Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrdən biri kimi diqqət çəkir. Bu mühüm siyasi tədbir Yeni Azərbaycan Partiyasının fəaliyyətinin yeni dövrün reallıqları əsasında qiymətləndirilməsi, qarşıda duran məqsədlərin müəyyənləşdirilməsi və partiyanın gələcək fəaliyyət strategiyasına yeni baxışların formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Qurultayda səsləndirilən fikirlər və qəbul olunan qərarlar Azərbaycanın siyasi həyatında baş verən dəyişikliklərə adekvat yanaşmanın ifadəsi kimi qiymətləndirilə bilər. Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycan dövlətçiliyinin müasir inkişaf mərhələsi ilə ayrılmaz şəkildə bağlıdır. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi əsasında formalaşan YAP ötən müddət ərzində böyük siyasi məktəbə çevrilib. Partiyanın keçdiyi yol, qazandığı ictimai etimad və müxtəlif tarixi mərhələlərdə üzərinə götürdüyü məsuliyyət onun Azərbaycanın siyasi sistemində xüsusi mövqeyə malik olduğunu göstərir. VIII Qurultayın əsas xüsusiyyətlərindən biri ölkəmizin tamamilə yeni siyasi və geosiyasi reallıqlar şəraitində keçirilməsidir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması dövlətimizin qarşısında yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də yaradıb. Artıq qarşıda dayanan əsas məqsədlərdən biri əldə edilmiş tarixi nailiyyətlərin möhkəmləndirilməsi, azad edilmiş ərazilərin sürətli inkişafının təmin olunması və Azərbaycanın uzunmüddətli tərəqqisinin davamlı xarakter almasıdır. Bu baxımdan VIII Qurultay yalnız partiyanın daxili məsələlərinin müzakirə edildiyi siyasi toplantı deyil, həm də ölkənin gələcək inkişaf istiqamətlərinə siyasi baxışların ifadə olunduğu mühüm platformadır. Qurultayda aparılan müzakirələr YAP-ın yeni dövrün çağırışlarını düzgün qiymətləndirdiyini və fəaliyyətini dəyişən ictimai-siyasi mühitə uyğunlaşdırmağa hazır olduğunu göstərir. Qarşıdakı mərhələdə partiyanın fəaliyyətində siyasi maarifləndirmənin, ideoloji işin və ictimai əlaqələrin daha da gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Xüsusilə sürətlə dəyişən informasiya mühiti siyasi təşkilatların qarşısında yeni vəzifələr qoyur. Cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə gənclər arasında dövlətçilik ideyalarının, milli-mənəvi dəyərlərin və vətənpərvərlik hissinin daha geniş təbliği mühüm istiqamətlərdən biri olmalıdır. YAP-ın gücü həm də onun müxtəlif sosial qrupları vahid siyasi məqsədlər ətrafında birləşdirə bilməsi ilə bağlıdır. Partiyanın fəaliyyətində qadınların, gənclərin, ziyalıların və digər ictimai qrupların fəallığının artırılması cəmiyyətin siyasi proseslərdə iştirak imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi partiyanın sosial dayaqlarının möhkəmlənməsinə xidmət edir. VIII Qurultayın yaratdığı mühüm siyasi nəticələrdən biri də yerli təşkilatların fəaliyyətinə yeni yanaşmanın zəruriliyidir. Partiyanın əsas fəaliyyət yükünü bilavasitə yerli təşkilatlar daşıyır. Əhalinin gündəlik problemlərinin öyrənilməsi, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, ictimai təşəbbüslərin dəstəklənməsi və partiya üzvlərinin fəallığının artırılması yerli təşkilatların qarşısında duran əsas vəzifələr sırasında olmalıdır. Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri ölkənin gələcək inkişaf modelinin mühüm istiqamətlərindən birinə çevrilib. Yeni şəhər və kəndlərin salınması, müasir infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin olunması dövlət siyasətinin ardıcıl xarakterini nümayiş etdirir. Bu böyük proseslər həm də milli həmrəyliyin və dövlət-xalq birliyinin gücünü ortaya qoyur. Yeni Azərbaycan Partiyasının qarşısında dayanan vəzifələr sırasında bu reallıqların cəmiyyətə düzgün çatdırılması, dövlət siyasətinin mahiyyətinin izah edilməsi və ölkəmizin əldə etdiyi nailiyyətlərin təbliği xüsusi yer tutur. Bu istiqamətdə hər bir partiya üzvünün fəallığı və məsuliyyətli mövqeyi mühüm əhəmiyyət daşıyır. VIII Qurultayın nəticələri onu göstərir ki, Yeni Azərbaycan Partiyası qarşıdakı dövrə yalnız mövcud fəaliyyətin davamı kimi deyil, yeni yanaşmalar və daha çevik fəaliyyət mexanizmləri ilə hazırlaşır. Müasir dövr siyasi təşkilatlardan təşəbbüskarlıq, operativlik, ictimai gözləntilərə həssas münasibət və nəticəyönümlü fəaliyyət tələb edir. Əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyasının bundan sonrakı fəaliyyəti də Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipləri və Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası əsasında davam etdiriləcək. VIII Qurultay bu siyasi kursun yeni tarixi mərhələnin tələbləri nəzərə alınmaqla daha da təkmilləşdirilməsi baxımından mühüm başlanğıc nöqtəsidir. Beləliklə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ötən dövrün siyasi nəticələrinin ümumiləşdirilməsi ilə yanaşı, gələcəyə istiqamətlənmiş mühüm mesajları ilə də yadda qaldı. Qarşıda duran məqsədlər aydındır: güclü dövlətçilik ənənələrinin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi, ölkənin davamlı inkişafına töhfə verilməsi və Azərbaycanın qazandığı tarixi nailiyyətlərin gələcək nəsillərə daha qüdrətli şəkildə çatdırılması. Bu baxımdan VIII Qurultay Yeni Azərbaycan Partiyasının həyatında yeni səhifə açan, partiyanın gələcək fəaliyyətinə istiqamət verən və onun qarşısında yeni məsuliyyətlər müəyyən edən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.
Lalə Məmmədova
YAP Samux rayon təşkilatının əməkdaşı