PDF Oxu

Siyasət

  • 652

Şəhid yaddaşı, Zəfər tərbiyəsi: Yeni Azərbaycan Partiyasının VIII Qurultayında vəzifələri müzakirə olunub

Şəhid yaddaşı, Zəfər tərbiyəsi: Yeni Azərbaycan Partiyasının VIII Qurultayında vəzifələri müzakirə olunub

23 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının üç ərazi partiya təşkilatının birgə müşavirəsi keçirilib. Müşavirə 44 nömrəli tam orta məktəbin akt zalında təşkil edilib. Müşavirəyə aşağıdakı ərazi partiya təşkilatları qatılıb:

Ş. Əzizbəyov küçəsi 108 üzrə (44 nömrəli tam orta məktəb);
Bülbül prospekti 36 üzrə (46 nömrəli tam orta məktəb);
Ş. Əzizbəyov küçəsi 102 üzrə (Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi).

Müşavirə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunub.

Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirəni Ş. Əzizbəyov küçəsi 108 üzrə ərazi partiya təşkilatının sədri, 44 nömrəli tam orta məktəbin direktoru Əzizə Abbasova aparıb. O, çıxışında VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olduğunu vurğulayıb. Əzizə Abbasova dövlət başçısının ideoloji təxribatlara qarşı əsas sipərin təhsil və vətənpərvərlik olduğu barədə fikrini xatırladıb. O bildirib ki, bu baxımdan gənc nəslin tərbiyəsində məktəblərin üzərinə böyük məsuliyyət düşür.

YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov Partiya Sədrinin qurultayda müəyyən etdiyi vəzifələri diqqətə çatdırıb. Bunlar sırasında hərbi gücün artırılmasını, ideoloji təhlükəsizliyin təmin olunmasını, ideoloji işin formal yanaşmalardan uzaq, müasir formatda qurulmasını və gənclərlə işin gücləndirilməsini qeyd edib. O, Partiya Sədrinin YAP fəallarına olan etimadını xatırladıb və hər bir partiya üzvünün bu etimadı doğrultmalı olduğunu vurğulayıb.

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin tarix müəllimi, şəhid bacısı Təhminə Zeynallının çıxışı iştirakçılar tərəfindən böyük diqqətlə dinlənilib. O, Zəfərin şəhidlərimizin qanı və canı bahasına qazanıldığını vurğulayıb. Təhminə Zeynallı şəhidlərin xatirəsinin əbədi yaşadılmasının və tarixi həqiqətlərin şagirdlərə çatdırılmasının hər bir müəllimin vətəndaşlıq borcu olduğunu bildirib. O, Partiya Sədrinin gənc nəslin tarixi bilməli olduğu barədə fikrinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

46 nömrəli tam orta məktəbin müəllimi Gülmirə Məmmədova məktəblərdə vətənpərvərlik tərbiyəsinin formal tədbirlərlə deyil, canlı tarix və real nümunələrlə aparılmasının vacibliyindən danışıb. O, şagirdlərə rəqəmsal savadlılıq aşılamağın, onları yalan məlumatlardan qorumağın müəllimlərin qarşısında duran mühüm vəzifə olduğunu bildirib.

Müşavirənin sonunda iştirakçılar Prezident İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi vəzifələrin icrasında fəal iştirak edəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himni ilə yekunlaşıb.

Digər xəbərlər