Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisələrdən biri olan Yeni Azərbaycan Partiyasının VIII Qurultayı 2 oktyabr 2026-cı ildə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmişdir. Qurultay Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışı ilə yadda qalmışdır. Dövlətimizin başçısının çıxışı Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna, əldə edilmiş böyük nailiyyətlərə, ölkəmizin hazırkı siyasi və geosiyasi mövqeyinə, eləcə də qarşıdakı dövr üçün müəyyənləşdirilən strateji məqsədlərə geniş baxışın ifadəsi olmuşdur.
Prezident İlham Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı mühüm rolunu xüsusi vurğulamışdır. Qeyd edilmişdir ki, YAP 30 ildən artıq müddətdə ölkənin siyasi həyatında aparıcı qüvvə kimi fəaliyyət göstərmiş, Azərbaycanın inkişafı və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində mühüm xidmətlər göstərmişdir. Partiyanın fəaliyyəti yalnız siyasi proseslərlə məhdudlaşmır, dövlətçilik, milli maraqların qorunması, siyasi sabitliyin və davamlı inkişafın təmin olunması kimi mühüm istiqamətləri də əhatə edir.
VIII Qurultayın ən mühüm xüsusiyyətlərindən biri onun Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi yeni tarixi və geosiyasi şəraitdə keçirilməsidir. Bu, müstəqil Azərbaycan dövlətinin tarixində xüsusi əhəmiyyət daşıyan mərhələdir. 2020-ci il Vətən müharibəsində əldə olunan Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ölkəmizin qarşısında yeni imkanlar və yeni vəzifələr açmışdır.
Dövlətimizin başçısının çıxışında Azərbaycanın bugünkü uğurlarının təsadüfi olmadığı, bu nailiyyətlərin uzun illər ərzində həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsi olduğu diqqətə çatdırılmışdır. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı və Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir tarixinin mühüm dönüş nöqtələri kimi qiymətləndirilir.
1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis qurultayının keçirilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətində mühüm hadisə olmuşdur. Prezident İlham Əliyev çıxışında həmin dövrün çətinliklərinə toxunaraq bildirmişdir ki, xalqın böyük hissəsi ölkənin gələcəyini düşünən, dövlətçilik təcrübəsinə və siyasi iradəyə malik lider ətrafında birləşmişdi. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi baxımından yeni mərhələnin başlanğıcını qoymuşdur.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Bu siyasətin əsas istiqamətlərini dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi inkişafın təmin olunması, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi, ordu quruculuğunun inkişaf etdirilməsi və milli maraqların ardıcıl şəkildə qorunması təşkil etmişdir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər göstərir ki, Azərbaycanın qarşısında duran əsas məqsəd əldə olunmuş tarixi nailiyyətləri qorumaq və ölkənin davamlı inkişafını təmin etməkdir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, əhalinin öz doğma torpaqlarına qayıdışının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalının inkişafı, sosial rifahın yüksəldilməsi və beynəlxalq mövqelərin daha da gücləndirilməsi yeni mərhələnin başlıca istiqamətlərindəndir.
Prezident cənab İlham Əliyevin VIII Qurultaydakı çıxışı həm də gələcəyə hesablanmış mühüm siyasi mesajları özündə əks etdirir. Azərbaycanın qarşısında yeni imkanlarla yanaşı, yeni çağırışların da olduğu diqqətə çatdırılır. Bu çağırışlara cavab vermək üçün siyasi sabitliyin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, iqtisadi gücün artırılması və milli həmrəyliyin daha da gücləndirilməsi mühüm şərtlərdir.
Bu baxımdan Yeni Azərbaycan Partiyasının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Partiyanın çoxsaylı üzvlərinin dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyəti ölkənin inkişaf prosesinə mühüm töhfə verir. YAP-ın qarşısında dayanan əsas vəzifələrdən biri də müasir Azərbaycanın reallıqlarını cəmiyyətə düzgün çatdırmaq, gənc nəslin dövlətçilik ruhunda tərbiyəsinə töhfə vermək və ölkənin gələcək inkişaf hədəflərinin həyata keçirilməsində fəal iştirak etməkdir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın yeni tarixi mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışı Azərbaycanın keçdiyi mürəkkəb və şərəfli yolu, əldə edilmiş tarixi Zəfərləri və qarşıda duran strateji vəzifələri bir daha diqqətə çatdırmışdır.
Bu çıxışın əsas məzmunundan belə nəticəyə gəlmək olar ki, Azərbaycan artıq yeni reallıqlar şəraitində inkişafının növbəti mərhələsinə qədəm qoyur. Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə başa çatan tarixi mərhələ indi daha güclü, müasir, iqtisadi və siyasi baxımdan dayanıqlı Azərbaycanın qurulması mərhələsi ilə davam edir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qarşıya qoyulan məqsədlər ölkəmizin gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi mesajlar kimi yadda qalacaqdır. Azərbaycanın bundan sonrakı uğurları isə milli həmrəylik, dövlətçilik ənənələrinə sadiqlik, davamlı inkişaf və qarşıya qoyulan strateji məqsədlərin ardıcıl şəkildə həyata keçirilməsi ilə bağlı olacaqdır.
Hacı Məmmədov
YAP Kəngərli rayon təşkilatının fəalı