Alimlər dağınıq skleroz modelində iflic və görmə itkisini geri qaytarıblar
ABŞ-da aparılan yeni araşdırma dağınıq sklerozun (MS) artıq yaranmış bəzi ağır fəsadlarının geri qaytarılmasının mümkün ola biləcəyinə dair ümid yaradıb. Tədqiqatçılar eksperimental preparatın siçanlarda yaranmış iflic və görmə itkisini aradan qaldırdığını müəyyənləşdiriblər. Alimlər indi bu yanaşmanı insanlar üzərində sınaqdan keçirməyə hazırlaşırlar.
Araşdırma ABŞ-ın Virciniya Universitetinin alimləri tərəfindən aparılıb və ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) dəstəyi ilə həyata keçirilib. Tədqiqatın nəticələri 23 sentyabrda Science Translational Medicine jurnalında dərc olunub. Yeni yanaşmanın əsasını kamuvudin-9 (K-9) adlı eksperimental preparat təşkil edir. Bu maddə HİV və hepatit B-nin müalicəsində istifadə olunan bəzi antiviral preparatlardan əldə edilən törəmədir. Lakin K-9 həmin dərmanların viruslara qarşı təsir göstərən xüsusiyyətlərini daşımır; onun əsas hədəfi sinir sistemində iltihabı gücləndirən mexanizmlərdən biridir.
Məqsəd yalnız xəstəliyi dayandırmaq deyil
Dağınıq skleroz immun sisteminin səhvən beyin və onurğa beynindəki sağlam toxumalara hücum etdiyi autoimmun xəstəlikdir. Bu zaman sinir liflərini qoruyan mielin qişası zədələnə bilər. Nəticədə beyindən bədənin müxtəlif hissələrinə siqnalların ötürülməsi pozulur.
Xəstəliyin əlamətləri zədələnən nahiyədən asılı olaraq dəyişir. Görmə problemləri, əzələ zəifliyi, keyimə, tarazlıq pozğunluğu, ağrı, yorğunluq və hərəkət çətinliyi əsas simptomlar arasında yer alır. Hazırkı müalicələrin mühüm hissəsi yeni tutmaların qarşısını almağa və xəstəliyin inkişafını yavaşlatmağa yönəlib. Yeni araşdırmanın fərqi isə ondadır ki, alimlər artıq yaranmış nevroloji zədələnmənin də bərpa olunub-olunmayacağını araşdırıblar.
Siçanlarda gözlənilməz nəticə
Tədqiqatçılar laboratoriya siçanlarında dağınıq sklerozu modelləşdirən xəstəlik vəziyyəti yaradıb və simptomlar artıq üzə çıxdıqdan sonra K-9 tətbiq ediblər. Nəticə alimlərin gözləntilərindən daha yaxşı olub. Preparat qəbul edən heyvanlarda yeni nevroloji zədələnmələrin qarşısı alınıb. Daha maraqlısı isə əvvəllər yaranmış hərəkət pozğunluğu və görmə itkisi əlamətlərinin də geriləməsi olub. Standart MS preparatı verilən digər heyvanlarda isə belə bərpa müşahidə edilməyib.
Əlavə analizlər K-9-un sinir liflərini və onları əhatə edən mielin qişasını qoruduğunu göstərib. Heyvanların qanında sinir zədələnməsinin göstəricisi hesab olunan neyrofilament light chain (NfL) səviyyəsi də azalıb.
Preparat beyindəki “iltihab siqnalını” hədəfləyir
Tədqiqatın əsas yeniliyi K-9-un təsir mexanizmi ilə bağlıdır. Alimlərin fikrincə, MS zamanı immun sisteminin fəaliyyəti beyində və onurğa beynində inflammasom adlanan molekulyar sistemin həddindən artıq aktivləşməsinə səbəb ola bilər. Bu sistem normalda orqanizmin təhlükəyə cavab mexanizmlərindən biridir. Lakin uzun müddət aktiv vəziyyətdə qalması sinir hüceyrələrinin zədələnməsini sürətləndirə bilər.
K-9 isə inflammasomun iki əsas aktivləşmə yolunu bloklayıb. Tədqiqatçılar hesab edirlər ki, preparatın həm sinir toxumasını qoruması, həm də artıq yaranmış funksional pozğunluqları geri çevirməsi bununla əlaqəli ola bilər.
İnsan məlumatları da diqqət çəkib
Alimlər yalnız heyvan təcrübəsi ilə kifayətlənməyiblər. Onlar ABŞ-da üç ayrı insan qrupuna aid tibbi məlumatları da təhlil ediblər. HİV və ya hepatit B səbəbilə NRTI qrupundan olan antiviral preparatlar qəbul edən insanlarda MS diaqnozunun daha az qeydə alındığı müəyyənləşdirilib. Artıq MS diaqnozu olan xəstələr arasında isə həmin preparatların istifadəsi daha az xəstəlik tutması ilə əlaqələndirilib.
Lakin alimlər bunun K-9-un insanlarda MS-i müalicə etdiyini sübut etmədiyini xüsusi vurğulayırlar. İnsanlardakı məlumatlar müşahidə xarakterlidir və səbəb-nəticə əlaqəsini təsdiqləmir.
Növbəti mərhələ – insanlar üzərində sınaq
K-9 artıq bəzi göz xəstəlikləri üzrə klinik sınaqlarda araşdırılıb. Tədqiqatçılar indi preparatın dağınıq skleroz və digər neyrodegenerativ xəstəliklər, o cümlədən amiotrofik lateral skleroz (ALS) üçün klinik sınaqlarda qiymətləndirilməsini istəyirlər.
Alimlər üçün ən mühüm nəticə odur ki, preparat sadəcə xəstəliyin gələcəkdə ağırlaşmasının qarşısını almaqla kifayətlənməyib. Siçan modelində artıq yaranmış iflic və görmə itkisi əlamətlərinin də geri dönməsi sinir sisteminin zədələnmədən sonra müəyyən dərəcədə bərpa imkanlarının araşdırılması üçün yeni istiqamət açır.
Bununla belə, mütəxəssislər nəticələrin insanlara birbaşa tətbiq edilməməli olduğunu bildirirlər. K-9-un insanlarda nə dərəcədə effektiv və təhlükəsiz olduğu yalnız müvafiq klinik sınaqlar başa çatdıqdan sonra məlum olacaq.
Lalə Mehralı