PDF Oxu

Siyasət

  • 444

İşğalın nəticələri - ŞƏRH

image

Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonu ilə Bakı arasında olan məsafə 338 kilometrdir.

Cəbrayıl 08.08.1930-cu ildə inzibati rayon statusu almışdır. Ərazisi 1.05 min km2, əhalisi 81,7 min (01.01.2020) nəfərdir. Rayon 1 şəhər (Cəbrayıl), 4 qəsəbə (Xələfli, Xudafərin, Qumlaq, Mahmudlu) və 92 kənddən ibarət idi.
Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub.
Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi.
Azərbaycan dövləti və xalqı isə verdiyi sözü tutmuş, Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycanla dövlət sərhədində törətdiyi təxribata cavab olaraq əks-hücum əməliyyatına başlamışdır. Dövlətimizin və xalqımızın həyatında, tarixində əsl qəhrəmanlıq və cəsarət göstəricisi olan, milli qürurumuzu özümüzə qaytaran və 44 gün davam edən Vətən müharibəsində bir sıra tarixi torpağımızla yanaşı, Cəbrayıl rayonu da işğaldan azad edilmişdir. Bu qələbə, həm də son 200 il ərzində ermənilərin etniktəmizləmə, soyqırımı və işğalçılıq siyasətinin qurbanı olmuş azərbaycanlıların qisasının alınması idi. Qəhrəman Azərbaycan Ordusu öz qətiyyəti, peşəkarlığı, cəsarəti ilə Vətəninə, torpağına, xalqına bağlılığını, sevgisini sübut etmişdir. Qorxmazlığın və mərdliyin əsl nümunəsini göstərən şanlı ordumuz düşməni dizi üstə çökdürərək, tarixi zəfərə imza atmış, ərazi bütövlüyümüzü təmin etmiş, saxta “güclü Ermənistan ordusu” mifini, yalanını yerlə bir etmişdir.
1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonu da Ermənistanın vandalizm siyasətinin qurbanı olmuşdur. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymiş, buradakı evlər, infrastruktur obyektləri ciddi dağıntılara məruz qalmışdır. Böyük ürəkağrısı ilə bildirmək lazımdır ki, işğaldan əvvəlki Cəbrayıl rayonu ilə rayonun indiki mənzərəsi arasında müqayisə dəhşət doğurur.
Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalını təsis edib. Qəhrəmanlıq və şücaət təcəssümü olan bu dövlət təltifi Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusuna verildi. Uğursuz dövlətin “yenilməz ordu”sunun mənsublarının yaxasındakı saxta dəmir-dümürdən fərqli olaraq, bizim əsgər və zabitlərin yaxasındakı hər bir medal, orden qiymətlidir, əvəzsizdir! Çünki bizim işimiz haqq işidi, çünki biz müharibədə qızıl ləyaqət göstərmişik.
Vətən Müharibəsi başa çatandan az sonra – 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Hər kəsə bəllidir ki, qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandanın bu körpüdə Azərbaycan bayrağını ucaltması böyük tarixi, siyasi önəm daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb. Çünki Xudafərin bizim üçün milli qürur məsələsidir.
Cəbrayılın azad edilməsi paytaxt Bakı olmaqla bütün ölkədə çox böyük coşqu ilə qarşılandı, Azərbaycan xalqında olan ruh yüksəkliyini, ordumuzda olan döyüş ruhunu, özünə inamı daha da artırdı. 27 ildən sonra Azərbaycan böyük qələbəyə imza atmışdı, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn tələbləri Azərbaycan öz ordusunun gücünə həyata keçirdi.

Vüqar İsmayılov
Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaşı

Digər xəbərlər