PDF Oxu

Siyasət

  • 866

Yeni ictimai-siyasi və geosiyasi reallıqlar şəraitində keçirilən qurultay - ŞƏRH

image

Azərbaycanın müasir tarixində mühüm siyasi hadisələrdən biri də ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən qurultaydır. Bu qurultay öz siyasi əhəmiyyətinə görə əvvəlki qurultaylardan fərqlənir. Çünki Azərbaycan artıq yeni ictimai-siyasi və geosiyasi reallıqlar şəraitində öz gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir.
Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər ölkəmizin çoxillik işğal probleminə son qoymaqla yanaşı, Cənubi Qafqazda tamamilə yeni siyasi reallıqlar yaratdı. Azərbaycan öz gücünə, ordusunun qüdrətinə və xalqın milli həmrəyliyinə arxalanaraq ərazi bütövlüyünü bərpa etdi. Bu Zəfərdən sonra yaranmış reallıqlar ötən illər ərzində beynəlxalq ictimaiyyət tərəfindən də getdikcə daha geniş şəkildə qəbul edildi.
Lakin bu tarixi nəticəyə nail olmaq heç də asan başa gəlmədi. Azərbaycan Vətən müharibəsindən sonra da ciddi siyasi təzyiqlərlə, müxtəlif ittihamlarla və ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları ilə üzləşdi. Azərbaycanın müstəqil siyasət yürütməsi, milli maraqlarını qətiyyətlə müdafiə etməsi və regionda yeni reallıqlar yaratması bəzi dairələr tərəfindən narazılıqla qarşılandı. Hətta ölkəmizə qarşı sanksiyaların tətbiqi məsələsi də müəyyən siyasi çevrələrdə müzakirə mövzusuna çevrildi.
Bütün bunlara baxmayaraq, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmədi. Dövlətimizin həyata keçirdiyi ardıcıl və düşünülmüş siyasət nəticəsində həm ölkə daxilində sabitlik və inkişaf təmin edildi, həm də Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi. Bu gün Azərbaycan regionda söz sahibi olan, müstəqil siyasət yürüdən və milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlət kimi çıxış edir.
Qurultayın yeni ictimai-siyasi və geosiyasi şəraitdə keçirilməsi həm də gələcəyə baxış baxımından mühüm əhəmiyyət daşıyır. Qarşıdakı dövrdə əsas məqsədlərdən biri əldə edilmiş tarixi nailiyyətləri qorumaq, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərini davam etdirmək, Böyük Qayıdışı təmin etmək və Azərbaycanın davamlı inkişafını daha da sürətləndirməkdir.
Bu baxımdan qurultay yalnız siyasi təşkilatın növbəti toplantısı deyil, həm də Azərbaycanın keçdiyi tarixi yolun, əldə etdiyi Zəfərlərin və qarşıya qoyduğu yeni hədəflərin mühüm siyasi platformasıdır. Azərbaycan artıq yeni reallıqların formalaşdığı bir regionda öz gələcəyini özü müəyyən edən güclü və müstəqil dövlət kimi inkişaf edir.
Süleyman Tağıyev
YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər