PDF Oxu

Siyasət

  • 845

“Arif Qeybiyev” memorialı - ŞƏRH

image

Şanlı tariximizin unudulmaz səhifəsi olan 44 günlük haqq savaşımızda Vətənə canını fəda edən qəhrəmanlardan biri Astara elində boya-başa çatan Arif Qeybiyevdir. Ölümsüzlüyə qovuşan qəhrəman Vətən sevdalısı hələ orta məktəb dövründə idmanın atletika növü ilə məşğul olub. Rayon və ölkə üzrə yarışlarda ilik üçlüyə düşüb. Bundan başqa atletika üzrə 50-dən çox diplomu var, onların 30-u birincilik üzrədir. 2015-ci Avropa oyunların iştirakçısı olub. Kross qaçışı üzrə üçqat Azərbaycan çempionu, Atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışların iştirakçısı və Yeniyetmələr arasında Respublika Birinciliyinin qalibidir.
Qəhrəman şəhidimizin xatirəsinə ehtiram əlaməti olaraq hər il Astarada atletika idman növünün şose qaçışı üzrə ölkə birinciliyi, “Arif Qeybiyev” memorialı keçirilir.
Bu ilin 3-4 oktyabr tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq Astara Dənizkənarı Park Bulvar Kompleksində 2009-2010 və 2011-2012-ci il təvəllüdlü idmançılar arasında atletika idman növünün şose qaçışı üzrə təşkil olunan ölkə birinciliyi, “Arif Qeybiyev” memorialı böyük maraqla qarşılanıb.
Tədbirin açılış mərasimində Lənkaran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, Azərbaycan Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, beynəlxalq dərəcəli hakim Kənan Məhərrəmov, şəhid Arif Qeybiyevin anası Rəna Quliyeva çıxış edərək bildiriblər ki, Arif Qeybiyev 3 km məsafəyə qaçışda 2 qat Azərbaycan çempionu və gümüş medalçısı, Azərbaycan Kubokunun 1500 metr məsafəyə qaçışda qızıl, 800 metr məsafəyə qaçışda gümüş medalçısı, Avropa Təsnifat yarışlarının iştirakçısı olub. Şəhid Arif Qeybiyev Müddətdən Artıq Hərbi Xidmət qulluqçusu və tankçı kimi Vətən müharibəsinin ilk günündə döyüşlərə qatılıb, qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda” , ”Cəsur döyüşçü”, ”Füzulinin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb. Onun idmançı kimi yüksək nailiyyətləri, döyüşlərdə qəhrəmanlığı və yüksək insani keyfiyyətləri yaddaşlarda və Azərbaycan tarixində əbədi qalacaqdır.
Yarışda 4 komandanın—Gəncə, Lənkəran, Astara, Xızı şəhər və rayonlarını təmsil edən 38 nəfər idmançı qələbə uğrunda mübarizə aparıb. Belə ki, əvvəlcə qızlar 300 metr, sonra oğlanlar 500 metr və 1000 metr məsafəyə qaçışda öz güclərini göstəriblər.
300 metr məsafəyə qızlar arasında qaçışda I yerə Aişə Vəlili (Xızı), II yerə Xədicə İbrahimova (Gəncə), III yerə Kürsüm Axunzadə (Lənkəran) sahib olublar. 500 metr məsafəyə oğlanlar arasında qaçışda I yeri Rəvan Gülverdizadə (Astara), II yeri Röyal Miraczadə (Astara), III yeri Ayxan Aslanov (Gəncə ), 1000 metr məsafəyə oğlanlar arasında qaçışda I yeri Rinad İbrahimov (Gəncə), II yeri Sərxan Talıbov (Gəncə), III yeri Yusif Qulamov (Astara) qazanıblar.
Fəxri yerləri qazanan idmançılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının diplom və medalları ilə təltif ediliblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər