4 Oktyabr – Cəbrayıl şəhəri günü Azərbaycan xalqının yaddaşında böyük qürur və tarixi əhəmiyyət daşıyan günlərdən biridir. Bu əlamətdar tarix 2020-ci ildə Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin işğaldan azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası istiqamətində əldə edilmiş mühüm Zəfərlərdən birini özündə əks etdirir. Cəbrayılın azad olunması xalqımızın illərlə yaşatdığı böyük qayıdış arzusunun gerçəkləşməsinin başlanğıcını qoyan mühüm hadisələrdən biri oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək mühüm strateji yüksəklikləri və yaşayış məntəqələrini işğaldan azad etməyə başladı. Oktyabrın 4-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərinin və rayonun bir sıra kəndlərinin azad edilməsi barədə Azərbaycan xalqına tarixi müjdə verdi. Bu xəbər ölkəmizin hər yerində böyük sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Cəbrayılın azad edilməsi Vətən müharibəsində Azərbaycanın hərbi üstünlüyünün mühüm göstəricilərindən biri olmaqla yanaşı, qarşıdakı böyük qələbələr üçün ciddi mənəvi və strateji əhəmiyyət kəsb edirdi.
Cəbrayıl uğrunda gedən döyüşlər Azərbaycan əsgər və zabitlərinin misilsiz qəhrəmanlığını, yüksək döyüş hazırlığını və Vətənə sonsuz bağlılığını bir daha nümayiş etdirdi. Bu tarixi qələbənin əldə olunmasında canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur. Qazilərimizin döyüş meydanında göstərdiyi şücaət və fədakarlıq isə Azərbaycanın Zəfər salnaməsinin ayrılmaz hissəsidir. Cəbrayılın işğaldan azad edilməsi yalnız hərbi qələbə deyil, həm də tarixi torpaqlarımıza qayıdışın başlanğıcı idi. İşğal dövründə rayonun şəhər və kəndləri dağıdılmış, tarixi-mədəni irsimizə ciddi ziyan vurulmuş, əhalinin doğma yurdlarından məcburi köçkün düşməsinə səbəb olmuşdu. Bu gün isə Cəbrayıl yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində şəhərin və rayonun müasir tələblərə uyğun şəkildə yenidən qurulması istiqamətində mühüm addımlar atılır.
İşğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi, enerji və kommunal sistemlərin qurulması, sosial obyektlərin yaradılması, yaşayış məhəllələrinin salınması Böyük Qayıdış proqramının mühüm istiqamətlərini təşkil edir. Cəbrayılın yenidən qurulması doğma torpaqlarından uzun illər ayrı düşmüş insanların öz yurdlarına qayıdışına möhkəm zəmin yaradır. Bu proses həm də Qarabağ və Şərqi Zəngəzurun sürətli inkişafına və regionda yeni iqtisadi imkanların formalaşmasına xidmət edir.
Cəbrayıl şəhəri günü Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və milli iradəsinin sarsılmazlığını bir daha nümayiş etdirən tarixi hadisələri xatırlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün biz həm böyük Zəfərimizin sevincini yaşayır, həm də həmin qələbənin əldə olunması naminə həyatını fəda edən qəhrəmanlarımızın xatirəsini dərin ehtiramla yad edirik. 4 Oktyabr Cəbrayılın azadlıq günüdür. Bu tarix Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, Cəbrayılın dirçəlişi və yenidən qurulması isə gələcək nəsillərə dövlətimizin qüdrətini və xalqımızın Vətənə bağlılığını nümayiş etdirən mühüm tarixi nümunə olacaq. Cəbrayılın azadlığı Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinin şanlı səhifələrindən biri kimi daim xatırlanacaq.
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatı