"Hindistanla münasibətlərin yaxşılaşması Azərbaycanın maraqlarına cavab verir. Çünki bilirsiniz ki, Hindistan son illərdə Ermənistanın ən yaxın tərəfdaşlarından biri olub və Ermənistana silah tədarük edib. Azərbaycan diplomatiyasının bu məsələdə Hindistanı tədricən Ermənistanın mövqeyindən uzaqlaşdırmağa çalışması və ən azı buna cəhd etməsi normal, təbii və müsbət hal kimi qiymətləndirilməlidir".
Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.
_(1)_(1)_(1).jpg)
Politoloqun sözlərinə görə, Hindistan iqtisadiyyatının inkişafını da nəzərə almaq lazımdır. Məsələn, Hindistan son illərdə iqtisadiyyatının həcminə görə Böyük Britaniyanı geridə qoyub. Bu, tarixi hadisədir. Hindistan üçün keçmiş müstəmləkəçisi olan Böyük Britaniyanı iqtisadi baxımdan geridə qoymaq həm də xüsusi əhəmiyyət daşıyır.
Hindistan texnologiya sahəsində də dünyanın aparıcı ölkələrindən birinə çevrilməkdədir. Hindistanlı mütəxəssislər, xüsusilə də informasiya texnologiyaları sahəsində çalışanlar beynəlxalq miqyasda tanınırlar. Bu baxımdan, Hindistanla Çin arasında da texnologiya sahəsində ciddi rəqabət mövcuddur.
Hesab edirəm ki, Azərbaycan Hindistanla müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, hərbi sənaye və yüksək texnologiyalar istiqamətində əməkdaşlığın inkişaf etdirilməsini zəruri hesab etməlidir. Hindistanın Ermənistanla münasibətlərinin tədricən zəifləməsi də Azərbaycanın maraqlarına uyğun olardı. Hindistanın Ermənistana müəyyən silahları satmaması və ya silah tədarükünü məhdudlaşdırması da ölkəmizin maraqlarına cavab verərdi.
Təbii ki, Hindistanla münasibətləri inkişaf etdirərkən ölkəmizə qarşı mümkün riskləri də nəzərə almaq lazımdır. Amma ümumilikdə, bu münasibətlərin yaxşılaşması müsbət qiymətləndirilməlidir.
Digər tərəfdən, Hindistanda müsəlmanlara münasibət məsələsini də diqqətdən kənarda qoymaq olmaz. Baş nazir Narendra Modi hindu millətçiliyi ilə əlaqələndirilən siyasət yürüdür və bu siyasət ölkə daxilində ciddi mübahisələrə səbəb olur. Müsəlmanlara qarşı ayrı-seçkilik iddiaları, tarixi məscidlərin sökülməsi və onların yerində hindu məbədlərinin tikilməsi ilə bağlı mübahisələr buna nümunədir.
Eyni zamanda, Hindistan-Pakistan münasibətlərini və Kəşmir məsələsini də nəzərə almalıyıq. Biz elə siyasət yürütməliyik ki, Hindistanla münasibətləri yaxşılaşdırmaq naminə Pakistanı itirməyək. Hindistanla yaxınlaşma Pakistanla münasibətlərimizin pisləşməsinə gətirib çıxarmamalıdır.
Hindistanla münasibətlərin inkişafı Ermənistanın bu ölkəyə təsirinin azalmasına, eyni zamanda, Azərbaycanla iqtisadi, hərbi-texniki və texnoloji əməkdaşlığın genişlənməsinə səbəb olarsa, bu, təbii ki, müsbət haldır".