PDF Oxu

Siyasət

  • 686

YAP VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi manifesti kimi - ŞƏRH

image

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin keçdiyi tarixi yolun nəticələrinin və qarşıdakı strateji məqsədlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 2 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində keçirilən VIII Qurultay ilk dəfə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi şəraitdə baş tutması ilə seçilir.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı çıxışı bu yeni mərhələnin siyasi mahiyyətini, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin miqyasını və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının nitqi yalnız görülmüş işlərin hesabatı deyil, eyni zamanda Azərbaycanın gələcək inkişafına dair strateji baxışın ifadəsi kimi diqqəti cəlb etdi.Prezident İlham Əliyevin çıxışında Yeni Azərbaycan Partiyasının yaranması və keçdiyi tarixi yol xüsusi yer tutdu. YAP-ın 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən insanların təşəbbüsü ilə yaradılması Azərbaycanın sonrakı siyasi tarixində dönüş nöqtələrindən birinə çevrildi. Həmin dövrdə ölkə ağır siyasi, iqtisadi və hərbi böhranla üz-üzə idi. Dövlətçilik institutlarının zəiflədiyi, torpaqların işğal olunduğu, iqtisadiyyatın tənəzzülə uğradığı bir şəraitdə xalqın sabitlik və güclü dövlət istəyini ifadə edən siyasi qüvvəyə ehtiyac yaranmışdı. Yeni Azərbaycan Partiyasının yaranması məhz belə bir tarixi zərurətin nəticəsi idi.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açıldı. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ölkənin beynəlxalq təcriddən çıxarılması, iqtisadi potensialın gücləndirilməsi və Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə ardıcıl müdafiəsi sonrakı böyük uğurların fundamental əsaslarını formalaşdırdı.
Prezident İlham Əliyevin nitqinin mühüm istiqamətlərindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına gedən yolun siyasi məntiqinin izahı oldu. 2020-ci ilin Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycan xalqının çoxəsrlik tarixində yeni səhifə açdı. 2023-cü il sentyabrın 20-də isə separatizmin aradan qaldırılması və dövlət suverenliyinin tam təmin edilməsi Azərbaycanın milli dövlətçilik tarixində yeni mərhələ yaratdı.
Bu baxımdan 8 Noyabr – Zəfər Günü ilə yanaşı, 20 Sentyabrın da müasir Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıdığı vurğulandı. Bu tarixlər Azərbaycanın öz gücünə, milli iradəsinə və qətiyyətli dövlət siyasətinə əsaslanaraq qarşıya qoyduğu tarixi məqsədlərə nail olduğunu göstərir.
VIII Qurultayda Azərbaycanın yeni inkişaf gündəliyinin əsas istiqamətlərindən biri kimi Qarabağ və Şərqi Zəngəzurun bərpası xüsusi vurğulandı.
Bu gün azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın öz resursları hesabına gələcəyini necə qurduğunun real nümunəsidir. “Böyük Qayıdış” Azərbaycanın müasir tarixinin ən böyük sosial və humanitar layihələrindən biridir. Qarabağın dirçəldilməsi həm də işğaldan azad olunmuş torpaqların Azərbaycanın ümumi iqtisadi və sosial inkişaf məkanına tam inteqrasiyasını təmin edir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın mürəkkəb və sürətlə dəyişən beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyə də xüsusi diqqət yetirildi. Azərbaycanın xarici siyasətinin əsasını milli maraqlar, müstəqil qərarvermə və qarşılıqlı faydalı əməkdaşlıq təşkil edir. Ölkəmizin enerji, nəqliyyat və logistika imkanlarının genişlənməsi onun regional və qlobal əhəmiyyətini daha da artırır.
VIII Qurultayın mühüm mesajlarından biri də yeni tarixi şəraitdə YAP-ın fəaliyyətinin müasir çağırışlara uyğun qurulmasıdır.
Bu gün partiyanın qarşısında yalnız siyasi proseslərdə iştirak etmək deyil, həm də Azərbaycanın yeni inkişaf mərhələsinin mahiyyətini cəmiyyətə düzgün izah etmək, gənc nəslin dövlətçilik ruhunda yetişməsinə töhfə vermək, milli həmrəyliyi və ictimai-siyasi sabitliyi daha da möhkəmləndirmək kimi mühüm vəzifələr dayanır.
Yeni mərhələdə siyasi fəaliyyət formal yanaşmalardan daha çox, real nəticələrə, cəmiyyətlə canlı əlaqəyə və milli maraqların müdafiəsinə əsaslanmalıdır. Bu baxımdan Prezident İlham Əliyevin qurultayda YAP üzvlərinə müraciəti xüsusi siyasi əhəmiyyət daşıyır: qarşıda duran tarixi vəzifələrin həyata keçirilməsində partiya fəallarının və bütün üzvlərin fəal iştirakı vacibdir.
VIII Qurultayda səslənən fikirlər bir daha göstərdi ki, Azərbaycanın bugünkü uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası dayanır.
Heydər Əliyev siyasi irsi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və güclü dövlət quruculuğu ideyalarını özündə birləşdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs yeni dövrün reallıqlarına uyğun şəkildə davam etdirilir və yeni məzmunla zənginləşdirilir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışının ümumi məzmununu bir cümlə ilə ifadə etmək mümkündür: Azərbaycan tarixi Zəfərlərlə kifayətlənmir, həmin Zəfərləri davamlı dövlət gücünə və yeni inkişaf imkanlarına çevirmək mərhələsinə qədəm qoyur. Bu baxımdan VIII Qurultay yalnız YAP-ın növbəti qurultayı deyil. O, Azərbaycanın yeni siyasi, iqtisadi və geosiyasi reallıqlarının təqdim olunduğu mühüm platformadır.
Yeni Azərbaycan Partiyası da bu böyük prosesdə mühüm siyasi qüvvə kimi qarşıda duran vəzifələrin həyata keçirilməsində öz fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurmalıdır.
VIII Qurultaydan yayılan əsas mesaj məhz budur: tarixi Zəfər gələcəyin daha böyük uğurları üçün möhkəm başlanğıcdır. Azərbaycanın qarşısında yeni üfüqlər, yeni hədəflər və yeni qələbələr dayanır.

Gündüz Alıkişiyev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər