PDF Oxu

Siyasət

  • 1 110

Zəfərdən suverenliyə, güclü dövlətdən parlaq gələcəyə: YAP VIII Qurultayının strateji çağırışları - ŞƏRH

image

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi hadisədir. Bu qurultayı əvvəlki yığıncaqlardan fərqləndirən ən başlıca amil odur ki, ilk dəfə olaraq qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqi dövlətimizin keçdiyi şərəfli yolu qiymətləndirməklə yanaşı, gələcək inkişafın strateji çərçivəsini müəyyən etdi.

Azərbaycanın bugünkü tarixi nailiyyətləri təsadüfi xarakter daşımır. Qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi. Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması məhz xalqın tələbi idi və məhz bu tarixi dönüş ölkəmizi xaosdan, parçalanmaqdan xilas etdi. Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın. Bu gün qürurla demək olar ki, Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır və bu irs müasir Azərbaycanın ən etibarlı bünövrəsidir.

İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra bütün fəaliyyətimiz ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına istiqamətləndirilmişdi. Bir çox xarici dairələrin təzyiqlərinə və bəd niyyətlərinə baxmayaraq, milli maraqlarımızdan bir addım da geri çəkilmədik. Bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir.

Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Azərbaycan xalqı tam təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşayır. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir.

Sülh şəraitinə baxmayaraq, dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır. Biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata dərhal və layiqli cavab verək.

Eyni zamanda, xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Azərbaycan heç vaxt hansısa ölkəyə qarşı ikiüzlülük, riyakarlıq göstərməmişdir. Məhz bu dürüst və prinsipial siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir, dünyada çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib. Bizim xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır, xüsusilə İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq.

Müstəqil siyasətin arxasında dayanan ən böyük dayaq idarəolunan və davamlı iqtisadiyyatdır. Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir. Keçirilən investisiya forumları çərçivəsində imzalanmış kontraktlar nəticəsində qaz və neft hasilatının daha da artırılması təmin ediləcəkdir.

İqtisadi irəliləyişlər birbaşa sosial rifahın yüksəldilməsinə xidmət edir. Dövlət başçısının tapşırığına əsasən, gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlər qaldırılacaq. İqtisadi imkanların genişlənməsi fonunda bundan sonrakı illərdə “Böyük Qayıdış” proqramı daha da sürətlə gedəcək, azad edilmiş torpaqlarımız yeni həyata qovuşacaqdır.

Qurultayda qarşıya qoyulan vacib hədəflərdən biri də ideoloji cəbhədə fəallığın artırılmasıdır. İdeoloji işimiz, o cümlədən partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun. Xüsusilə gənc nəslin milli-mənəvi dəyərlər ruhunda, dövlətçiliyə sədaqətlə tərbiyə olunması üçün ideoloji maarifləndirmə davamlı xarakter daşımalıdır.

Yekun olaraq, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yalnız keçmişin yekunlarına nəzər salmaq deyil, həm də Zəfər qazanmış, suverenliyini tam bərpa etmiş qüdrətli Azərbaycanın gələcək inkişaf xəritəsini təsdiq edən tarixi mərhələ oldu.

Sitarə Babayeva

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər