Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev 2 oktyabr 2026-cı ildə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etmişdir. Dövlət başçısı çıxışında YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolunu, Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətləri və qarşıda duran vəzifələri diqqətə çatdırmışdır. Prezident İlham Əliyev qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının qurultayı yalnız partiyanın deyil, bütövlükdə Azərbaycanın ictimai-siyasi həyatı üçün mühüm hadisədir. YAP-ın fəaliyyəti, qəbul etdiyi qərarlar və həyata keçirdiyi siyasi xətt Azərbaycanın hüdudlarından kənarda, xüsusilə Cənubi Qafqazda da böyük əhəmiyyət daşıyır. Dövlət başçısı partiyanın 30 ildən artıq müddətdə iqtidarda olduğunu və Azərbaycanın uğurlu inkişafında YAP fəallarının mühüm rol oynadığını vurğulamışdır. Çıxışda xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsinin ölkənin tarixində yeni mərhələ yaratdığı qeyd olunmuşdur. Prezident İlham Əliyev bildirmişdir ki, VIII Qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni ictimai-siyasi və geosiyasi şəraitdə keçirilir. 2020-ci il Vətən müharibəsində əldə olunmuş Zəfər və 2023-cü il sentyabr hadisələri nəticəsində separatizmin aradan qaldırılması Azərbaycanın müasir tarixinin ən mühüm hadisələri kimi qiymətləndirilmişdir. Dövlət başçısı çıxışında Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi zərurətə çevrildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın təsis edilməsi xalqın tələbi və Azərbaycanın düşdüyü ağır siyasi vəziyyətdən çıxış yolu olmuşdur. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıtması ilə ölkədə siyasi sabitliyin, dövlətçiliyin və iqtisadi inkişafın əsası qoyulmuşdur. Prezident İlham Əliyev Azərbaycanın müasir dövrdə beynəlxalq mövqelərinin əhəmiyyətli dərəcədə gücləndiyini də vurğulamışdır. Azərbaycanın İslam dünyası, Avropa İttifaqı ölkələri, Çin və Amerika Birləşmiş Ştatları ilə strateji əməkdaşlıq əlaqələrinin genişlənməsi ölkənin beynəlxalq nüfuzunun göstəricisi kimi təqdim edilmişdir. Dövlət başçısı Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan xarici siyasət həyata keçirdiyini bildirmişdir. Çıxışın mühüm istiqamətlərindən biri Azərbaycanın sülh siyasəti olmuşdur. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan müharibəni davam etdirməkdə maraqlı deyil və əsas məqsəd regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsidir. O, siyasi qərarların qəbulunda emosiyalara deyil, uzaqgörənliyə, strateji düşüncəyə və xalqın milli maraqlarına əsaslanmağın vacibliyini vurğulamışdır. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdə də dövlətçilik, milli maraqlar və Azərbaycanın davamlı inkişafı istiqamətində mühüm rol oynayacağına əminliyini ifadə etmiş və partiyaya yeni qələbələr arzulamışdır. Beləliklə, YAP-ın VIII Qurultayında dövlət başçısının çıxışı Azərbaycanın keçdiyi tarixi inkişaf yolunun qiymətləndirilməsi ilə yanaşı, ölkənin yeni geosiyasi reallıqlar şəraitində qarşısında duran strateji məqsədləri müəyyənləşdirən mühüm siyasi çıxış kimi səciyyələnir.
Rəsul Babayev
YAP Yasamal rayon təşkilatının fəal gənci