Azərbaycanın müasir tarixində 2020-ci il Vətən müharibəsi dövlətçilik salnaməsinin ən mühüm dönüş nöqtələrindən biridir. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoyaraq ərazilərimizin böyük hissəsini işğaldan azad etdi, ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nəticə əldə olundu. Lakin bu Qələbə son məqsəd deyil, daha böyük strateji hədəfə - Azərbaycanın bütün ərazisində suverenliyin və konstitusiya quruluşunun tam bərpasına aparan yolun mühüm mərhələsi idi.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi “Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi” fikri məhz bu tarixi və siyasi reallığın mahiyyətini ifadə edir. Dövlət başçısının qeyd etdiyi kimi, 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrınadək Azərbaycan bir gün belə fasilə vermədən siyasi, diplomatik, hüquqi və hərbi istiqamətlərdə ardıcıl fəaliyyət göstərərək qarşıya qoyulmuş məqsədə doğru irəliləmişdir.
Zəfərdən sonrakı mərhələnin başlıca xüsusiyyəti onun kompleks xarakter daşıması idi. Azərbaycan yalnız hərbi üstünlüyü qorumaqla kifayətlənmədi, eyni zamanda, beynəlxalq müstəvidə formalaşmış yeni reallıqların qəbul etdirilməsi istiqamətində fəal diplomatik siyasət həyata keçirdi. 30 il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində beynəlxalq hüququn prinsipləri ilə siyasi reallıqlar arasında ciddi uyğunsuzluq yaranmışdı. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Azərbaycanın ərazi bütövlüyü və işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması məsələsi təsbit edilsə də, həmin sənədlərin icrası təmin edilməmişdi. Azərbaycan isə hərbi-siyasi gücünü artırmaqla yanaşı, beynəlxalq ictimaiyyətə həqiqətlərin çatdırılması istiqamətində sistemli fəaliyyətini davam etdirdi.
Vətən müharibəsindən sonra Azərbaycanın irəli sürdüyü beş baza prinsipi postmünaqişə dövründə regionda sülh və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdi. Bu prinsiplər dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşılıqlı hörmətini, ərazi iddialarından imtinanı, sərhədlərin delimitasiyası və demarkasiyasını, diplomatik münasibətlərin qurulmasını, habelə nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tuturdu.
Diplomatik müstəvidə əldə olunan ən mühüm nəticələrdən biri Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıması oldu. 2022-ci il oktyabrın 6-da Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi. Bu mövqe Azərbaycanın postmünaqişə mərhələsində irəli sürdüyü əsas hüquqi-siyasi tələblərin beynəlxalq müstəvidə daha da möhkəmlənməsinə şərait yaratdı.
Lakin diplomatik proseslərlə paralel olaraq, Azərbaycan hərbi-strateji üstünlüyünü də davamlı şəkildə gücləndirdi. Prezident İlham Əliyevin sonrakı çıxışlarında vurğuladığı kimi, 2022-ci ildə Fərrux və “Qisas” əməliyyatları, eləcə də sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində baş vermiş döyüşlər Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini nümayiş etdirdi. Bu əməliyyatlar nəticəsində strateji yüksəkliklərdə mövqelərin möhkəmləndirilməsi Azərbaycanın gələcək təhlükəsizliyi baxımından mühüm hərbi-strateji üstünlüklər yaratdı.
Burada diqqəti cəlb edən əsas məqam hərbi addımların məqsədyönlü və mərhələli xarakter daşımasıdır. Azərbaycan hərbi gücdən yalnız zərurət yarandığı halda istifadə etməklə yanaşı, hər bir əməliyyatı daha geniş strateji məqsədlərin tərkib hissəsi kimi həyata keçirirdi. Beləliklə, hərbi sahədə yaradılan reallıqlar diplomatik və hüquqi müstəvidə əldə edilən nəticələri tamamlayırdı. Prezident İlham Əliyevin VIII Qurultayda çıxışında qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər həyata keçirilən hərbi əməliyyatlar 20 sentyabr hadisələrinə aparan prosesin mühüm elementləri olmuşdur.
Bununla belə, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsi, Qarabağ bölgəsində qanunsuz silahlı birləşmələrin mövcudluğunu davam etdirməsi və hərbi təxribatların baş verməsi Azərbaycanın qarşısında yeni təhlükəsizlik çağırışları yaratdı. 2023-cü il sentyabrın 19-da törədilən genişmiqyaslı təxribatlardan sonra Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirlərinə başladı. Əməliyyatın qarşısında duran əsas məqsədlər qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilməsi və Azərbaycanın konstitusiya quruluşunun həmin ərazilərdə bərpası idi.
Antiterror əməliyyatı cəmi 23 saat davam etdi və sentyabrın 20-də başa çatdı. Bunun nəticəsində Qarabağda separatçı silahlı qüvvələrin fəaliyyəti dayandırıldı, qanunsuz silahlı birləşmələrin tərksilahı təmin edildi və Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası üçün tarixi şərait yarandı. Beləliklə, 2020-ci ildə ərazi bütövlüyünün bərpası istiqamətində əldə edilmiş Zəfər 2023-cü ildə dövlət suverenliyinin tam bərpası ilə tamamlandı.
Bu proses Azərbaycanın dövlətçilik tarixində yalnız hərbi qələbə kimi deyil, həm də siyasi iradənin, diplomatik ardıcıllığın və beynəlxalq hüquqa əsaslanan dövlət siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan 2020-ci ildə hərbi müstəvidə yaratdığı yeni reallıqları sonrakı illərdə siyasi və hüquqi müstəvidə möhkəmləndirdi. Diplomatik danışıqlar, beynəlxalq təşkilatlarda aparılan ardıcıl fəaliyyət, hərbi-strateji mövqelərin gücləndirilməsi və nəhayət, antiterror tədbirləri vahid dövlət strategiyasının müxtəlif istiqamətlərini təşkil etdi.
Bu gün “Zəfərdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi” fikri Azərbaycan dövlətinin postmüharibə siyasətinin mahiyyətini ümumiləşdirən mühüm siyasi tezisdir. Bu yanaşmanın əsasında məqsədyönlülük, ardıcıllıq, milli maraqların qorunması və dövlət suverenliyinin təmin edilməsi dayanırdı. 2020-ci ilin Zəfəri ilə başlayan, 2022-ci ildə diplomatik və hüquqi müstəvidə mühüm nəticələrlə möhkəmlənən və 2023-cü il sentyabrın 20-də suverenliyin tam bərpası ilə nəticələnən tarixi proses Azərbaycanın ərazi bütövlüyü məsələsində uzunmüddətli və ardıcıl dövlət siyasətinin məntiqi yekunu oldu.
Bu baxımdan, Zəfərdən sonrakı dövr Azərbaycan tarixində yalnız müharibədən sonrakı mərhələ deyil, milli suverenliyin tam təmin edildiyi yeni siyasi mərhələnin başlanğıcı kimi səciyyələndirilə bilər. 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması da bu tarixi mərhələnin dövlətçilik baxımından əhəmiyyətini ifadə edir. Azərbaycan xalqının uzun illər ərzində gözlədiyi tarixi ədalət bərpa edilmiş, dövlətin bütün ərazisində qanunun aliliyi və suverenliyi təmin olunmuşdur.
Şamo Qasımov
YAP Laçın rayon təşkilatının sədr müavini