PDF Oxu

Siyasət

  • 532

Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik siyasəti - ŞƏRH

image

Azərbaycan dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna yeri vardır. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ömrünü Azərbaycan Respublikasının inkişafına, xalqın rifahına və dövlətçiliyin möhkəmləndirilməsinə həsr edən Ümummilli Lider müasir Azərbaycanın siyasi, hüquqi və institusional əsaslarının formalaşdırılmasında mühüm rol oynamışdır.

Ulu Öndərin dövlətçilik fəlsəfəsinin əsasını müstəqil, demokratik, hüquqi və dünyəvi Azərbaycan dövlətinin qurulması təşkil edirdi. Heydər Əliyevin ifadə etdiyi kimi: “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq.” Bu yanaşma Azərbaycanın strateji inkişaf istiqamətlərini müəyyənləşdirən fundamental prinsiplərdən birinə çevrildi.
Müstəqilliyin ilk illərində Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri dövlətçiliyin qorunması və möhkəmləndirilməsi idi. Ulu Öndər Heydər Əliyev siyasi idarəetmədə sabitlik, qanunun aliliyi, dövlət institutlarının gücləndirilməsi və milli maraqların qorunmasını əsas prioritetlər kimi müəyyənləşdirdi.
Onun siyasi fəaliyyətinin mühüm xüsusiyyətlərindən biri dövlət quruculuğuna sistemli və uzunmüddətli yanaşması idi. Dövlətin gələcək inkişafının təsadüfi qərarlarla deyil, aydın strategiya və məqsədyönlü idarəçilik əsasında həyata keçirilməsinin vacibliyi Ulu Öndərin siyasi irsində xüsusi yer tutur.
Heydər Əliyev fenomeni yalnız siyasi liderlik anlayışı ilə məhdudlaşmır. Bu fenomen dövlətçilik təfəkkürü, milli maraqların qorunması, siyasi uzaqgörənlik və gələcək inkişaf perspektivlərinin düzgün müəyyənləşdirilməsi ilə xarakterizə olunur.
Ulu Öndər Azərbaycanın müstəqilliyini dövlətin ən ali dəyərlərindən biri kimi qiymətləndirir, dövlətçilik ənənələrinin qorunmasını və yeni tarixi şəraitdə inkişaf etdirilməsini mühüm vəzifə hesab edirdi.
Onun “Demokratiya bizim üçün xaricdən gətirilmə bir dəyər deyildir, bu, Azərbaycan xalqının öz istəyidir, onun özünün müəyyən etdiyi, getmək istədiyi yoldur” fikri də bu yanaşmanın mahiyyətini aydın ifadə edir.
Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun əsas istiqamətlərini dövlət müstəqilliyinin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin olunması, demokratik institutların inkişafı, insan hüquq və azadlıqlarının qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi təşkil edirdi.
Ulu Öndər dövlətlə vətəndaş arasında qarşılıqlı məsuliyyət prinsipinə xüsusi əhəmiyyət verirdi. O bildirirdi: “Dövlətin vəzifəsi ölkədə qanunun aliliyini təmin etməkdir, insanların hüquq bərabərliyini təmin etməkdir, insanların azadlığını təmin etməkdir. Vətəndaşın da vəzifəsi bütün hərəkətləri, bütün fəaliyyəti, işləri qanun çərçivəsində görməkdir.” Bu fikir hüquqi dövlət quruculuğunun əsas mahiyyətini – həm dövlətin, həm də vətəndaşın qanuna hörmətini ifadə edir.
Ulu Öndərin dövlət idarəçiliyi modelində strateji planlama mühüm yer tuturdu. Dövlətin qarşısında duran məsələlərin müəyyənləşdirilməsi, onların həlli yollarının sistemləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərin ardıcıl şəkildə həyata keçirilməsi Heydər Əliyevin idarəçilik fəaliyyətinin xarakterik xüsusiyyətlərindən idi.
Bu baxımdan milli dövlətçilik siyasəti yalnız cari problemlərin həllinə deyil, Azərbaycanın gələcək inkişafına hesablanmış uzunmüddətli strategiyaya əsaslanırdı.
Ulu Öndər Heydər Əliyev milli dövlətçilik siyasətinin əsaslarını müəyyənləşdirərkən dövlət müstəqilliyi ilə yanaşı, milli kimlik, vətənpərvərlik, dövlət rəmzlərinə hörmət və milli-mənəvi dəyərlərin qorunmasına da xüsusi diqqət yetirirdi.
O deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”
Bu yanaşma dövlət rəmzlərinin yalnız formal atribut deyil, xalqın dövlətçilik şüurunun və milli həmrəyliyinin mühüm ifadəsi olduğunu göstərir.
Müstəqil Azərbaycanın demokratik və hüquqi dövlət kimi inkişafında Konstitusiyanın xüsusi əhəmiyyəti vardır. Konstitusiya dövlət quruluşunun əsas prinsiplərini, insan və vətəndaş hüquq və azadlıqlarını, hakimiyyətin təşkili və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. Heydər Əliyevin dövlətçilik siyasətində hüquqi dövlət və demokratik idarəçilik prinsiplərinin möhkəmləndirilməsi mühüm istiqamətlərdən biri olmuşdur.
Ulu Öndər Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmasını, digər dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsini mühüm vəzifə hesab edirdi. Onun “Azərbaycan dünyəvi dövlətdir, öz milli ənənələri ilə bərabər, ümumbəşəri dəyərləri də qəbul edir və onlardan istifadə edir” fikri Azərbaycanın dövlətçilik modelində milli və ümumbəşəri dəyərlərin vəhdətinə verilən əhəmiyyəti ifadə edir.
Nəticə etibarilə, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi müasir Azərbaycanın siyasi inkişafının mühüm təməlini təşkil edən ideyalar sistemidir. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, qanunun aliliyi, insan hüquqlarının qorunması, milli dövlətçilik və beynəlxalq əməkdaşlıq kimi prinsiplər bu irsin əsas istiqamətlərindəndir.
Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafı üçün mühüm siyasi əsaslar yaratmışdır.

Anar Alışov

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri

Digər xəbərlər