PDF Oxu

Siyasət

  • 1 163

Zəfərdən sonrakı yol: Yeni Azərbaycan Partiyasının qarşısında dayanan yeni vəzifələr - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında etdiyi çıxış, mənim fikrimcə, yalnız partiyanın qarşısında duran vəzifələri müəyyənləşdirən siyasi nitq deyil, həm də Azərbaycanın keçdiyi yolun, bu gün qazandığı mövqenin və qarşıdakı hədəflərin aydın siyasi mənzərəsidir. Bu çıxışı dinləyərkən bir daha belə qənaətə gəlirsən ki, Azərbaycanın bugünkü gücü bir gündə yaranmayıb. Bu gücün arxasında uzun illər davam edən dövlət quruculuğu, siyasi sabitlik, iqtisadi inkişaf, güclü ordu quruculuğu, düşünülmüş xarici siyasət və ən əsası, xalqımızın öz dövlətinə olan inamı dayanır. Yeni Azərbaycan Partiyasının yaranması da məhz belə mürəkkəb bir tarixi mərhələyə təsadüf etmişdi. 1992-ci ildə ölkəmizin ağır siyasi, iqtisadi və sosial böhran içərisində olduğu bir vaxtda Ulu Öndər Heydər Əliyevin ətrafında insanların birləşməsi əslində Azərbaycanın gələcəyinə olan inamın ifadəsi idi. Mən hesab edirəm ki, YAP-ın tarixini Azərbaycanın müasir dövlətçilik tarixindən ayrı təsəvvür etmək mümkün deyil. Çünki partiyanın keçdiyi yol həm də ölkəmizin keçdiyi yolun mühüm hissəsidir.

Zəfərə aparan yol Bu gün biz Qarabağın və Şərqi Zəngəzurun azad olunmasından, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən qürurla danışırıq. Lakin bu böyük Zəfərin arxasında uzun illər ərzində görülmüş nəhəng işlər dayanır. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə Azərbaycan xalqının tarixində yeni bir səhifə açdı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri isə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin etdi. 8 Noyabr və 20 Sentyabr tarixləri artıq Azərbaycan tarixinin əbədi yaddaşına həkk olunub. Bu Zəfərlər bizə bir daha göstərdi ki, xalqın birliyi, dövlətin gücü və siyasi iradə bir araya gələndə qarşıya qoyulan ən böyük məqsədlərə belə nail olmaq mümkündür. Şəhidlərimizin qanı bahasına qazandığımız bu Qələbənin məsuliyyəti də böyükdür. Onların bizə əmanət etdiyi torpaqları qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha güclü Azərbaycan vermək hər birimizin borcudur.

Heydər Əliyev ideyaları və davamlı siyasi xətt İlham Əliyevin çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi irsinə xüsusi yer ayrılması çox böyük əhəmiyyət daşıyır. Mənim düşüncəmə görə, Heydər Əliyev siyasi xəttinin ən böyük xüsusiyyəti onun zamanın dəyişməsindən asılı olmayaraq dövlətin əsas maraqlarını qorumasıdır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü ordu, milli maraqların müdafiəsi və xalqın rifahının yüksəldilməsi – bu istiqamətlər illər keçsə də öz əhəmiyyətini itirmir. Əksinə, dünyanın dəyişən reallıqları bu prinsiplərin daha da vacib olduğunu göstərir. Bu gün Azərbaycan öz siyasi və iqtisadi qərarlarını müstəqil qəbul edən, öz mövqeyini beynəlxalq müstəvidə açıq şəkildə ifadə edən və milli maraqlarını qoruyan dövlət kimi tanınırsa, bunun təməlində məhz həmin dövlətçilik xətti dayanır.

Zəfərdən sonra yeni məsuliyyət Məncə, bu çıxışın ən mühüm mesajlarından biri Zəfərdən sonra qarşımızda yeni vəzifələrin dayanmasıdır. Çünki qələbə qazanmaq nə qədər şərəflidirsə, onu qorumaq və gələcək inkişaf üçün möhkəm təmələ çevirmək də bir o qədər məsuliyyətlidir. Bu gün bizim əsas vəzifələrimizdən biri güclü ordumuzu daha da gücləndirməkdir. Dünyada baş verən proseslər göstərir ki, sülhü qorumağın ən mühüm şərtlərindən biri güclü olmaqdır. Azərbaycan sülh istəyir, sabitlik istəyir, əməkdaşlıq istəyir. Amma eyni zamanda hər zaman özünü qorumağa hazır olmalıdır. Güclü dövlət heç kimə qarşı təhlükə yaratmır. Əksinə, güclü dövlət öz vətəndaşının təhlükəsizliyini və dövlətinin müstəqilliyini təmin edir.

İdeoloji təhlükəsizlik də milli təhlükəsizlikdir Çıxışda mənim xüsusilə diqqətimi çəkən məsələlərdən biri ideoloji təhlükəsizliklə bağlı fikirlər oldu. Bu gün informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə dövlətə qarşı təhdidlər yalnız sərhəddən keçən silah formasında olmur. Bəzən bir yalan xəbər, saxta məlumat, təhrif olunmuş tarix və ya məqsədli təbliğat daha böyük təsir göstərə bilir. Ona görə də ideoloji mübarizə müasir dövrdə dövlət təhlükəsizliyinin mühüm istiqamətlərindən biridir. Burada Yeni Azərbaycan Partiyasının üzərinə böyük məsuliyyət düşür. Mən hesab edirəm ki, partiya fəalları Azərbaycan həqiqətlərini cəmiyyətə çatdırmaqda daha fəal olmalıdırlar. Bunun üçün yalnız ənənəvi üsullarla kifayətlənmək olmaz. Müasir informasiya vasitələrindən, sosial şəbəkələrdən, yeni kommunikasiya imkanlarından düzgün istifadə etmək lazımdır. İnsanlara sadəcə danışmaq yox, onları inandırmaq lazımdır. Bunun ən yaxşı yolu isə həqiqəti faktlarla göstərməkdir.

Partiya işi yeni yanaşma tələb edir Məncə, bu gün ideoloji işə yanaşma da dəyişməlidir. İdeoloji iş yalnız tədbir keçirmək, çıxış etmək və hesabat yazmaqdan ibarət olmamalıdır. İdeoloji iş insanın düşüncəsinə təsir etməli, gəncin dövlətinə münasibətini möhkəmləndirməli, vətəndaşda ölkəsinə və gələcəyinə inam yaratmalıdır. Xüsusilə gənclərlə iş burada mühüm əhəmiyyət daşıyır. Çünki Qarabağ Zəfərini yaşamış yeni nəsil artıq Azərbaycanın başqa reallığını görür. Onlara ölkəmizin hansı çətinliklərdən keçərək bu günə gəldiyini düzgün anlatmaq lazımdır. Tarixi bilməyən insan bugünkü Zəfərin qiymətini də tam anlaya bilməz.

Müstəqil siyasət Azərbaycanın gücüdür Azərbaycanın xarici siyasəti də son illər ərzində ölkəmizin artan nüfuzunun əsas amillərindən birinə çevrilib. Mən hesab edirəm ki, Azərbaycanın ən böyük üstünlüklərindən biri heç bir siyasi mərkəzin təsiri altında olmadan öz milli maraqlarına uyğun siyasət aparmasıdır. Azərbaycan bütün dövlətlərlə əməkdaşlığa açıqdır. Lakin bu əməkdaşlıq müstəqilliyimiz və milli maraqlarımız hesabına həyata keçirilmir. Bu gün ölkəmizin müxtəlif qlobal və regional güc mərkəzləri ilə münasibətlər qurması Azərbaycanın balanslaşdırılmış və müstəqil xarici siyasətinin nəticəsidir. Ən vacib məsələ isə Azərbaycanın sözünün dəyər qazanmasıdır. Bu gün Azərbaycan dediyini edən və imzaladığı sənədə sadiq qalan dövlət kimi tanınır.

Qarabağda yeni həyat Zəfərdən sonrakı dövrün ən böyük layihələrindən biri Böyük Qayıdışdır. Mənim fikrimcə, Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına qayıtması deyil. Bu, Azərbaycanın öz tarixinin həmin torpaqlarda yenidən canlandırılmasıdır. Yeni yolların, məktəblərin, xəstəxanaların, yaşayış məhəllələrinin tikilməsi, kənd və şəhərlərin yenidən qurulması gələcəyə hesablanmış böyük dövlət layihəsidir. Bir vaxtlar dağıdılmış və viran qoyulmuş torpaqlarda bu gün həyat yenidən canlanır. Bu mənzərə Zəfərin ən real nəticələrindən biridir.

YAP-ın qarşısında yeni dövrün vəzifələri Yeni Azərbaycan Partiyasının VIII Qurultayından sonra partiyanın fəaliyyətində də yeni mərhələnin başladığını düşünürəm. Əvvəlki mərhələdə əsas məqsədlərdən biri dövlətçiliyin qorunması, siyasi sabitliyin təmin olunması və ərazi bütövlüyümüzün bərpası idisə, bu gün qarşımızda daha geniş vəzifələr dayanır. İndi əsas məqsəd qazandığımız Zəfəri davamlı inkişaf modelinə çevirməkdir. Bunun üçün hər bir partiya üzvü öz məsuliyyətini dərk etməlidir. YAP üzvü yalnız partiya tədbirinin iştirakçısı deyil. O, həm də dövlətçilik ideyasının daşıyıcısı, cəmiyyətlə dövlət arasında sağlam ünsiyyətin qurulmasına töhfə verən vətəndaşdır. Bu gün partiya fəalından daha çox bilik, daha çox məsuliyyət, daha çox təşəbbüs tələb olunur.

Zəfəri gələcəyə daşımaq İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər mənə bir daha göstərdi ki, Azərbaycanın qarşısında duran yol yalnız dünənin uğurları ilə kifayətlənmək yolu deyil. Biz Zəfərlə fəxr etməliyik, amma Zəfərlə kifayətlənməməliyik. Çünki Azərbaycanın qarşısında daha böyük hədəflər var. Güclü ordu, güclü iqtisadiyyat, yüksək rifah, savadlı və vətənpərvər gənclik, müasir ideoloji fəaliyyət, müstəqil xarici siyasət və sürətli Böyük Qayıdış – bütün bunlar Azərbaycanın gələcəyini müəyyən edən əsas istiqamətlərdir. Mənim qənaətim budur ki, Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas vəzifə Zəfərdən doğan milli ruhu dövlət quruculuğunun yeni mərhələsinə çevirməkdir. Bu gün bizim qazandığımız Qələbə tariximizin ən böyük fəxarət mənbələrindən biridir. Sabah isə bizdən başqa bir məsuliyyət tələb olunacaq: bu Qələbənin siyasi, iqtisadi, mənəvi və ideoloji nəticələrini daha güclü Azərbaycan quruculuğuna çevirmək.

Əminəm ki, Azərbaycan xalqının birliyi, dövlətimizin gücü və Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi qarşıya qoyulan bütün məqsədlərə çatmağa imkan verəcək. Çünki bizim yolumuz artıq yalnız Zəfərə aparan yol deyil.

Bizim yolumuz Zəfəri gələcəyə daşıyan yoldur.

Böyükağa Axundov

YAP Lənkəran rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi

Digər xəbərlər