşdirilmiş siyasi idarəetmə. Dövlətin parçalanması və idarəetmə böhranı şəraitində icra hakimiyyətinin gücləndirilməsi əsas prioritetlərdən biri idi.
İkincisi, dövlət institutlarının hüquqi çərçivəyə salınması. 1995-ci il Konstitusiyasının qəbul edilməsi hakimiyyət institutlarının hüquqi əsaslarını müəyyənləşdirdi və müstəqil dövlətin konstitusion sistemini formalaşdırdı.
Üçüncüsü, təhlükəsizlik və iqtisadi siyasətin dövlət strategiyası ilə əlaqələndirilməsi. Qarabağ münaqişəsi, ordu quruculuğu, atəşkəs və neft strategiyası ayrı-ayrı sahələr kimi deyil, dövlətin uzunmüddətli dayanıqlığının elementləri kimi nəzərdən keçirilirdi.
Dördüncüsü, dövlətçilik ideyasının siyasi konsolidasiya vasitəsinə çevrilməsi. Dövlət müstəqilliyinin qorunması, milli birlik və siyasi sabitlik anlayışları həmin dövrün siyasi diskursunda xüsusi yer tuturdu.
Demokratik inkişaf aspekti
1993-cü il siyasi proseslərini yalnız dövlət sabitliyi və institusional quruculuq prizmasından qiymətləndirmək kifayət deyil. Dövlət institutlarının gücləndirilməsi ilə yanaşı, həmin institutların demokratik legitimliyi, siyasi rəqabət və seçki prosedurlarının şəffaflığı da müasir dövlətçiliyin mühüm tərkib hissələridir. Bu səbəbdən 1993-cü ili yalnız sabitliyin bərqərar olduğu dövr və ya yalnız demokratik inkişaf baxımından problemli mərhələ kimi təqdim etmək tarixi prosesin çoxölçülülüyünü məhdudlaşdırardı. Daha obyektiv yanaşma dövlət institutlarının möhkəmlənməsi ilə demokratik institutların inkişafı arasındakı qarşılıqlı münasibəti birlikdə araşdırmağı tələb edir.
Heydər Əliyev ideyalarının İlham Əliyev timsalında davamı:
bugünkü reallıqlar
3 oktyabr 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi müstəqilliyin ilk illərində dövlət quruculuğu prosesinin mühüm siyasi hadisələrindən birdir. Onun əhəmiyyətini müstəqil Azərbaycanın dövlət institutlarının konsolidasiyası mərhələsinin mühüm başlanğıc nöqtələrindən biri kimi izah etmək mümkündür. Eyni zamanda, həmin dövrün tam siyasi qiymətləndirilməsi üçün Heydər Əliyev ideologiyası üzərində sonrakı inkişaf mərhələlərində dövlət quruculuğunda əldə olunan nəticələrə nəzər salmaq kifayətdir.
Belə ki, Ulu Öndərin formalaşdırdığı dövlətçilik fəlsəfəsi sonrakı mərhələdə islahatçı Prezident İlham Əliyevin liderliyi dövründə yeni siyasi, iqtisadi və institusional reallıqlar fonunda davam etdirilmişdir. Bu yanaşmanın əsas istiqamətləri dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması, milli təhlükəsizliyin təmin edilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi kimi sahələrdə özünü göstərmişdir. Xüsusilə, son illərdə ölkənin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin edilməsi ilə bölgədə yeni reallıqların, o cümlədən münaqişədən sülhə keçidin formalaşması, dövlət quruculuğunun yeni mərhələyə adlaması və regionda Azərbaycanın rolunun dəyişməsi bu siyasi xəttin bugünkü nəticələri kontekstində təqdim olunur. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasının Prezident İlham Əliyev dövründə yalnız davam etdirilməsi deyil, dəyişən regional və qlobal şərtlərə uyğun yeni məzmun qazanması məsələsi ayrıca və geniş siyasi təhlil mövzusudur.

Əli Hüseynli
Milli Məclisin deputatı

Digər xəbərlər