PDF Oxu

Siyasət

  • 508

Böyük Qayıdışın Zəfər səhifəsi - ŞƏRH

image

4 oktyabr 2020-ci il tarixi Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi ilə Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələnin başlanğıcı qoyuldu,
Cəbrayıl rayonu 1993-cü ilin avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl şəhəri, 4 qəsəbə və 97 kənd darmadağın edilmişdi. İşğal nəticəsində ermənilər Cəbrayıl rayonuna milyardlarla dollar ziyan vurub. 1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd, həmçinin 8 sənaye müəssisəsi işğal zamanı vəhşicəsinə dağıdıldı. 52000 nəfər əhali doğma yurd-yuvalarından didərgin düşərək respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdılar. Müharibə zamanı Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil oldu. Cəbrayılın işğalı eyni zamanda strateji baxımdan da ağır nəticələr doğurmuşdu. Arazboyu ərazilərin düşmən tərəfindən zəbt edilməsi Azərbaycanın regiondakı təhlükəsizliyinə təhdid yaratmışdı. Beynəlxalq təşkilatlar və xarici ölkələr 30 il Azərbaycan torpaqlarının işğalına göz yumdu. BMT Təhlükəsizlik Şurası Erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnamə kağız üzərində qaldı. Məsələnin həlli məqsədilə yaradılmış Minsk qrupu problemin çözülməsinə nəinki kömək etdi, hətta nəticəsiz danışıqları ilə vəziyyəti daha da gərginləşdirdi.
Cəbrayıl şəhərinin azad edilməsi 44 günlük Vətən müharibəsinin ən mühüm hadisələrindən biri olmuşdur. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Cəbrayıl həmin müharibə zamanı işğaldan azad edilən ilk şəhər olmuşdur. Bu baxımdan Cəbrayılın azadlığı Azərbaycan Ordusunun Zəfər yürüşündə xüsusi yer tutur. Uzun illər işğal altında qalan Cəbrayıl rayonunda yalnız Cocuq Mərcanlı kəndi 2016-cı il Aprel döyüşlərindən sonra yenidən dirçəlişə başladı. Lələtəpə yüksəkliyinin azad olunması Cocuq Mərcanlının bərpasına imkan yaratdı və bu kənd Vətən müharibəsindən öncə Cəbrayılın dirçəliş simvoluna çevrildi.
Cəbrayıllılar 27 il ərzində öz dщğma yurdlarının həsrəti ilə yaşadılar. Nəhayət Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət öz bəhrəsini verdi. 2020-ci il 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu hücuma keçdi, Cəbrayıl rayonunun kəndləri bir-bir işğaldan azad edildi. Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bu Qələbənin çox böyük mənası var idi. 4 oktyabr günü 27 illik işğaldan sonra qəhrəman Azərbaycan Ordusunun şücaəti ilə azad edilmiş Cəbrayıl şəhərinin tarixi zəfər günü kimi qeyd olunur. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz şanlı Zəfər tarixini yazdı. Bu Zəfərin ilk səhifələrindən biri Cəbrayıl şəhərinin azad edilməsi oldu. Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalanır. Müzəffər Ali Baş Komandanın müqəddəs bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Cəbrayıl ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və bu abidə körpüdə Azərbaycan bayrağının ucaldılmasının böyük tarixi, siyasi önəmi vardır. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludur.
Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da "Cəbrayılın azad olunmasına görə" medalını təsis edib.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində Cəbrayıl şəhərində də yaşayış binaları, sosial obyektlər, yollar və digər infrastruktur layihələri həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun sosial-iqtisadi inkişafı üçün mühüm hadisədir. Hazırda rayonda elektrik təchizatı, yol infrastrukturu və digər zəruri sahələr sürətlə bərpa olunur. “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” təsdiqlənib. Cəbrayıl yeni inkişaf mərhələsinə qədəm qoymuş və sakinlərin doğma yurda qayıdışı təmin edilmişdir. Bu proses yalnız fiziki infrastrukturun yenilənməsi ilə məhdudlaşmır. Məqsəd Cəbrayılın tarixi simasının qorunması, müasir şəhər mühitinin formalaşdırılması, sosial və iqtisadi imkanların genişləndirilməsi və burada dayanıqlı yaşayış üçün şərait yaradılmasıdır.
4 Oktyabr – Cəbrayıl Şəhəri Günü Azərbaycan xalqının uzun illər ərzində doğma torpaqlara qayıdış arzusunun, Vətən müharibəsində əldə olunmuş Zəfərin və işğaldan azad edilmiş ərazilərdə yeni həyatın başlanmasının rəmzlərindən biridir.

Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Digər xəbərlər