PDF Oxu

Siyasət

  • 780

VIII Qurultay: Qarşıdakı dövr üçün əsas inkişaf istiqamətləri - ŞƏRH

image

2 oktyabr 2026-cı il tarixində Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirildi. Bu qurultay Yeni Azərbaycan Partiyasının tarixində növbəti hesabat-seçki tədbiri kimi deyil, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilən ilk qurultay kimi xüsusi tarixi əhəmiyyət daşıdı. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda geniş və proqram xarakterli çıxış etdi. Bu çıxış həm ötən 30 ildən artıq dövrün yekunu, həm də suverenlikdən sonrakı yeni mərhələnin strateji yol xəritəsi idi.

Prezident İlham Əliyev çıxışının əvvəlində bildirdi ki, Yeni Azərbaycan Partiyasının qurultayı ölkənin ictimai-siyasi həyatında önəmli hadisədir və partiyanın fəaliyyəti təkcə Azərbaycan üçün deyil, bölgə üçün də böyük önəm daşıyır. Dövlət başçısı qeyd etdi ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Partiya müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, iqtidardadır və ölkənin son illərdə keçdiyi uğurlu və şərəfli yolda partiya fəallarının çox böyük payı və töhfəsi var. Hazırda partiyanın 800 mindən çox üzvü var və ölkənin bütün regionlarını əhatə edir. Qurultaya hazırlıq çərçivəsində sentyabrın 7-dən 19-dək 84 yerli təşkilatda hesabat konfransları keçirilib, 16 min 239 nəfər iştirak edib və 960 nümayəndə seçilib.

Prezident bu qurultayın tarixi fərqini xüsusi vurğuladı. VII Qurultay 2021-ci ildə, İkinci Qarabağ müharibəsindəki Zəfərdən cəmi bir neçə ay sonra keçirilmişdi. VIII Qurultay isə Azərbaycan həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdikdən sonra keçirilən ilk qurultaydır. Bu, qurultayın siyasi mahiyyətini tamamilə dəyişir.

Çıxışda iki tarix xüsusi olaraq qeyd olundu: 8 Noyabr və 20 Sentyabr. 8 Noyabr Vətən müharibəsindəki Zəfər Günü, əbədi bayramımızdır. 20 Sentyabr isə 2023-cü il sentyabrın 20-də Azərbaycanın separatizmə son qoyması, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi günüdür. Prezident bildirdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsində təkbaşına işğala son qoymuş və bölgədə yeni reallıqlar yaratmışdır. Bu reallıqlar bu gün bütün dünya tərəfindən qəbul edilir. Lakin bu asan başa gəlmədi. 44 gün ərzində Azərbaycana qarşı böyük təzyiqlər göstərildi, hədə-qorxular səsləndirildi, bağlı qapılar arxasında sanksiya məsələləri müzakirə olundu. Azərbaycanın qətiyyəti, xalqın vahid mövqeyi bütün bəd niyyətləri alt-üst etdi. Prezident xatırlatdı ki, 1992-ci ildə yaradılmış Minsk qrupunun əsas məqsədi münaqişəni dondurmaq idi, həll etmək yox.

Dövlət başçısı Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qələbələrin başlanğıcını Yeni Azərbaycan Partiyasının 1992-ci ilin noyabrında Naxçıvanda keçirilən təsis qurultayı ilə bağladı. O vaxt cəmiyyətin cəsarətli və mütərəqqi insanları Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmişdi. Bu, xalqın sifarişi idi. Çünki müstəqilliyin ilk illərində ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Şuşa və Laçın 1992-ci ilin mayında işğal olunmuş, bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmişdi. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı ilə Ermənistanla Qarabağ arasında böyük coğrafi əlaqə yaranmışdı. İqtisadiyyat tamamilə çökmüşdü, inflyasiya 1000 faizdən çox idi, xəzinə boş idi, 8 milyon əhalidən 1 milyonu qaçqın-köçkün vəziyyətində çadırlarda yaşayırdı. Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik etmiş 4 rəhbərdən 3-ü Bakıdan qaçmışdı. Məhz bu ağır şəraitdə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı xilas yoluna çevrildi. Beynəlxalq təcriddən çıxış, Əsrin kontraktı, dövlətçiliyin əsaslarının qoyulması həmin dövrün nailiyyətləri oldu. Ulu Öndərin siyasi xəttinin əsas prinsipləri - müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə bu gün də dəyişməz olaraq qalır.

Gələcək vəzifələr arasında Prezident birinci yerdə hərbi gücün daha da artırılmasını qoydu. Sual oluna bilər ki, müharibə yoxdur, sülh müqaviləsi paraflanıb, Ermənistanla ticarət də başlayıb, niyə yenə hərbi güc? Cavab tarixi təcrübədədir. Biz ermənilərin nankorluğu ilə dəfələrlə üzləşmişik. Ona görə hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq. Bu siyasətin maddi ifadəsi olaraq növbəti ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik xərcləri üçün təxminən 9 milyard manata yaxın vəsait nəzərdə tutulub.
Qurultayda çıxışın mühüm hissəsi ideoloji təhlükəsizliyə həsr olundu. Prezident qeyd etdi ki, internet, kiberhücumlar və süni intellekt dövründə ideoloji risklər sərhəd tanımır. Bu risklər qarşısında əsas dayaq təhsil, bilik və vətənpərvərlikdir. Rəqəmsal dövrdə dövlət təhlükəsizliyi təkcə sərhəddən deyil, insanın oxuduğu xəbərdən və formalaşan dünyagörüşündən keçir. Ona görə YAP-ın fəaliyyətində şablon tədbirlərdən, formal yanaşmalardan imtina edilməli, faktın gücünə əsaslanan, canlı, çevik və təsirli siyasi kommunikasiya qurulmalıdır.

Xarici siyasət məsələsində Azərbaycanın müstəqil siyasət yürütməsi vurğulandı. Ölkəmiz heç bir düşərgəyə qoşulmadan, milli maraqlarını müdafiə edərək müxtəlif siyasi qütblərlə əlaqələr qurur. Bunun nəticələri kimi Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv qəbul edilməsi, D-8 təşkilatına qoşulması, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq formatı, Çinlə hərtərəfli tərəfdaşlıq və ABŞ-la Strateji Xartiyanın imzalanması qeyd olundu. Prezidentin sözləri ilə desək, sözümüz imzamız qədər dəyərlidir.

İqtisadi müstəqillik siyasi qərarın dayağı kimi təqdim olundu. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 5,6 faizini təşkil edir. Valyuta ehtiyatları 90 milyard dollara çatıb və xarici borcun həcmindən təxminən 20 dəfə çoxdur. Son iki ildə keçirilən Beynəlxalq İnvestisiya Forumları çərçivəsində imzalanan investisiya kontraktlarının ümumi həcmi 20 milyard dollardan çoxdur.

Prezident bildirdi ki, enerji resursları ilə zəngin olan Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib. Çünki enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi deməkdir. Azərbaycan bu gün xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr istehsal və ixrac edir.

Nəqliyyat sahəsində də böyük hədəflər müəyyən edilib. 2026-cı ildə Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tona çatması gözlənilir, orta müddətli hədəf isə 30 milyon tondur. Orta Dəhliz və Şimal-Cənub Dəhlizi əsas tranzit istiqamətləridir.

Çıxışın ən mühüm sosial hissəsi Böyük Qayıdışla bağlı oldu. Prezidentin açıqlamasına görə, hazırda Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır. 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb. Dövlət bu bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait ayırıb. Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək.

Qurultayda birbaşa əhalinin rifahına yönələn mühüm sosial mesaj da verildi. Prezident bildirdi ki, artıq göstəriş verilib, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq. Bu siyasət Azərbaycan xalqının rifahının ildən-ilə yaxşılaşdırılmasına yönəlib.

Təşkilati məsələlərə gəldikdə, VIII Qurultay böyük struktur dəyişiklikləri ilə deyil, yeni mərhələyə uyğun yenilənmə ilə yadda qaldı. İdarə Heyətinin 40 nəfərlik yeni tərkibi təsdiqləndi və Təftiş Komissiyasının yeni tərkibi seçildi. Ən mühüm Nizamnamə dəyişikliyi partiya sədrinin səlahiyyət müddətinin 5 illə məhdudlaşdırılması normasının aradan qaldırılması oldu.

Beləliklə, Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışı suverenlikdən sonrakı mərhələdə Azərbaycanın yeni güc formulunu ortaya qoydu. Bu formul altı əsas dayağa söykənir: suverenliyin möhkəmləndirilməsi, təhlükəsizlik, ideoloji dayanıqlıq, müstəqil və fəal diplomatiya, iqtisadi güc və Böyük Qayıdış. Əgər VII Qurultay Zəfərdən dərhal sonra formalaşan yeni reallığın ilk siyasi toplantısı idisə, VIII Qurultay həmin reallığın artıq dövlət siyasətinin əsas fonuna çevrildiyini və qazanılan nəticələrin uzunmüddətli dövlət gücünə çevrilməsi vəzifəsinin qarşıda durduğunu nümayiş etdirdi.

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri

Digər xəbərlər