PDF Oxu

Siyasət

  • 858

Suveren Azərbaycanın yeni zəfər salnaməsi: VIII Qurultaydan güclü gələcəyə - ŞƏRH

image

2 oktyabr 2026-cı il tarixi Azərbaycanın dövlətçilik salnaməsinə və ictimai-siyasi həyatına növbəti həlledici, şərəfli və silinməz bir səhifə kimi yazıldı. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yalnız ölkəmizin böyük siyasi ailəsinin hesabat tədbiri deyil, bütövlükdə Zəfər qazanmış, suverenliyini tam təmin etmiş müasir Azərbaycanın gələcək inkişaf xəritəsini çəkən möhtəşəm bir zirvə oldu. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin dərin məzmunlu, dəmirdən tökülmüş məntiqə söykənən və siyasi uzaqgörənlik nümunəsi olan tarixi nitqi ölkəmizin və regionun sabahkı mənzərəsini aydın şəkildə ortaya qoydu.

Bu qurultayı əvvəlki bütün tədbirlərdən ayıran, onu müstəsna və tarixi edən ən başlıca məqam ölkəmizin çatdığı misilsiz zirvədir. Dövlət başçısının qürurla bəyan etdiyi kimi, VIII Qurultay ilk dəfədir ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra, keyfiyyətcə bütövlüklə yeni ictimai-siyasi və geosiyasi şəraitdə keçirilir.

​İllərlə arzusunda olduğumuz, uğrunda mübarizə apardığımız tam suverenlik reallığı bu gün dövlətimizin hər bir qərarında, yürütdüyü müstəqil siyasətdə özünü büruzə verir. YAP Sədrinin vurğuladığı kimi, partiyanın fəaliyyəti, qəbul edilən qərarlar və müəyyənləşən siyasi kurs təkcə respublikamız üçün deyil, bütün region üçün böyük strateji əhəmiyyət daşıyır. YAP artıq sıradan bir siyasi təşkilat deyil, nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın ən böyük, ən mütəşəkkil və hərəkətverici siyasi qüvvəsidir.

​ Milli dövlətçiliyimizin ideoloji sütunları hər zaman sarsılmaz ideallara arxalanır. Prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq qeyd etdi ki, zaman dəyişdikcə, illər keçdikcə taktiki və hətta strateji məqsədlər müəyyən dərəcədə transformasiyaya uğraya bilər. Lakin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ana xətt dəyişməz olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadi özünütəminat, sarsılmaz və güclü hərbi potensial, eyni zamanda öz milli imkanlarımızdan maksimum dərəcədə istifadə etmək qabiliyyəti bu sarsılmaz xəttin özəyini təşkil edir. Təsadüfi deyil ki, xalqımızın bu gün qürur duyduğu böyük Zəfərlərin, tarixi dönüş nöqtələrinin başlanğıcı məhz Yeni Azərbaycan Partiyasının təsis olunması və onun keçdiyi şərəfli yol ilə sıx bağlıdır. Müxalifət partiyası kimi çətin şəraitdə yaranmasına baxmayaraq, 30 ildən artıqdır ki, iqtidarda olan YAP ölkənin hər bir uğrunda imzasını qoymuş, bu uğurlu yolda partiya fəallarının misilsiz əməyi və töhfəsi olmuşdur.

​ Qurultayda səslənən ən təsirli və prinsipial mesajlardan biri ölkəmizin ideoloji təhlükəsizliyi və xarici siyasət strategiyası ilə bağlı oldu. Azərbaycanın heç bir xarici diktəyə boyun əyməyəcəyini və öz milli maraqlarını qətiyyətlə qoruyacağını bildirən Prezident İlham Əliyev bütün dünyaya açıq mesaj verdi:

​"Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda bizim xarici siyasət strategiyamızdır. Xarici siyasəti biz elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil." Bu sözlər öz gücünə, xalqının birliyinə və hərbi-iqtisadi qüdrətinə arxalanan suveren bir dövlətin qətiyyətli bəyanatıdır. Azərbaycan öz taleyini özü həll edən, regionda söz sahibi olan və kənar müdaxilələri kökündən rədd edən güclü dövlətdir.

​ Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bir daha nümayiş etdirdi ki, əldə olunmuş tarixi qələbələr son nöqtə deyil, yeni və daha böyük uğurların başlangıcıdır. Azərbaycan xalqı və onun öncül siyasi qüvvəsi olan YAP öz Müzəffər Liderinin ətrafında dəmir yumruq kimi birləşərək daha qüdrətli, daha abad və təhlükəsiz Azərbaycan naminə inamla gələcəyə addımlayır.

Yalçın Əliyev
Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının əməkdaşı

Digər xəbərlər