PDF Oxu

Siyasət

  • 572

Cəbrayıl işğaldan azad edilən ilk rayon mərkəzi olub

image

4 Oktyabr Azərbaycan tarixində mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi xalqımızın yaddaşında xüsusi yer tutur. Cəbrayılın azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası istiqamətində əldə olunan mühüm qələbələrdən biri olmuşdur. Cəbrayıl rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biri olmaqla zəngin tarixi və mədəni irsi ilə seçilir. Rayon uzun illər ərzində ölkəmizin ictimai, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb. Lakin 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Cəbrayıl rayonu da digər ərazilərimiz kimi işğala məruz qalıb. İşğal dövründə şəhər və kəndlər dağıdılıb, yaşayış məntəqələri viran qoyulub, əhalinin doğma torpaqlarından məcburi köçkün düşməsi ilə nəticələnən ağır humanitar faciə yaşanıb.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələnin başlanğıcı oldu. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində işğal altında olan ərazilərimizin bir hissəsi azad edildi. 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad olunması Vətən müharibəsinin mühüm hadisələrindən biri kimi tarixə düşdü.

Cəbrayılın azad edilməsi həm hərbi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Bu qələbə uzun illər doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan cəbrayıllıların ümidlərini gerçəyə çevirdi. Şəhərin azad olunması Azərbaycan xalqının milli iradəsinin, ordumuzun döyüş qabiliyyətinin və dövlətimizin qarşıya qoyduğu məqsədlərə nail olmaq əzminin mühüm göstəricisi oldu. Cəbrayıl şəhəri və rayon ərazisi işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Dağıdılmış infrastrukturun yenidən qurulması, yolların salınması, sosial obyektlərin yaradılması və yaşayış məntəqələrinin müasir standartlara uyğun bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Məqsəd Cəbrayılı yenidən müasir, təhlükəsiz və dayanıqlı yaşayış məkanına çevirmək, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını təmin etməkdir.

Bu gün Cəbrayıl yeni inkişaf mərhələsinə qədəm qoyur. Burada aparılan quruculuq işləri şəhərin və rayonun gələcək simasını müəyyənləşdirir. Cəbrayılın yenidən dirçəldilməsi həm tarixi torpaqlarımızın bərpasının, həm də Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir. 4 Oktyabr hər il Azərbaycan xalqına Cəbrayılın azadlığı uğrunda canından keçən şəhidlərin qəhrəmanlığını, əsgər və zabitlərimizin şücaətini xatırladır. Bu tarix həm də azad edilmiş torpaqlarımızın qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini nümayiş etdirir. Cəbrayılın azadlığı Azərbaycanın dövlətçilik tarixində mühüm səhifələrdən biri olaraq daim ehtiramla xatırlanacaq.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər