PDF Oxu

Siyasət

  • 625

YAP-ın VIII Qurultayı - qarşıda duran yeni hədəflər və vəzifələr

YAP-ın VIII Qurultayı - qarşıda duran yeni hədəflər və vəzifələr


23 oktyabr tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı Lökbatan qəsəbəsi Seymur Orucov küçəsi 3A (Əli Əmirov adına Neft-Qaz Çıxarma İdarəsi) ünvanı üzrə ərazi partiya təşkilatında tədbir keçirib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri, VIII Qurultayın nümayəndəsi İlqar İlyasov, Seymur Orucov küçəsi 3A ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Əli Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinin rəisi Rauf Alməmmədov, partiya üzvləri və fəallar iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Seymur Orucov küçəsi 3A ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Əli Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinin rəisi Rauf Alməmmədov bildirib ki, bugünkü tədbirin mövzusu YAP-ın VIII Qurultayında Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqində müəyyənləşdirilən yeni hədəflər, partiya üzvlərinin məsuliyyəti və qarşıdakı dövrdə yerli təşkilatların fəaliyyətinin təkmilləşdirilməsidir. Rauf Alməmmədov qeyd edib ki, VIII Qurultay partiyanın qarşısında yeni vəzifələr müəyyənləşdirməklə yanaşı, gələcək fəaliyyət üçün mühüm istiqamətləri də göstərib. Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qurultaydakı nitqi partiyanın qarşısında duran strateji hədəfləri, yeni dövrün çağırışlarını və bu istiqamətdə görülməli işləri aydın şəkildə əks etdirib. Neft-qaz sənayesinin ölkəmizin iqtisadi qüdrətinin artırılmasında mühüm rol oynadığını xatırladan ərazi partiya təşkilatının sədri gələcək vəzifələrin icrası, qurultayın qərarlarının həyata keçirilməsi üçün səylə çalışacaqlarını bildirib.
Tədbirdə digər çıxış edənlər - ərazi partiya təşkilatı sədrinin müavini İlqar Yusifov və xidmət rəisi Mehriban Hacıyeva Prezident İlham Əliyev tərəfindən Ümummili Lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi, dövlətçilik dəyərlərinin təbliği və cəmiyyətlə əlaqələrin möhkəmləndirilməsi üçün hər bir partiya üzvündən fəallıq və məsuliyyət tələb olunduğunu qeyd ediblər.
Bildirilib ki, partiyanın gücü üzvlərinin birliyində, təşəbbüskarlığında və gördüyü konkret işlərdə təzahür edir. Yerli təşkilatların əsas məqsədi qurultaydan irəli gələn vəzifələri əməli fəaliyyətə çevirmək və ictimai etimadı daha da gücləndirməkdir.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, VIII Qurultayın nümayəndəsi İlqar İlyasov VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olduğunu xatırladıb. O, dövlət başçısının ideoloji təxribatlara qarşı əsas sipərin təhsil və vətənpərvərlik olduğu barədə fikrini xatırladıb. İlqar İlyasov bildirib ki, bu baxımdan gənc nəslin milli – mənəvi dəyərlərə sadiq, əsl vətənpərvər kimi yetişməsi bu gün bütün cəmiyyət üzvlərinin üzərinə düşən böyük məsuliyyətdir.
Partiya Sədrinin gənc nəslin tarixi həqiqətləri bilməsinin vacibliyi barədə fikrini xatırladan YAP rayon təşkilatının sədri 1990-cı illərin acı dərslərinin və Zəfər tariximizin onlara canlı faktlarla çatdırılmasının əhəmiyyətindən danışıb.
Partiya Sədri cənab İlham Əliyevin qurultayda müəyyən etdiyi vəzifələri diqqətə çatdıran İlqar İlyasov bunların sırasında hərbi gücün artırılmasının, ideoloji təhlükəsizliyin təmin olunmasının, ideoloji işin formal yanaşmalardan uzaq, müasir formatda qurulmasının və gənclərlə işin gücləndirilməsinin zəruriliyini qeyd edib. O, Partiya Sədrinin YAP fəallarına olan etimadını xatırladıb və hər bir partiya üzvünün bu etimadı doğrultmalı olduğunu vurğulayıb.
YAP Qaradağ rayon təşkilatının sədri çıxışında cəmiyyətdə maarifləndirmə işinin genişləndirilməsi, gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və yerli təşkilatların fəaliyyətində təşəbbüskarlığın artırılması məsələlərinə də toxunub.
İlqar İlyasov, həmçinin qurultayın qəbul etdiyi qərarların icrası, qarşıda duran vəzifələrin həyata keçirilməsi və ərazi partiya təşkilatlarının fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı fikirlərini də bildirib.

Digər xəbərlər