Elmir Zamin oğlu Məmiyev 19 yaşında Vətən torpaqlarının azadlığı və bütövlüyü uğrunda canından keçdi. Bununla da Yardımlı rayonunun Kürəkçi kəndində dünyaya göz açan igid bütün Azərbaycanın qürur, iftixar yerinə çevrildi. Əbədidir Elmirin qısa həyat yolu. Qərinələr keçəcək, gələcək nəsillərdə Vətənə, torpağa sevgi nümunəsi olacaq.
Elmir özünü biləndən sonra birinci növbədə əlinə silah alıb döyüş meydanında erməni cəlladlarını əzmək ürəyindən keçir. 2020-ci ildə o, həqiqi hərbi xidmətdə olur. Müqəddəsliyinə tapındığı doğma Azərbaycanın keşiyində sədaqətlə, etibarla durur, onun qeyrətini hər şeydən üstün tutur. Düşmənə əsir düşən Qarabağın taleyini düşünməklə bütün təlimlərdə döyüş igidliyinə görə fərqlənir. Vətən yolunda hər zaman canını belə qurban verməyə hazır olan Elmir İkinci Qarabağ müharibəsi başlanan gündən döyüş meydanına atılır. Dağlar diyarının qartal balası ölümə meydan oxumaqla düşmənin bağrına çat salan bir igid kimi ad qoyur. Dığalara sarsıdıcı zərbələr vurmaqla, qısa ömrünün qəhrəmanlıq tarixini yaradır. Və hər ölüm-dirim haqq savaşında göstərdiyi misilsiz şücaəti zəfər günümüzdən soraq verir.
2 oktyabr 2020-ci ildə Ağdamın azadlığı uğrunda şiddətli döyüşlər başlanır. Adəti üzrə yenə də Elmir cəsarətlə döyüşün önündə gedir, əsgər yoldaşlarını hücuma səsləyir. Bir neçə saatlıq gərgin vuruşmadan sonra düşmən təslim olur. Təəssüf ki, Elmir qəfil açılan gülləyə tuş gəlir. Tanrının qismətinə yazdığı şərəfli ölümü ilə Vətən olan sonsuz məhəbbətini polad sinəsini ona sipər etməklə bir daha bildirir...
Qəhrəman Elmir cismən aramızdan gedib. Şəhidlik zirvəsindən gələcəyə boylanan bu Vətən sevdalısının adı hər yerdə, hər zaman xalqın dilində böyük iftixarla çəkilir. Dövlət tərəfindən müharibə meydanında igidlik, mərdlik göstərdiyinə görə “ Vətən uğrunda” medalı ilə təltif edilənlər arasında şəhid Elmir Zamin oğlu da var.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü