Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirak etmək mənim üçün böyük qürur, şərəf və eyni zamanda mühüm məsuliyyət hissi doğuran unudulmaz hadisə oldu. Azərbaycanın ictimai-siyasi həyatında mühüm mərhələnin başlanğıcına təsadüf edən bu möhtəşəm qurultay ölkəmizin keçdiyi şərəfli yolu, əldə etdiyi tarixi nailiyyətləri və qarşıda duran böyük hədəfləri bir daha aydın şəkildə nümayiş etdirdi.
Qurultayda səsləndirilən fikirlər, aparılan müzakirələr və qarşıya qoyulan məqsədlər Azərbaycanın gələcəyinə dair inamı daha da möhkəmləndirdi. Tədbir boyu nümayiş etdirilən yüksək təşkilatçılıq, birlik və həmrəylik bir daha göstərdi ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan, dövlətçilik ideyalarına sadiq böyük siyasi qüvvədir.
VIII Qurultayın mənim üçün xüsusi əhəmiyyəti həm də onun Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdikdən sonra keçirilən ilk qurultay olması ilə bağlıdır. Bu baxımdan Prezident İlham Əliyevin nitqində Azərbaycanın müasir tarixinin mühüm hadisələri olan 8 Noyabr və 20 Sentyabr tarixlərinin yanaşı qeyd olunması xüsusi siyasi məna daşıyır.
8 Noyabr – Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin, 20 Sentyabr isə 2023-cü ildə dövlət suverenliyimizin ölkəmizin bütün ərazisində tam bərpa olunmasının rəmzidir. Bu iki tarixi hadisə Azərbaycanın müasir dövlətçilik tarixində bir-birini tamamlayan, milli iradənin və dövlət qüdrətinin təntənəsini ifadə edən mühüm mərhələlərdir.
44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu Qələbə yalnız torpaqlarımızın işğaldan azad edilməsi deyil, eyni zamanda tarixi ədalətin bərpası, milli qürurumuzun yüksəlişi və Azərbaycan dövlətinin gücünün bütün dünyaya nümayiş etdirilməsi idi. Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs fədakarlığı, qazilərimizin şücaəti və xalqımızın Ali Baş Komandan ətrafında sıx birliyi Zəfər tariximizin əsasını təşkil etdi.
Zəfərdən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri ərazi bütövlüyümüzlə yanaşı, ölkəmizin tam suverenliyinin təmin edilməsi idi. Azərbaycan bu istiqamətdə də tarixi nailiyyətə imza atdı. 2023-cü ilin sentyabrında dövlət suverenliyimizin bütün ölkə ərazisində tam bərpa olunması Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoydu.
Prezident İlham Əliyevin qurultaydakı nitqində Azərbaycanın keçmişi, bu günü və gələcəyi vahid dövlətçilik xəttinin ardıcıl mərhələləri kimi təqdim olunurdu. 1990-cı illərin mürəkkəb və ağır sınaqları, Yeni Azərbaycan Partiyasının yaradılması, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ordumuzun gücləndirilməsi, Vətən müharibəsində qazanılan Zəfər və nəhayət, dövlət suverenliyimizin tam bərpa olunması bir-birini tamamlayan tarixi proseslərdir.
Bu tarixi ardıcıllıq Azərbaycan dövlətçiliyinin möhkəm təməl üzərində inkişaf etdiyini bir daha təsdiqləyir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə uğurla davam etdirilir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan bu gün öz milli maraqlarını qətiyyətlə müdafiə edən, müstəqil siyasət yürüdən, regional və beynəlxalq müstəvidə mövqelərini ardıcıl şəkildə gücləndirən qüdrətli dövlətə çevrilib.
Bu gün Azərbaycanın qarşısında yeni imkanlar və böyük hədəflər dayanır. Zəfər və suverenlik son deyil, yeni inkişaf mərhələsinin başlanğıcıdır. İndi əsas məqsədlər sırasında iqtisadi inkişafın daha da sürətləndirilməsi, insan kapitalının gücləndirilməsi, müasir texnologiyaların geniş tətbiqi, innovasiyaların təşviqi, gənclərin potensialından daha səmərəli istifadə olunması və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi xüsusi yer tutur.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın Zəfərdən sonra qarşıya qoyduğu məqsədlərə inamla irəlilədiyini göstərir. İşğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələrinin, yolların, məktəblərin, xəstəxanaların və digər sosial infrastruktur obyektlərinin inşası Böyük Qayıdış prosesinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin bariz nümunəsidir.
Doğma yurdlarına qayıdan insanların sevincini görmək isə Zəfərin ən böyük mənəvi nəticələrindən biridir. Uzun illər məcburi köçkün həyatı yaşayan soydaşlarımızın ata-baba torpaqlarına qayıtması Azərbaycanın tarixində yeni və qürurverici səhifə açır. Bu qayıdış həm də dövlətimizin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğının, milli həmrəyliyin və dövlət-xalq birliyinin parlaq ifadəsidir.
VIII Qurultayda bir daha aydın hiss olunan əsas məqamlardan biri də Azərbaycanın gələcəyinin yalnız əldə olunmuş nailiyyətlərlə deyil, qarşıya qoyulan yeni hədəflərlə müəyyənləşdiyidir. Zəfərlə nəticələnən yol bu gün inkişaf, tərəqqi və daha böyük uğurlar istiqamətində davam edir. Qarşımızda yeni zirvələr, yeni imkanlar və yeni məsuliyyətlər var.
Bu baxımdan Yeni Azərbaycan Partiyasının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Partiyamızın keçdiyi tarixi yol, dövlətçilik prinsiplərinə sadiqliyi, milli həmrəyliyin möhkəmləndirilməsinə verdiyi töhfə və qarşıya qoyduğu yeni məqsədlər Azərbaycanın inkişaf strategiyası ilə sıx bağlıdır. Qurultaylar isə partiyanın keçdiyi yola nəzər salmaqla yanaşı, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi platforma rolunu oynayır.
VIII Qurultayın yaratdığı təəssürat da məhz bu baxımdan olduqca əhəmiyyətlidir. Qurultay yalnız Yeni Azərbaycan Partiyasının növbəti siyasi tədbiri deyil, həm də Zəfərdən sonra Azərbaycanın qədəm qoyduğu yeni tarixi mərhələnin siyasi və ideoloji istiqamətlərini nümayiş etdirən mühüm hadisədir.
Bu möhtəşəm tədbirdə iştirak edərkən bir daha əmin oldum ki, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin təməlində xalqımızın milli iradəsi, həmrəyliyi, dövlətçilik ənənələrinə bağlılığı və güclü liderlik amili dayanır. Qarşıya qoyulan məqsədlərin uğurla həyata keçirilməsi isə hər bir vətəndaşın öz üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməsindən, dövlətimizin inkişafına öz töhfəsini verməsindən keçir.
Bu gün hər birimiz yalnız tarixi hadisələrin şahidi deyil, həm də yeni tarixin formalaşmasında iştirak edən insanlarıq. Dövlətimizin qazandığı nailiyyətləri qorumaq, onların davamlılığını təmin etmək, gənc nəslə milli-mənəvi dəyərləri aşılamaq, dövlətçilik düşüncəsini və vətənpərvərlik ruhunu daha da gücləndirmək qarşıda duran mühüm vəzifələrdəndir.
Azərbaycanın Zəfər yolu artıq yeni mərhələyə qədəm qoyub. Bu yol Zəfərdən suverenliyə, suverenlikdən inkişafa və tərəqqiyə, inkişafdan isə daha böyük uğurlara aparır. Qarşımızda yeni hədəflər, yeni imkanlar və fəth ediləcək yeni zirvələr var.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayından aldığım ən böyük təəssürat məhz budur - güclü liderlik, möhkəm birlik və aydın məqsəd olduqda qarşıda daha böyük zirvələri fəth etmək mümkündür.
Əminəm ki, Azərbaycan xalqının birlik və həmrəyliyi, dövlətimizin qüdrəti və milli iradəsi bundan sonra da bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək. Zəfərlə yazılan tariximiz gələcək uğurlarımız üçün möhkəm təməl yaradıb.
Zəfər bizim qürurumuz, suverenlik ən böyük tarixi nailiyyətimiz, inkişaf və tərəqqi isə qarşıdakı əsas hədəflərimizdir. Bu yol Azərbaycanı daha böyük zirvələrə aparan şərəfli yoldur.
Yeni Azərbaycan Partiyası da bundan sonra dövlətçilik ideyalarının, milli həmrəyliyin və Azərbaycanın davamlı inkişafının təmin olunmasında öz fəal və mühüm rolunu davam etdirəcək.
VIII Qurultay bu baxımdan yalnız partiyanın növbəti qurultayı kimi deyil, Azərbaycanın Zəfərdən sonra keçdiyi yeni tarixi mərhələnin siyasi baxışlarını, dövlətçilik prioritetlərini və gələcək hədəflərini əks etdirən mühüm hadisə kimi yadda qalacaq.
İradə İbrahimova
YAP Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri,
Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı, VIII Qurultayın iştirakçısı