PDF Oxu

Siyasət

  • 742

Bilikli nəsil, güclü dövlət: dörd təhsil ocağının partiya təşkilatları VIII Qurultayın vəzifələrini müzakirə edib

Bilikli nəsil, güclü dövlət: dörd təhsil ocağının partiya təşkilatları VIII Qurultayın vəzifələrini müzakirə edib

23 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının dörd ərazi partiya təşkilatının birgə müşavirəsi keçirilib. Müşavirə 159 nömrəli tam orta məktəbin akt zalında təşkil edilib. Müşavirəyə aşağıdakı ərazi partiya təşkilatları qatılıb:

Cavadxan küçəsi 3 üzrə (159 nömrəli tam orta məktəb);
20 Yanvar küçəsi 5 üzrə (211 nömrəli tam orta məktəb);
Cavadxan küçəsi 23 üzrə (54 nömrəli tam orta məktəb);
20 Yanvar küçəsi 3 üzrə (Texniki Humanitar Lisey).

Müşavirə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunub.

Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirəni Cavadxan küçəsi 3 üzrə ərazi partiya təşkilatının sədri, 159 nömrəli tam orta məktəbin direktoru Gülşən Novruzova aparıb. O, VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olduğunu vurğulayıb. Gülşən Novruzova Partiya Sədrinin «Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, yalanlara, şayiələrə, ideoloji təxribatlara o qədər az uyacaq» fikrini xatırladıb. O bildirib ki, bu sözlər təhsil işçilərinə verilən yüksək qiymət və eyni zamanda böyük məsuliyyətdir.

YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov Partiya Sədrinin qurultayda müəyyən etdiyi vəzifələri diqqətə çatdırıb. Bunlar sırasında hərbi gücün artırılmasını, ideoloji təhlükəsizliyin təmin olunmasını, ideoloji işin formal yanaşmalardan uzaq, müasir formatda qurulmasını və gənclərlə işin gücləndirilməsini qeyd edib. O, Partiya Sədrinin YAP fəallarına olan etimadını xatırladıb və hər bir partiya üzvünün bu etimadı doğrultmalı olduğunu vurğulayıb.

211 nömrəli tam orta məktəbin müəllimi Təhminə Zeynallı çıxışında dövlət başçısının gənc nəslin tarixi həqiqətləri bilməsinin vacibliyi barədə fikrinə toxunub. O, şagirdlərə 1990-cı illərin acı dərslərinin, Vətən müharibəsi və şəhidlərimizin qəhrəmanlığı haqqında həqiqətlərin çatdırılmasının müəllimlərin mühüm vəzifəsi olduğunu bildirib.

Cavadxan küçəsi 23 üzrə ərazi partiya təşkilatının sədri, müəllim Zeynal Qasımov dövlət başçısının internet və süni intellekt dövründə ideoloji risklərin artdığı barədə xəbərdarlığından danışıb. O, şagirdlərə rəqəmsal savadlılıq aşılamağın, onları yalan məlumatlardan və manipulyasiyalardan qorumağın vacibliyini vurğulayıb. Zeynal Qasımov ərazi partiya təşkilatlarının ideoloji işi canlı və müasir formatda quracağını bildirib.

Müşavirənin sonunda iştirakçılar Prezident İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi vəzifələrin icrasında fəal iştirak edəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himni ilə yekunlaşıb.

Digər xəbərlər