Doğma yurda qayıdış insanın həyatında həm şəxsi, həm də milli məna daşıyan hadisədir. İllərlə yaddaşında yaşatdığı kəndə, şəhərə yenidən ayaq basmaq, ailəsi ilə öz torpağında yaşamağa başlamaq məcburi köçkünlük həyatının ən böyük arzusunun gerçəkləşməsidir. Cəbrayıllılar üçün bu arzunun həyata keçməsi Azərbaycanın hərbi Qələbəsinin, dövlətin ardıcıl quruculuq siyasətinin və xalqımızın doğma torpağa bağlılığının nəticəsidir. Cocuq Mərcanlıda başlanan qayıdış yolu bu gün Cəbrayıl şəhərində, Horovlu və Şükürbəyli kəndlərində minlərlə insanın gündəlik həyatında davam edir. Vaxtilə yurd həsrəti ilə yaşayan ailələr artıq gələcəklərini doğma torpaqda qururlar.
1993-cü il avqustun 23-də Cəbrayılın işğalı rayon sakinlərini ağır məhrumiyyətlərlə üzləşdirmişdi. İnsanlar evlərini, təsərrüfatlarını, illərlə yaratdıqları yaşayış mühitini itirmişdilər. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində məskunlaşmışdılar. Onların bir hissəsi düşərgələrdə, yük vaqonlarında, yataqxanalarda və yaşayış üçün uyğunlaşdırılmış müxtəlif binalarda yaşamağa məcbur olmuşdu. Bu coğrafi dağınıqlıq bir rayonun sakinlərinin həyatını ölkənin çoxsaylı ünvanlarına bölmüşdü. Lakin doğma yurda bağlılıq onları mənəvi baxımdan birləşdirən əsas dəyər olaraq qalırdı.
Məcburi köçkünlük illərində dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiənin gücləndirilməsi və yeni qəsəbələrin salınması istiqamətində mühüm tədbirlər görüldü. Bununla yanaşı, doğma torpağa qayıdış Azərbaycan dövlətinin əsas məqsədlərindən biri olaraq saxlanıldı. İnsanların müvəqqəti məskunlaşdıqları yerlərdə böyüyən övladları Cəbrayılı valideynlərinin xatirələri ilə tanıyırdılar. Beləliklə, yurd yaddaşı nəsildən-nəslə ötürülürdü. Böyük Qayıdış həmin yaddaşın real yaşayışla birləşməsinə, doğma torpağı yalnız ailə söhbətlərindən tanıyan gənclərin orada öz həyatlarını qurmasına imkan yaratdı.
Bu prosesin ilk mühüm ünvanlarından biri Cocuq Mərcanlı oldu. Kənd 1994-cü ilin yanvarında Horadiz əməliyyatı zamanı işğaldan azad edilmişdi. Lakin yaxınlıqdakı yüksəkliklərin düşmənin nəzarətində qalması təhlükəsiz yaşayış imkanlarını məhdudlaşdırırdı. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin Azərbaycan Ordusu tərəfindən azad edilməsi vəziyyəti dəyişdi. Cocuq Mərcanlıya təhlükəsiz qayıdış üçün şərait yarandı və Prezident İlham Əliyevin təşəbbüsü ilə kəndin bərpasına başlanıldı. Burada yaşayış evlərinin və sosial obyektlərin yaradılması uzun fasilədən sonra doğma yurdda həyatın bərpasını mümkün etdi.
Cocuq Mərcanlının əhəmiyyəti bir kəndin yenidən qurulmasının hüdudlarını aşırdı. Bu kənd Azərbaycan cəmiyyətinə işğaldan azad edilmiş torpaqlara qayıdışın mümkün olduğunu göstərdi. Hərbi uğurun ardınca quruculuq işlərinin aparılması, insanların təhlükəsiz şəraitdə məskunlaşdırılması gələcək fəaliyyətin əsas istiqamətlərini nümayiş etdirdi. Cocuq Mərcanlıda doğma yurda qayıdan ailələrin həyatı digər məcburi köçkünlər üçün də ümid mənbəyinə çevrildi. Böyük Qayıdışın başlanğıcı kimi dəyərləndirilən bu təcrübə dövlətin torpaqları azad etmək və həmin ərazilərdə həyatı bərpa etmək məqsədlərinin bir-birini tamamladığını göstərdi.
2020-ci il Vətən müharibəsində qazanılmış Zəfər qayıdışın miqyasını köklü şəkildə dəyişdi. Oktyabrın 4-də Cəbrayıl şəhərinin, müharibə ərzində isə rayonun çoxsaylı kəndlərinin azad edilməsi on minlərlə insanın doğma yurda dönməsi üçün tarixi imkan yaratdı. Bununla belə, işğalın dağıdıcı nəticələri geniş hazırlıq tələb edirdi. Ərazilərin minalardan təmizlənməsi, yolların çəkilməsi, elektrik, su və digər kommunal sistemlərin qurulması, yaşayış və sosial obyektlərin inşası məskunlaşmanın zəruri şərtləri idi. Böyük Qayıdışın həyata keçirilməsi bu işlərin əlaqəli şəkildə aparılmasına əsaslanır. Qayıdan ailənin evlə təmin olunması ilə yanaşı, onun təhlükəsizliyi, təhsilə, səhiyyəyə və məşğulluğa çıxışı da nəzərə alınmalıdır.
Cəbrayıl şəhərinə ilk köç karvanı 2024-cü il sentyabrın 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salındı. Müxtəlif ərazilərdə yataqxanalarda, sanatoriyalarda, keçmiş pioner düşərgələrində, yarımçıq tikililərdə və inzibati binalarda müvəqqəti yaşayan ailələr doğma şəhərlərinə qayıtdılar. Bu hadisə Cəbrayılın bərpasında mühüm mərhələ oldu. Şəhər artıq sakinlərinin gündəlik həyatına açılırdı. Evlərdə işıqların yanması, ailələrin məişət qayğıları, uşaqların məktəbə getməsi quruculuq işlərinin əsas məqsədinin gerçəkləşdiyini göstərirdi: Cəbrayılda davamlı yaşayış bərpa olunurdu.
2026-cı il sentyabrın 28-nə olan məlumatlara əsasən, Cəbrayıl şəhərində 680 ailə olmaqla 2974 nəfər məskunlaşıb. Horovlu kəndində 321 ailə – 1326 nəfər, Şükürbəyli kəndində isə 599 ailə – 2749 nəfər yaşayır. Beləliklə, bu üç yaşayış məntəqəsinə ümumilikdə 1600 ailə, 7022 nəfər qayıdıb. Bu göstəricilər Böyük Qayıdışın Cəbrayıl rayonunda konkret nəticələrini ifadə edir. Hər ailənin qayıdışı müvəqqəti məskunlaşma həyatının başa çatması, yeni ailə planlarının doğma yurda bağlanması və yerli icmanın yenidən formalaşması deməkdir.
Horovlu kəndinin bərpası qayıdışın sosial məzmununu aydın göstərən nümunələrdəndir. Təməli 2023-cü ilin mayında qoyulan kəndin birinci mərhələsi 2025-ci il oktyabrın 28-də açılıb. Bu mərhələdə 334 fərdi evlə yanaşı, 624 şagird yerlik məktəb, 220 yerlik körpələr evi-uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, bazar kompleksi və idman-sağlamlıq mərkəzi inşa edilib. Yaşayış evləri ilə sosial xidmətlərin birlikdə yaradılması ailələrin gündəlik ehtiyaclarını doğma kənddə qarşılamasına imkan verir. Məktəb və uşaq bağçası xüsusilə gənc ailələrin burada uzunmüddətli yaşaması üçün mühüm əhəmiyyət daşıyır.
Şükürbəyli kəndində də qayıdış müasir yaşayış mühitinin yaradılması ilə müşayiət olunub. Kəndin təməli 2023-cü ilin mayında qoyulub, açılışı isə 2026-cı il mayın 9-da keçirilib. Burada 360 şagird yerlik məktəb, musiqi məktəbi, iki uşaq bağçası və tibb məntəqəsi inşa edilib. Bu imkanlar kənd həyatının təhsil, mədəniyyət və sağlamlıqla bağlı əsas ehtiyaclarını əhatə edir. Musiqi məktəbinin yaradılması da diqqətəlayiqdir: qayıdışla birlikdə yerli mədəni mühitin inkişafı, uşaqların istedadının üzə çıxarılması və asudə vaxtının səmərəli təşkili üçün şərait qurulur.
Böyük Qayıdışın davamlılığı insanların doğma yurdda gələcək perspektivlərini görməsindən asılıdır. Rahat ev, keyfiyyətli sosial xidmətlər və təhlükəsizliklə yanaşı, əmək fəaliyyəti və gəlir imkanları da yaşayışın möhkəmlənməsinə xidmət edir. Bu baxımdan Cəbrayılda aparılan quruculuq işləri yerli iqtisadi inkişafla qarşılıqlı əlaqədədir. Əhalinin qayıdışı xidmətlərə tələbatı artırır, təsərrüfat fəaliyyətini canlandırır və yeni təşəbbüslərə zəmin yaradır. Doğma yurdda işləyən, övladını böyüdən və gələcəyini planlaşdıran insan həmin ərazinin inkişafının fəal iştirakçısına çevrilir.
Cocuq Mərcanlıdan Cəbrayıl şəhərinə, Horovludan Şükürbəyliyə uzanan qayıdış yolu Azərbaycanın qazandığı Zəfərin insan həyatındakı ən aydın ifadələrindən biridir. Bu yol hərbi qəhrəmanlıq, siyasi qətiyyət və ardıcıl quruculuq sayəsində açılıb. İllərlə xatirələrdə yaşayan ünvanlar bu gün yenidən ailələrin evinə, uşaqların məktəbinə, insanların iş və həyat məkanına çevrilir. Cəbrayılın azadlığı yurd həsrətinə son qoydu; Böyük Qayıdış isə doğma torpaqda yeni nəsillərin gələcəyini qurur.
Təbriz Eyyubov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Neftçala Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi